Gündəm 

Tarixin qara səhifəsi: Zəngəzur necə parçalandı?

Azərbaycan torpaqları zaman-zaman hissə-hissə qoparılıb havadarları tərəfindən Ermənistana verilib. Heç kimə sirr deyil ki, bugünkü Ermənistan dövlətinin ərazisi qədim Azərbaycan torpaqları olub. Tarixi sənədlər, xüsusilə XX yüzilliyin əvvəllərinə aid xəritələrdə qeyd olunan yer adları bir daha sübut edir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır və bu yurd yerlərində qədimdən azərbaycanlılar yaşayıb. Belə yurd yerlərimizdən biri də Qərbi Zəngəzurdur.

Bəs necə oldu ki, Zəngəzur Ermənistana verildi? 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni silahlı dəstələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Həmin il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olunsa da, bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KbP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi- əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-in tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

1920-ci il noyabrın 16-da İ.V.Stalin Vladiqafqazdan V.İ.Leninə göndərdiyi şifrəli teleqramda yazırdı: “Təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə, indi İranda yeganə real hakimiyyət İngiltərədədir. Belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaqdır. Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasına vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasında ərazi qərbdən olan hücumların qorunması üçün münasib deyildir. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın arxasında qərar tutar. Burjua Gürcüstanı mövcud olduqca bu təhlükə bütün təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Ona görə də biz Gürcüstana qarşı daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün indi Gürcüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tiflisə doğru hərəkət etdirmək lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əksinqilabçılarının arxa cəhbəsini əllərindən alar və Şimali Qafqaz donmuş olar”.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra, noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bürosunun iclasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edildi. Müzakirə nəticəsində aşağıdakı qərarlar qəbul olundu:

“Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir; Zəngəzur… Ermənistana keçir… bu qətnaməni tərtib etmək Nərimanova tapşırılsın”.

Tapşırığı yerinə yetirən N. Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini bildirdi. Bəyanatda yazılırdı: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur… qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir; …Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

1921-ci ilin 3 iyununda RK(b)P MK Qafqaz Bürosu İ.Stalinin iştirakı ilə iclas keçirib məxfi qriflə Zəngəzur məsələsini müzakirə etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərara təkrar baxıldı. Bu iclasda bir nəfər də olsa azərbaycanlı yox idi. Beləliklə, tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Türkiyənin Azərbaycan və türk dünyası ilə quru əlaqəsi kəsildi.

1933-cü ildə Zəngəzurun Azərbaycandan zorla qoparılaraq Ermənistan SSR-ə verilmiş hissəsində Qafan, Gorus, Sisian və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan (707 kv.km), Qubadlı (802 kv.km), Laçın (1835 kv.km) rayonları yaradıldı. Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR hökumətinin tərkibində mövcud olmuş Zəngəzur qəzası coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silindi.

Bu barədə Parisdə nəşr olunan “L,OEUVRE” qəzetinin 1920-ci il 1 iyul tarixli nömrəsində “Entre Russes et Armeniens” başlıqlı məqalədə yazılırdı: “Rusiya Zəngəzuru erməniləşdirdi. Ermənistan Respublikası ilə Azərbaycanın tatarlar (Azərbaycan türkləri) yaşayan bölgəsinin Ermənistana verilməsi barədə müqavilə imzalandı.”

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bugünkü Ermənistanın yerləşdiyi ərazinin tarixi Azərbaycan torpağı olduğunu və bu ərazidə tarix boyu Azərbaycan xalqının yaşadığını xüsusi olaraq vurğuladı. Ölkə başçısı həmçinin1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı, 1920-ci ildə Azərbaycan SSR-nin Zəngəzuru Ermənistana güzəştə getmək qərarlarına siyasi qiymət verdi.

Bu gün müasir Azərbaycan Ermənistana qarşı torpaq iddiası irəli sürmür. Dövlətimizin başçısı bu barədə bildirib: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır.”

Bəli, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar.

Daha çox xəbərlər