Təhsil həyatın özüdür
Azərbaycan təhsili gəncləri şəxsiyyət kimi formalaşdıra bilirmi?
2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4,4 milyard manat nəzərdə tutulur. Bu, «Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında» qanun layihəsində əksini tapıb. Sənəddə bildirilib ki, bu göstərici 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Məqsəd gələn il dövlət sifariş ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılmasını və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının təmin edilməsinə xidmət edəcək, Eyni zamanda, sözügedən artım ali təhsilin əhatə dairəsinin genişləndirilməsini, daha çox tələbə kreditinin verilməsini, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanmasını şərtləndirəcək.
Azərbaycan dövlətinin təhsilə önəm verməsi faktı bir daha təsdiq edir ki, müasir dünyəvi inkişafın və qlobal tərəqqinin yolu məhz elm və təhsilin keyfiyyətinin davamlı artırılmasından keçir. Təcrübə göstərir ki, təbii ehtiyatların bolluğu heç də dövlətin zənginliyinin əsas göstəricisi hesab edilmir. Əvəzində həmin ehtiyatları insan kapitalına çevirməyi bacaran ölkələr güclü və diktə edən tərəf olur. Məhz insan kapitalının formalaşmasına, elm və təhsilin cəmiyyətimizin mühüm məşğulluq növünə çevrilməsi amilini vaxtında dəyərləndirən Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanda təhsilin inkişafı üçün çoxsaylı qlobal əhəmiyyətli proqram-layihələrə imza atıb. Son 10 ildə 2800-dən çox yeni məktəb tikilərək 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb. 2021-2022-ci tədris ilində isə 22 məktəb tikinti və əsaslı təmir işlərindən sonra təhvil verilib.
Təhsillə bağlı Dövlət proqramlarının uğurlu icrası artıq öz səmərəli nəticələrini göstərmişdir. Belə ki, 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 20 şagirdə bir kompüter düşür. Məktəblərin 85 faizindən çoxu internet şəbəkəsinə qoşulmuşdur. Təhsil ocaqlarının maddi-texniki bazasının yüksəldilməsi ilə bərabər, onun keyfiyyətinin artırılması, məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəldilməsi ön plana keçmişdir.
Çağdaş dünyamız bir rəqabət dünyasıdır. Bugünkü Azərbaycan gənclərinin gələcək rəqibləri hazırda Avropada, Asiyada, Amerika qitələrində böyüyürlər. Deməli, bizim təhsil sistemimiz çevik və daim öyrənmək imkanlarına malik kadrları formalaşdırmağı bacarmalıdır ki, rəqiblərinə bu sahədə uduzmasın. Buna görə də ölkəmizdə ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində də bir sıra islahatların aparılması zəruridir və aparılır da… Amerikalı filosof, psixoloq və təhsil reformatoru Con Dyuinin dediyi kimi, təhsil həyata hazırlıq deyil; təhsil həyatın özüdür.
Təhsilin inkişafına, onun maddi-texniki bazasının zənginləşdirilməsinə Heydər Əliyev Fondunun da xüsusi dəstəyi var. Belə ki, Fondun təşəbbüsü ilə həyata keçirilən və böyük ictimai dəstək qazanan «Yeniləşən Azərbaycana- yeni məktəb» layihəsi hesabına ölkəmizdə təhsilin inkişafı ictimai hərəkata çevrilmişdir. Fond məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, hər cür ləvazimatlarla təmin olunmasında, şagirdlərin təhsilə həvəsinin artırılması üçün motivasiyaedici tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Fondun təşəbbüsü ilə son illərdə 200-dən çox yeni məktəb binası tikilmiş, 60-dan çox məktəb əsaslı təmir olunaraq müasir avadanlıqla təmin edilmişdir. Ötən illər ərzində Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti üçün yeni korpusların inşasına, Bakı Musiqi Akademiyası və bir sıra universitetlərin əsaslı təmirinə, qəzalı məktəblərin bərpasına Prezidentin Ehtiyat Fondundan on milyonlarla manat vəsaitin ayrılması da bu sahəyə xüsusi diqqətin göstəricisidir. Eyni zamanda, ali təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artmaqdadır. Əgər 2003-cü ildə Azərbaycanın ali məktəblərində 28 ölkədən 1850 nəfər təhsil alırdısa, bu gün bu rəqəm 8 mindən çoxdur.
Həm məzmun, həm də poliqrafiya cəhətdən müasir tələblərə cavab verən yeni nəsil dərsliklərin hazırlanması və bütün şagirdlərə pulsuz çatdırılması da təhsildəki son illərin ən uğurlu nəticələrindən biridir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə tədrisin keyfiyyəti ilə bərabər, şagirdlərin davranış və geyimlərinin də müasirləşməsi ön plana çəkildi. Belə ki, ölkə başçısının tapşırığına uyğun olaraq bir neçə ildir ki, artıq respublikanın ümumtəhsil məktəblərində məktəbli formasının tətbiqinə başlanmışdır. İctimaiyyətin rəğbətlə qarşıladığı bu tədbir şagirdlərin tərbiyəsinə, təlimin keyfiyyətinə, cəmiyyətdə məktəbin nüfuzuna müsbət təsir etmişdir.
Bütün bunlara rəğmən deyə bilərik ki, məktəblərimizdə bilikli və savadlı gənclər yetişdirilir. Bəs gənclərin şəxsiyyət kimi formalaşması məsələsi həll edilirmi? Öncə qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində göstərdikləri vətənpərvərlik və qəhrəmanlıqlara, hətta döyüşlərdə hərbçi şərəfini qorumaq kimi ali dəyərləri nümayiş etdiklərinə görə Azərbaycan gəncləri dünyaya bir örnək kimi göstərildi. Bu, Azərbaycan dövlətinin və xalqının ən böyük sərvəti idi. Məhz Ali Baş Komandan İlham Əliyev 2 fevral 2022-ci ildə Gənclər Günü münasibəti ilə gənclərlə görüşü zamanı bu barədə deyib: «Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.»
Məlumdur ki, şagird və tələbələrin savadlı, səriştəli və şəxsiyyət kimi formalaşması müəllimin peşəkarlığından, tədris təcrübəsindən və yüksək biliyə malik olmasından asılıdır. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Belə ki, müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmişdir. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşmış, 20 mindən çox gənc müəllim işə qəbul olunmuşdur.