Gündəm 

İrəvanda hal qalmadı…

KTMT-nin Ermənistan sammitində Azərbaycana açıq simpatiyası erməniləri hiddətləndirib

Noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən növbəti sammiti bir çox məsələlərə aydınlıq gətirdi. Müzakirələrin ümumi nəticəsi olaraq bir daha məlum oldu ki, Ermənistan KTMT-dən umduğu hərbi -siyasi dəstəyi bu dəfə də ala bilmədi. Belə ki, baş nazir Nikol Paşinyan KTMT-yə üzv ölkələrin liderləri qarşısında çıxış edərkən növbəti dəfə avanüristcəsinə «Azərbaycanın hərbi təcavüzündən» şikayətləndi. Xüsusilə o, KTMT-nin Ermənistanı Azərbaycanın hərbi təzyiqlərindən qoruya bilmədiyini bildirdi və hətta təşkilatı birbaşa Azərbaycana münasibətdə konkret mövqe ortaya qoya bilməməkdə qınadı.

Amma onun Azərbaycana qarşı ittihamlarına sammit iştirakçılarının reaksiyası İrəvanın ümidlərini puç etdi. Çünki erməni baş nazir Azərbaycandan şikayətlənərkən, KTMT-yə üzv dövlətlərin digər liderləri onu demək olar ki, dinləmirdilər.Toplantıdan yayılan videogörüntülərdə Nikol Paşinyan danışarkən digər dövlət başçılarının hərəsinin müxtəlif işlərlə məşğul olduğu açıq-aşkar nəzərə çarpırdı. Paşinyan Sammitdə gileylənib ki, Ermənistanın bu quruma üzv olması Azərbaycanı «hərbi təcavüz»dən çəkindirməyib : «Mən bunu Ermənistanın KTMT-yə sədrliyi dövründə əsas uğursuzluq kimi dəyərləndirirəm.» Bu populist və boşboğaz baş nazir hələ də anlamır ki, 44 günlük müharibədə və ondan sonrakı dövrlərdə Azərbaycan savaşı yalnız öz ərazilərində apararaq işğaldakı torpaqlarını azad edib.

KTMT-yə üzv ölkələrin liderləri erməni baş nazirin dediklərinə elə bir ciddi əhəmiyyət verməsələr də, belə anlaşılır ki, rəsmi İrəvan bu hərbi-siyasi qurumu Azərbaycanla münaqişəyə cəlb etmək üçün çalışırmış. Rəsmi İrəvan ümid bəsləyirmiş ki, əgər Ermənistan KTMT-yə sədrlik edirsə, deməli, bu qurumu Azərbaycanla hərbi-siyasi qarşıdurmaya sövq etmək imkanlarına malikdir. Halbuki erməni baş nazir də rəsmi İrəvanın bu niyyətinin boşa çıxdığını, iflasa uğradığını etiraf etmək məcburiyyətində qalıb.

Məsələ ondadır ki, KTMT-nin bundan öncə onlayn formatda keçirilən sammitində də Ermənistanın Azərbaycana qarşı ittihamları digər ölkələr tərəfindən dəstəklənməmişdi. Əksinə, KTMT üzvləri Azərbaycanla yaxın münasibətlərinin olduğunu açıq şəkildə bildirmişdilər. Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyanın Azərbaycana qarşı ittihamlarına sərt reaksiya da vermişdi ki, nəticədə o, ermənilərin dostu olmayan dövlət başçısı kimi antitəbliğat kampaniyasına məruz qalmışdı.

Ermənistan bu gün konkret və aydın siyasi xətti olmayan bir ölkədir. Bu gün işğalçı ölkədə rusiyapərəstlərlə, qərbpərəstlərin mübarizəsi pik həddinə çatıb. Əslində, Nikol Paşinyan özü də Qərbə meyillənən bir erməni lideridir. Lakin Rusiya qorxusu və qətiyyətsizliyi onun real addımlar atmasına imkan vermir. Paşinyan rusiyameyilli qüvvələrin onu devirəcəyindən qorxur. Ona görə də hələlik xarici siyasətdə Rusiyaya meyilliliyini zahirən də olsa qoruyub saxlayır.

Burada aydın görünən odur ki, Qərb Cənubi Qafqazda Rusiyanın yeganə vassalı olan Ermənistanı onun təsir dairəsindən çıxarmağa çalışır. Lakin Paşinyan hakimiyyəti öz xarici siyasətində qətiyyətli olmadığından Qərbin ümidlərini puça çıxarmaqda da davam edir. Ermənistanı Qərbə təslim etmək istəməyən Rusiya isə hər vəchlə Nikol Paşinyanın xaltasını öz əlində saxlamağa çalışır.

Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistan KTMT-yə üzv ölkələr üçün əhəmiyyətsiz bir dövlətdir. Əvəzində Azərbaycanın həmin ölkələrin bir çoxu ilə siyasi və mədəni əlaqələri daha genişdir və onlar heç vaxt Ermənistan təhriki ilə Azərbaycana qarşı çıxmazlar. Bu isə Ermənistan üçün ciddi hərbi-siyasi uğursuzluq faktıdır. Əslində ermənilər bu Sammitdəki antiErmənistan aurasını müttəfiqlərindən onlara vurulan yumşaq şillə kimi də dəyərləndirirlər. Hətta KTMT-yə üzv dövlətlərin bir çoxunun Azərbaycana simpatiyası erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb.

Daha çox xəbərlər