“Diri Baba”- keçmişin yadigarı, tarixlə gözəlliyin vəhdəti
XV əsrdə tikilmiş, öz memarlıq xüsusiyyətlərinə görə Şirvan-Abşeron memarlıq məktəbinə aid olan Diri Baba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır. Memarlıq obrazının orijinallığı və ətraf aləmlə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Türbə Şirvanşah I İbrahimin əmrinə əsasən tikilmişdir. Türbənin tədqiqatını məşhur alimimiz Məşədixanım Nemətova aparmışdır.
Türbənin yenidən qurulması və bərpa işlərinin başa çatmasından sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də son görülən işlərlə tanış olublar. Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkə başçısı və birinci xanıma türbədə görülən işlər barədə məlumat verdi. Ölkənin şimal-qərb turizm zonasında özünəməxsus yer tutan “Diri Baba” türbəsi hər il çox sayda turist qarşılayır. Türbənin şimal-qərb turizm dəhlizinin əsas və ilk dayanacaq sayılmasında özünəməxsus formada tikilməsinin müstəsna rolu var, türbənin bir hissəsi qaya içərisində yerləşdiyi üçün ümumilikdə Qafqazın ən nadir və orijinallığını qoruyub saxlamış abidələrindən hesab olunur.
İkimərtəbəli türbə, ətrafdakı mağara və kahalar, qəbiristanlıq və qədim türbə qalıqları hamısı birlikdə kompleks əmələ gətirir ki, bu da turistlərin diqqətini cəlb edir. Türbənin ətrafındakı ərazidə olan mağaralar tədqiq olunub və turistlərin ziyarəti üçün təmizlənib. Bundan başqa ətrafda bulaq, qurbangah və söhbətgah tikilib, türbəyə qalxan pilləkənlər təmir olunub və eləcə də ərazidə oturacaqlar qoyulub.
“Diri Baba” türbəsi və bu qəbildən olan digər memarlıq abidələrinin restavrasiyası, qorunması və dünyaya tanıdılması ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısından, təşəbbüslərindən irəli gəlir, biz buna təkcə “Diri Baba”da yox, bütün memarlıq abidələrimizdə şahid oluruq.
Mais Günəşli,
YAP-ın gənc fəalı

