Gündəm 

Vətən sevgisi ilə yazılan qəhrəmanlıq salnaməsi

2020-ci il dünyada bir çox problemlərin yaşandığı il kimi yadda qalmışdır. Lakin Azərbaycanda həmin il uzun sürən bir münaqişənin qələbə ilə son qoyulduğu tarixdir. Beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri problemə düzgün siyasi addımın və Müzəffər Ordumuzun sayəsində 44 gündə son qoyuldu.

1988-ci ildən ermənilər əsassız şəkildə Azərbaycanın qədim torpaqlarına qarşı ərazi iddiası irəli sürdülər. Onlar bu həmləyə illərlə hazırlaşmış, məkirli niyyətlərini həyata keçirmək üçün sanki pusquda durmuşdular. Müstəqilliyini yeni əldə etmiş Azərbaycan dövlət kimi güclənməyə, formalaşmağa çalışırdı. Siyasi səbatsızlıqdan və ilk illərdə bir çox sahələrlə yanaşı, hərbi istiqamətdə də vəziyyətin düzgün idarə olunmaması itkilərlə, faciələrlə nəticələndi.

Münaqişə zamanı Azərbaycan torpaqlarının iyirmi faizi düşmən tapdağı altında qalmış və bir milyon vətandaşımız dədə-baba yurdlarından didərgin salınmışdır. Azərbaycan hər zaman bu münaqişənin müharibə yolu ilə deyil, danışıqlıqlarla həll olunması mövqeyini nümayş etdirmişdir. Lakin illərlə müxtəlif beynəlxalq tədbirlərdə bu məsələnin müzakirə olunmasına, nümayəndələrin zəbt edilmiş ərazilərə baxış keçirmələrinə baxmayaraq, hər hansı irəliləyiş baş verməmişdir.

2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixi üçün həlledici gün kimi yadda qaldı. Həmin gün xalq öz birliyini dünyaya bir daha nümayiş etdirdi. Uşaqdan böyüyə hər kəs ön cəbhədə Vətənin bütövlüyü, ədalətin bərpası, otuz ilə yaxın vətəndaşlarımızın başına gətirilmiş faciələrin cəzasızlığına son qoymaq üçün canından keçməyə hazır fədakar Azərbaycan Ordusunun mənən yanında olduğunu göstərdi. Bu birlik ordumuzu daha da gücləndirdi və hərb təcrübəsində heyrətlə qarşılanan planların uğurla icrasına gətirib çıxardı. Azərbaycan Ordusu, qeyrətli oğullarımız şücaəti, əzmi, fədakarlığı, ən əsası Vətən sevgisilə dünyaya özünü sübut etdi, qəhrəmanlıq salnaməsini yazdılar.

Təəssüf ki, hər müharibədə olduğu kimi, Azərbaycanın Qarabağ torpaqları uğurunda 44 gün sürən Vətən müharibəsi də itkilərsiz ötüşmədi. Həmin müharibədə üç minə yaxın şəhid verdik. Bu minlərlə valideyinin övladını, uşaqların atalarını, ailələrin başçılarını, insanların doğmalarını itirməyi deməkdir. Biz bu gün qələbəmizi, xaricdə qalib ölkə kimi qürurumuzu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasətə və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

Daha çox xəbərlər