Əsas səhifə 

«Qafqazın Xirosiması», «Ruhlar şəhəri» «ağıllı şəhər» kimi tanınacaq

Dövlət başçısı İlham Əliyev ötən il Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində bu çağırışı səsləndirdi ki, biz elə bir şəhər, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq

«Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq» söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfərləri ilə Böyük Qayıdışın prioritetliyini, ən əsası bu torpaqların dağıntı mərhələsindən quruculuq dövrünə qədəm qoymasında nə qədər maraqlı olduğumuzu nümayiş etdirdi. Ən əsası «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrası işğaldan azad edilmiş ərazilərimiz ən müasir, yeniliklərə cavab verən məkana çevirir.

Ağalı kəndi ilk «ağıllı kənd» oldu. «Qafqazın Xirosiması», «Ruhlar şəhəri» Ağdam artıq dünya şəhərinə çevrilir. Onu da qeyd edək ki, azad olunmuş torpaqlarda birinci Baş plan Ağdam şəhəri üçün hazırlanaraq təqdim edildi. Ondan sonra Qarbağın tacı Şuşanın Baş planı hazırlandı. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərinə diqqət yetirdikdə Ağdam və Şuşa şəhərlərinə səfərlərin say tərkibi genişliyi ilə diqqət çəkir. Bunun üçün ölkə Prezidentinin hər səfər çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayına diqqət yetirmək kifayətdir. Diqqət çəkən məqamlardan biri budur ki, təməli qoyulan sosial obyektlərin açılışı çox böyük vaxtı əhatə etmir. Təbii ki, bu kimi mühüm məqamlar ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Gələcəkdə Ağdamda iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyulub. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu . Eyni zamanda, dövlət başçısı İlham Əliyevin göstərişi ilə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilib. Ağdamda tikilən İşğal muzeyi və Zəfər muzeyinin möhtəşəmliyini təmin etmək üçün mühüm addımlar atılır. Ağdam şəhərində 125 hektarlıq böyük bir meşə zolağı olacaq. Süni göl yaradılacaq. Şəhərin müasir standartlara, tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Ümumilikdə işğaldan azad edilmiş bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. «Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq» söyləyən dövlət başçısı İlham Əliyev ötən il Ağdam ictimaiyyəti nümayəndələri ilə görüşündə bu fikri də böyük qürur hissi ilə qeyd etmişdir ki, sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik: «Mən bu 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.»

Bu gün azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri harada yaşamasından asılı olmayaraq hər kəsi qürurlandırır. «Qafqazın Xirosiması»nın bugünkü inkişaf dövrü bura gələn bütün qonaqları heyrətləndirir. Çünki ermənilərin 30 ildə bu şəhərdə hansı dağıntıları həyata keçirdiklərini, bütün tikililəri yerlə-yeksan etdiklərini hər kəs görür. Ağdamın 30 illik erməni işğalından sonra şəhərdə yeganə dağılmayan tikili məscid idi. O da yalnız hərbi məqsədlər üçün istifadə edildiyinə görə qalıb. Digər işğaldan azad edilmiş ərazilərimiz kimi, Ağdam da erməni vəhşiliklərinin şahididir. Bildiyimiz kimi, Ağdam, Kəlbəcər və Laçın 10 noyabr 2020-ci il tarixli Bəyanatın şərtlərinə uyğun olaraq müharibəsiz, qan tökülmədən azad edilib. Torpaqlarımız tarixi sahiblərinə qovuşduqları, müasir dövrün tələbləri əsasında bərpa olunduqları, sakinlərini qarşılamağa hazırlaşdıqları üçün xoşbəxtdirlər. Onu da qeyd edək ki, Azərbaycan Hökuməti 2026-cı ilin sonuna kimi 10 min Ağdam sakinini şəhərə qaytarmağı, sonrakı illərdə isə bu rəqəmi 100 minə çatdırmağı qarşısına məqsəd qoyub. Bunun üçün şəhərin müxtəlif yerlərində yeni yaşayış məhəllələrinin tikintisinə başlanılıb. Ağdamda yaradılması nəzərdə tutulan Qarabağ Universiteti ilə şəhər təhsil mərkəzinə çevrilməlidir. Təxminən 2 min hektar ərazini tutacaq yeni Ağdamın tikintisində azərbaycanlı inşaatçılarla yanaşı, ABŞ, Kanada, Hollandiya, Türkiyə və digər ölkələrin şirkətləri də iştirak edir.

Ağdam şəhərinin timsalında işğaldan azad edilmiş bütün şəhərlərimizin bərpa səviyyəsi barədə aydın təsəvvür yaranır. Dünya görülən işlərin fonunda bu həqiqəti görür ki, torpaqların sahibi Azərbaycan xalqıdır. 30 ildə daşı daş üstə qoymayan, əksinə tikililəri belə yerlə-yeksan edən ermənilər nə qədər vəhşi millət olduqlarını təsdiqləyirlər. Dünyanın bu reallıqları görməzdən gəlməsi mümkünsüzdür. Azərbaycan dövləti bərpa-quruculuq işləri aparmaqla yanaşı, Ağdam, Şuşa və Füzuli şəhərlərinə avtobus reyslərini təşkil edir. Eyni zamanda, Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açılıb. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Bu addımların hər birində məqsəd tarixi Zəfərimizi , eyni zamanda, bu bölgələrə səfərlərin təşkili əsasında erməni vəhşiliklərini dünyaya çatdırmaqdır. Bu gün nəinki tarixi Zəfərimizin, eyni zamanda, onun yaratdığı reallıqların qürurunu yaşayırıq.

Daha çox xəbərlər