Gedin deyin Paşinyana…
2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza atmağa məcbur olan Nikol Paşinyan nala-mıxa vura-vura deyirdi ki, Qarabağ bizlik deyil, biz yalnız orada yaşayan ermənilərin hüquqlarını müdafiə edə bilərik. Bu yaxınlarda isə meydana çıxıb öz həyasız ermənilərinə açıq mətnlə söylədi ki, nahaq zəhmət çəkməyin, Qarabağ Azərbaycanındır. Bunu gözləməyən araqarışdıran dəccallar ölkədə qar-qur salmağa başlayıblar. “Düz deyir” deyənlərlə bərabər, “qələt eləyir” deyənlər də var. Bəziləri də orta mövqe tutublar, yəni, nə ondandılar, nə bundan. Son günlər Ermənistan parlamentinin bəzi üzvləri ölkədə gedən proseslərlə bağlı açıqlamalar verirlər.
“Ermənistan rəhbərliyinin sülh gündəmində və planında Qarabağ məsələsi yoxdur”.
Bu sözləri Ermənistan parlamentinin deputatı Madax Akopyan deyib.“ Hələ bir neçə ay əvvəldən rəsmilər tərəfindən verilən bəyanatlardan və ictimaiyyət qarşısındakı çıxışlarından belə nəticəyə gəlinir ki, Ermənistan rəhbərliyi Qarabağ məsələsini əlindən buraxıb. İndi bu barədə hakimiyyət təmsilçilərindən açıq bəyanatlar verilir”, – deputat bildirib.
Madax Akopyan vurğulayıb ki, 10 noyabr üçtərəfli Bəyanatını imzalamaqla Ermənistan hakimiyyəti faktiki olaraq Qarabağ məsələsindən imtina edib: “Təbii ki, bunun davamı olmalı idi. İki il ərzində əvvəlcə birbaşa eyhamlarla, sonra daha açıq şəkildə Ermənistan başçısı Nikol Paşinyan möhürünü vuraraq dedi ki, Ermənistanın 29,8 min kvadrat kilometrlik ərazisi üçün mübarizə aparırlar. Bununla sübut etdi ki, Qarabağ onların planlarında yoxdur.”
Madax axçi ki, Nikol Paşinyan hələ hakimiyyətə gəlməzdən əvvəl Qarabağın onlara aid olmadığını və onun öz sahibinə qaytarılmalı olduğunu bildirmişdi.
Deputatın sözlərinə görə, Paşinyan addım-addım Qarabağı ermənilərin yaddaşından uzaqlaşdırmağa çalışır: “Çıxışları ictimaiyyəti buna hazırlaşdırmaq məqsədi daşıyırdı ki, Praqada baş tutan görüşlərin nəticələri insanlar üçün bu qədər gözlənilməz olmasın. O, nə etdiyini yaxşı bilir”.
Son günlər sülh danışıqlarının dondurulmuş nöqtədən çıxarılması və irəliləməsi açıq görünür. Hətta söhbət o yerə çatıb ki, ikitərəfli təmasların keçirilməsinin vacibliyi də qeyd edilib. Əlbəttə, bütün müharibələrin sonu sülhlə, barışıqla nəticələnir. Biz qonşuyuq və barışmağa məhkumuq. Həmişə olduğu kimi, indi də ölkəmiz sülhməramlı olduğunu bir daha nümayiş etdirməyə hazırdır. Soydaşlarımız isə barışın möhkəm və əbədi olmasını sadə siyasi lirika ilə belə arzulayır: Gedin deyin Paşinyana, getməsin daha Şuşaya…
Azərbaycan dəfələrlə həm Ermənistan əhalisi, həm də Qarabağdakı 25 min nəfərlik erməni icması ilə “qeyri-formal təmaslar”dan qaçmadığını elan edib. Bu cür təmaslar haqqında əvvəllər də danışılırdı. Hətta bir neçə dəfə jurnalistlərimizdən və deputatlarımızdan ibarət heyətlərimiz İrəvanda səfərdə olublar. Bəs nədir “qeyri-formal təmas?”
Formal – rəsmi, qanuni formadır, qeyri-formal – qeyri-rəsmi, tərəflərin heç bir statusunun olmamasıdır. Bu, Qarabağdakı erməni icmasının Azərbaycana inteqrasiyası yoludur. Əlbəttə ki, qeyri-rəsmi təmaslarsız Azərbaycan dövləti öz erməni əhalisi ilə heç cür anlaşa bilməz. Bu, təmaslar zəruridir, vacibdir.
Təbii ki, bizə qarşı vuruşanlara, hərbi cinayətlərdə iştirak edənlərə, günahsız soydaşlarımızın qanını tökənlərə əl uzadıb barışa bilmərik. Azərbaycan vətəndaşı olan və cinayətlərdə iştirak edən həmin şəxslər qanunlarımız qarşısında cavab verməlidirlər. Ancaq sadə erməni toplumu ilə təmasda olmağa razıyıq. Otuz dörd ildən bəri davam edən narahatlıqlar aradan qaldırılmalı, cəmiyyətlər dərindən nəfəs almalıdır. Silah-sursata xərclənən böyük məbləğdə pullar ölkələrin inkişafına, insanların rifahlarının daha da yaxşılaşdırılmasına yönələrsə, bu, hamımıza sərf edər. Lənət şərə!

