Gündəm 

44 günlük Vətən müharibəsi düşməni təslim olmağa məcbur etdi

Azərbaycan xalqı özünü həm döyüş meydanında, həm siyasi müstəvidə təstiqlədi. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali  Baş Komandanı cənab İlham Əliyevin çağırışına bütün Azərbaycan xalqı ayağa qalxdı. Hamı bir amal uğrunda-haqq uğrunda dəmir yumruq ətrafında sıx birləşdi. Xalqımız 44 günlük Vətən müharibəsində  möhkəm birlik , qətiyyət və iradə nümayiş etdirdi. 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.  Məhz 27 sentyabrda başlanan yol bizi Qələbəyə, azad olunmuş torpaqlara, Şanlı Zəfərə apardı.  Müharibənin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, mənfurları ərazilərimizdən təmizləməyə başlayan rəşadətli ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı bacardı.  Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedib, dayanmadan, durmadan, usanmadan  qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bu şərəfli tarixdir.  Ordumuz bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Şəhidlərimizə rəhmət diləyərək qeyd etməliyik ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Ayşən Qasımzadə,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər