Göz bəbəyi kimi qorumalıyıq…
Qəlbimizin aynası olan gözlər insan orqanizmində önəmli orqanlardan biridir. Müasir dövrdə yeni texnologiyalardan ifrat dərəcədə istifadə olunması isə gözlə bağlı şikayətlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Sosial təcrid, onlayn dərslər və onlayn iş rejimi pandemiyadan əvvəlki dövrlə müqayisədə insanları ekran, mobil telefonlar qarşısında daha çox vaxt keçirmək məcburiyyətində qoyub. İnsanların əksəriyyəti vaxtlarının çoxunu evdə keçirir, çox nadir hallarda açıq havaya çıxa bilirlər. Nəticədə insanın gözü yaxınlıqdakı əşyalara baxmağa alışır və uzağa baxmağın faydası arxa plana keçir. Göz həkimləri kompyuterdən istifadəni göz xəstəliklərinin birinci səbəbi kimi göstərir.
Bəs, mütəxəssislər gözlərimizin sağlamlığını qorumaq üçün hansı mühüm məqamlara diqqət etməyi zəruri hesab edirlər?
Yazgül Abdıyeva: Televizor, kompyuter, planşet və telefonlardan normadan çox istifadə göz xəstəlikləri ilə yanaşı, sinir sistemi xəstəliklərinin fəsadlaşmasına səbəb ola bilər
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “İki sahil”ə açıqlamasında bildirdi ki, təəssüflər olsun ki, bəzi analar öz rahatlıqları üçün uşaqların saatlarla telefon, planşet, kompyuterdən istifadəsinə, televizor qarşısında oturmasına şərait yaradırlar. Ümumiyyətlə, 2 yaşadək uşaqlara texnoloji vasitələrdən istifadə etmək məsləhət deyil. Uzun müddət texnoloji vasitələrdən istifadə uşaqlarda quru göz sindromu və refraksiya patologiyasının əmələ gəlməsinə, həmçinin davranış pozulmalarına səbəb ola bilər. Böyük uşaqlarda isə nəinki göz xəstəlikləri yarana, sinir sisteminin patologiyaları, skolioz, autizmə meyillilik əmələ gələ bilər. Kompyuterlə gün ərzində 4-6 saatdan çox təmasda olmaq gözlər üçün zərərlidir. Kompyuterlə uzun müddət işlədikdə gözlər bir nöqtəyə zillənib qalır, tənbəlləşir, daha az qırpılır. Bu da gözləri qurudur. Qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaranır.
Həmsöhbətimiz qeyd etdi ki, gənclərin əyləncə məqsədilə mobil telefonlardan və kompyuterlərdən istifadəsi təhlükəli həddə çatıb: “Yeniyetmələrin və gənclərin onlayn oyunlardan, sosial şəbəkələrdən asılı qalması göz xəstəliklərinin artmasına zəmin yaradır. Bəzən məktəb yaşlı uşaqlar uzun müddət planşetlərdə onlayn oyunlar oynayırlar. Gənclər gecə saatlarınadək yuxusuz qalaraq mobil tətbiqdən istifadə edərək sosial şəbəkələrdən asılı qalırlar. Bütün bunlar gözün yorulmasına, göz xəstəliklərinin çox erkən üzə çıxmasına gətirib çıxardır. Bizim valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, uşaqları və gəncləri kompyuter və planşetlərdən tamamilə təcrid edə bilməsələr də, ən azından rejim tətbiq etsinlər. Uşaqlarının uzun müddət kompyuterdə onlayn oyunlar oynamasına, planşet və mobil telefon üzərindən sosial şəbəkələrə qoşulmasına nəzarət etsinlər. 3-4 yaşlı uşaqlar gün ərzində təxminən 25, 5-6 yaşlı uşaqlar 30, 7-8 yaşlı uşaqlar isə maksimum 40 dəqiqə telefon, planşet, kompyuterdən istifadə edə bilərlər. Böyük uşaqların isə həmin texnoloji vasitələrdən gün ərzində 1.5-2 saat istifadəsi mümkündür.”
Kompyuterdən 20 dəqiqə istifadə etdikdən sonra 15-20 saniyə gözləri bağlamaq, istirahət etmək, uzağa baxmaq onları qoruyur
Mütəxəssis tövsiyə etdi ki, kompyuter qarşısında olduqda həkim məsləhəti ilə eynək və göz damcılarından istifadə etmək lazımdır: “Kompyuterdən 20 dəqiqə istifadə etdikdən sonra 15-20 saniyə gözləri bağlamaq, istirahət etmək, uzağa baxmaq onları qoruyur. Şüurlu şəkildə tez-tez gözləri qırpmaq lazımdır ki, buynuz qişa qurumasın və gözlərdə tənbəllik simptomları yaranmasın. Monitorun ekranı çox parlaq və tünd olmamalıdır. Çünki bu zaman gözlər çox yorulur. Monitorun pəncərə işığına tərəf olması tövsiyə edilmir. Monitor işıq və pəncərədən uzaq olmalı, əks görünüş verməyən ekranlardan istifadə edilməlidir. Kompyuterlərdən uzun müddət istifadə kompyuter görmə sindromu və ya gözlərin yorğunluq sindromu adlanır. Televizora baxarkən aradakı 2 metr məsafə qorunmalı, kompyuterdən istifadə zamanı 50-70 santimetr məsafə saxlanılmalıdır.”
Kitabla gözlər arasında məsafə 35-40 santimetr olmalıdır
Həmsöhbətimiz onu da vurğuladı ki, göz xəstəliklərinin profilaktikası üçün ilkin olaraq qidalanmanı düzgün seçmək lazımdır. Bununla yanaşı, zərərli vərdişlərdən kənar olmaq məsləhət görülür. Xüsusilə tütün gözün selikli qişasına mənfi təsir edir. Bu, həm iltihabi prosesin əmələ gəlməsinə, həm də görmə sinirinin intoksikasiyasına səbəb olur. Alkoqollu içkilər gözün sinir hüceyrələrinə və beyin toxumasına öldürücü təsir göstərir. Metil spirti tərkibli içkilər korluğa da səbəb ola bilər. Bununla yanaşı, stulda oturub kitab oxuyan uşaq belini dik tutmalıdır. Kitabla gözlər arasında məsafə 35-40 santimetr olmalıdır. Yemək yeyərkən, uzanmış vəziyyətdə, nəqliyyat vasitəsində olarkən kitab oxumaq məsləhət görülmür. Ümumiyyətlə, uşaqların sağlamlığı üçün profilaktik tədbirlər görülməlidir. Çünki bir sıra xəstəliklər gözlərdə fəsad yaradır. Revmatizm, brusellyoz, şəkərli diabet, birləşdirici toxumanın sistem xəstəlikləri, revmatoid-artrit, infeksion xəstəliklər, vitamin və mineral çatışmazlıqları gözlərə təsirsiz ötüşmür. Orqanizmi qorumaq üçün düzgün qidalanma və həyat tərzi, idman, açıq havada olmaq məsləhət görülür. Göz xəstəliklərinin profilaktikası üçün ildə minimum iki dəfə, yəni altı aydan bir gözlər mütəxəssis tərəfindən müayinə olunmalıdır.
Oftalmoloq: Qaranlıqda mavi ekrana baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur…
Oftalmoloq Aygün Şirinova “İki sahil”ə açıqlamasında qeyd etdi ki, insanlar arasında göz xəstəliklərinin çoxalmasının müəyyən səbəblərindən biri də televizor, kompyuter və mobil telefonlardan istifadədir. Ekranlardakı yüksək mavi işıq faizi bioritmimizi düzənləyən melatonin hormonunun ifrazını əngəlləyir. Nəticədə göz əzələlərinin və sinirlərinin daha çox işləməsi, göz yorğunluğu, göz qapaqlarının gec-gec qırpılması nəticəsində quru göz sindromu yaranır.
Müsahibimiz vurğuladı ki, görmə qabiliyyətinin zəifləməsi, göz qapaqlarının qızarması, gözdə ağrı, qaṣınma göz xəstəliyinin əlamətləridir. Ən çox rast gəldiyimiz göz xəstəliklərdən biri də quru göz sindromudur. Bu sindromun əsas əlamətləri yanma, qıcıqlanma, yad cisim hissiyyatı, işığa həssaslıq, görmənin bulanıq olmasıdır. Xüsusilə də qaranlıqda televizora, telefona baxmaq daha təhlükəlidir. Bu, göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur, göz sinirini gərginləşdirir, baş ağrısı yaradır.
Mütəxəssis bildirdi ki, qida rasionuna göz dibi hüceyrələrinin normal qidalanması üçün lazım olan qidalar daxil edilməlidir. Bura balıq, qırmızı, sarı, narıncı rəngli meyvə tərəvəz, giləmeyvələr aiddir. Bununla yanaşı, təmiz hava almaq lazımdır, nəmləndirici damlalardan istifadə edilməlidir.
Oftalmoloq diqqətə çatdırdı ki, bir sıra göz problemləri hər hansı şikayət olmadan inkişaf edə bilir. Ona görə də gözlərin vaxtında müayinə və müalicəsi vacibdir. Bu olunmadıqda həll olunması çətin problemlərə yol açır. Buna görə də gözlərimizi göz bəbəyimiz kimi qorumalıyıq.