Müstəqilliyimizin keşiyində durmaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir
Bu gün ölkəmiz Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində yetəri qədər güclü və stabil ölkəyə çevrilmişdir. Sirr deyil ki, Azərbaycanın gücü, onun suverenliyi hər nə qədər sarsılmaz olsa da, onun varlığını özləri üçün böyük təhlükə qəbul edən, bununla barışmaq istəməyən qüvvələrin mövcudluğunu da unutmaq olmaz. Bu baxımdan, hər bir azərbaycanlının, hər bir Azərbaycan gəncinin üzərinə böyük vəzifə düşməkdədir. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi “Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər ağır və mürəkkəb bir məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.” Bu gün bölgəmizdə artan gərginliklər fonunda Azərbaycan bütün region dövlətləri və beynəlxalq güclərin maraqları baxımından son dərəcə strateji əhəmiyyət kəsb edir. Bunun üçün mümkün olan bütün vasitələrdən istifadə edərək öz maraqlarını- Azərbaycan dövlətinin və xalqının mənafeyi ziddinə olsa belə-təmin etməyə çalışırlar. Belə bir şəraitdə hər bir azərbaycan vətəndaşından, hər bir azərbaycan gəncindən ayıq-sayıqlıq, dövlətin və xalqın maraqlarının öz şəxsi maraqlarından daha üstün tutulması, fədakarlıq tələb olunur. Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 sentyabr tarixində Füzuli rayonundakı çıxışında da vurğuladığı kimi “Hər birimiz özünə söz verməli, vəd verməliyik ki, biz müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq.” Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri heç bir zaman icazə verməyəcəyik ki, bir daha mənfur düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Biz buna Azərbaycan xalqının tarixinə “ Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində də birdaha şahdilik etdi.
Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdi ki, qəlbimizdə dərin izlər yaratmışdı. Ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurları, əldə etdiyi inkişaf səviyyəsi ilə dünya miqyasında layiqli yerini tutub irəliləməsinə sevinsək də, böyükdən-kiçiyə hər birimizin ürəyində böyük bir nisgil, həsrət yanğısı var idi. Lakin dövlət başçımızın hər dəfə mötəbər tədbirlərdə, eləcə də şəhid ailələri və qazilərlə görüşləri zamanı etdiyi çıxışlarında qətiyyətlə qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini vurğulaması inam hissimizi daha da gücləndirirdi. Bütün bunların məntiqi nəticəsi olaraq öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə 2020-ci ilin Sentyabrın 27-də son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya birdaha nümayiş etdirdi.
Bəli, biz bu gün böyük fəxarət və qürur hissi ilə deyə bilərik ki, məhz dövlət başçısı, ordu və xalqın sarsılmaz birliyi sayəsində əzəli torpaqlarımız erməni işğalından azad olundu, erməni separatçı qüvvələrinin təxribatına cavab olaraq 27 Sentyabrda başlayan Vətən müharibəsi Şanlı Qələbə ilə nəticələndi. Əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan xalqımız qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində tarixi zəfər çaldı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, rəşadətli Milli Ordumuzun cəsarəti, peşəkarlığı sayəsində illərdir həsrətini çəkdiyimiz doğma Qarabağ və onun ətrafındakı ərazilərimiz işğaldan azad olundu. Ötən əsrin sonlarından bu günədək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin qisası alındı. Bu şanlı qələbə ilə erməni faşizminə elə bir dərs verildi ki, onlar bu dərsi heç zaman unutmayacaq. Bütün bunlara rəğmən, xislətinə uyğun olaraq düşmən hələ də məkrli fitnələrindən əl çəkmir, lakin ölkə rəhbərimizin də Anım Günündə Füzuli rayonundan xalqımıza müraciətində qeyd etdiyi kimi, ölkəmizə qarşı, ərazi bütövlüyümüzə qarşı hər hansı təhdid görsək dərhal hərəkətə keçəcəyik. Azərbaycan xalqının əzimini heç kim və heç bir qüvvə sınıdra bilməz.
Azərbaycanın müstəqilliyini qoruyub saxlayan və müasir Azərbaycan dövlətinin memarı olan, Ümummilli Lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti müstəqillik keşikçisi olan hər bir Azərbaycanlı üçün, hər bir gənc üçün məktəb olmalıdır. Çünki bu məktəb səbrin, qətiyyətin, dəmir iradənin, zəkanın məktəbidir. Bu gün Dövlətini və Vətənini sevən hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan gənci, Ulu Öndərin layiqli davamçısı olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməli, ölkənin müstəqilliyinin, suverenliyinin, sabitliyinin keşiyində möhkəm dayanmalıdır. Bunun xaricində olan istənilən yol, tarixin də göstərdiyi kimi, uğursuzluğa məhkumdur.
YAP-ın gənc fəalı,
Rəsul Səlimzadə

