Siyasət 

Heydər Əliyev Tarix yaradaraq tarixləşən şəxsiyyətdir – Aqiyə Naxçıvanlı

“1993-cü ilin birinci yarısında – Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginlik pik həddinə çatmışdı.Ölkə faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Torpaqlarımız itirilir, hərc-mərclik, özbaşınalıq tüğyan edirdi. Belə bir vaxtda  xalqımızın Ulu Öndər Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki anarxiyanın, itaətsizliyin, hərc-mərcliyin, siyasi çəkişmələrin, Gəncədə başlanmış hərbi itatətsizlik fonunda qardaş qırğınının, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız onun müdrik siyasəti ala bilərdi”.

ARANTV.AZ   xəbər verir ki, bu sözləri mətbuata Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləmişdir.

29 il bundan əvvəl baş vermiş hadisələrə münasibət bildirən deputat qeyd etmişdir ki, “Azərbaycanın müstəqilliyi keşməkeşli olmuşdur. Təbiidir ki, müstəqilliyin yolu çətindir, ağrılıdır. Lakin bu yolu keçmək üçün hər bir xalqa müdrik rəhbər, uzaqgörən lider gərəkdir. 1993-cü ildə vəziyyəti düzgün qiymətləndirən xalq Ulu Öndər Heydər Əliyevin Bakıya – ölkə rəhbərliyinə gəlməsini istəyirdi. O zaman hakimiyyətdə olan, əslində isə hakimiyyət rıçaqlarını səriştəsizlikləri üzündən itirən cəbhəçilər belə bu reallıqla barışmağa məcbur idilər. Onlar da vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşıb Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdülər.

Yəni əsil reallıq belə idi. Ölkəyə rəhbərlik edənlər Azərbaycanı saldıqları girdabdan xilas etmək üçün Heydər Əlyevin gəlişini arzulayırdılar. Xalq isə öz sözünü müraciətləri, Naxçıvana yazdıqları məktubları ilə çoxdan demişdi.

1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış edərək dedi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”

Deputat qeyd etmişdir ki, “Ulu Öndərin Ali Sovetin sədri seçilməsindən sonra  ilk gündən parlamentarizm ənənələrinə sadiqlik özünü göstərdi. Hər bir qərarın qəbulunda aşkarlıq prinsipinə  üstünlük verildi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət xalqa olduğu kimi çatdırıldı.İcti mai-siyasi  həyatdakı  gərginlik tədricən aradan qaldırıldı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Lakin məkrli qüvvələr, onların xaricdəki havadarları sabitliyin pozulması üçün cidd-cəhdlə çalışmaqda, separatizm meyillərini körükləməkdə idilər. Gəncədə baş verən hadisələrin yenicə sakitləşdiyi bir zamanda – avqustun 7-də cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olundu. Lakin separatizmin dəstəkçiləri yanılmışdı. Artıq zaman o zaman deyildi. İndi Azərbaycanın uzaqgörən, hadisələrə çevik reaksiya verən müdrik rəhbəri vardı. Elə də oldu. Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis  “Azərbaycan  Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Xalq bu siyasi qiyməti və siyasi iradəni dərhal qiymətləndirdi və tezliklə əhalinin istəyi ilə bu  bədnam iddiaya  son qoyuldu.

Deputat fikirlərinə əlavə edərək qeyd etmişdir ki, – “Cəmi 4 ay Milli Məclisin sədri vəzifəsində olan Ulu Öndər bu müddətdə parlamentin ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclas aparmaq tərzi, hər bir məsələyə reaksiyası, fikirləri ümumiləşdirmək və dəyərləndirmək bacarığı yeni bir məktəbin-parlamentarizm məktəbinin əsasını qoydu.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. Bu da tez bir zamanda öz bəhrəsini verdi. Qısa müddətdə ölkəyə investisiya axını başladı və  bu da həm əhalinin güzaranında, həm də ölkənin iqtisadi cəhətdən möhkəmlənməsində özünü göstərdi.

Demokratik düşüncə və dəyərlərə hər zaman öz sadiqliyini nümayiş etdirən Ulu Öndər: “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” tezisini irəli sürərək bu yolda öz mübarizəsini davam etdirdi. Qısa müddətdə dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu.

Deputat Aqiyə Naxçıvanlı sonda qeyd etmişdir ki, bu gün regionun, dünyanın nüfuzlu bir dövlətinə çevrilmiş bu kiçik ölkə Heydər Əliyevin uğurlu siyasətinin məhsuludur. Məhz, onun sayəsində dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Ulu Öndər ilk gündən etibarən vətəndaş cəmiyyəti quruculuğu və hüquqi dövlət məsələsini daim diqqət mərkəzində saxlayaraq davamlı islahatların reallaşdırılmasını təmin etdi.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalandı, ən çətin məqamlarda xalqla birlikdə oldu. Xalq-Heydər, Heydər-Xalq birliyi belə yarandı. Azərbaycan xalqında möhkəm bir əminlik yarandı ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlət maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.

Xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycanın yeni tarixinin memarı və qurucusu kimi tarixləşdi və xalqın yaddaşında  görkəmli dövlət xadimi kimi əbədiləşdi.

Bu gün Heydər Əliyev siyasi kursunu ölkəmizdə uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda əsaslı islahatlar həyata keçirilir. Digər tərəfdən isə Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbə və ölkənin ərazi bütövlüyünün təmin edilməsilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar Azərbaycanın qarşısında tamamilə yeni, daha geniş iqtisadi inkişaf perspektivləri açır. Heç bir şübhə yoxdur ki, xalqımız Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentin rəhbərliyi altında bu imkanları reallaşdıracaq və Azərbaycan qısa zaman ərzində dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcəkdir.

Daha çox xəbərlər