Azərbaycan üçün çox mühüm geosiyasi məsələ
Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi qələbə beynəlxalq müstəvidə hərbi və siyasi mövqeyimizi möhkəmləndirdi. Bundan sonra artıq Naxçıvan məsələsi, Zəngəzur yolunun açılması da gündəmə gəldi. Bununla bağlı Naxçıvan Universitetinin müəllimi, dosent Elçin Zamanbəyova müraciət etdik. Elçin müəllim bildirdi ki, 30 ildən çoxdur Naxçıvanın düşdüyü blokada ağırlığına nəzər saldıqda görürük ki, Zəngəzur dəhlizinin açılması çox zəruridir. Çünki bu dəhlizin açılması Naxçıvanın gələcək geopolitik inkişafı, sosial, siyasi, iqtisadi və coğrafi cəhətdən Azərbaycana tam birləşməsi və gələcəkdə hərtərəfli inkişafı üçün çox mühüm bir məsələdir. Ona görə ki, Naxçıvan böyük Atatürkün də dediyi kimi, Türkün qapısıdır. Bir vaxtlar Qərbi Zəngəzuru Ermənistana birləşdirməklə bu türkün qapısını bağlayıblar. Burda da bolşevik Rusiyasının çox böyük bir məqsədi olub: Türkiyənin Naxçıvana, ümumiyyətlə, Cənubi Qafqaza, böyük türk dünyasına yolunu birdəfəlik bağlamaq.
Elçin Zamanbəyov qeyd etdi ki, tarixi araşdırmalar da göstərir ki, Zəngəzur məsələsi əslində Cümhuriyyət dövründə ortaya atılmışdı. Sonrakı proseslərə nəzər salsaq görərik ki, 1920-ci ildə bolşevik Rusiyası tərəfindən Stalin və Orcoknidzeninin tam səlahiyyətli nümayəndələr kimi Qafqaza göndərilməsi ilə bu məsələ tam həllini tapdı. Qafqaz Büro deyilən buro var idi. Məhz bu məsələni orda ortaya atdılar ki, gələcəkdə bunu tam Ermənistanın xeyrinə həll eləsinlər. Çünki Azərbaycan 1920-ci ilin aprelində bolşeviklər tərəfindən işğal olunmuşdu Gürcüstan və Ermənistanda isə süni surətdə bu çevrilişi etmək lazım idi. Bunun üçün də həmin dördə İ.Stalin və S.Orcoknidze erməni bolşeviklərinə söz vermişdilər ki, əgər Ermənistanda bolşevik çevrilişini reallaşdıra bilərlərsə Zəngəzur, Naxçıvan və Qarabağı Ermənistana birləşdirəcəklər. İ.Stalinin Leninə məktubunda hiyləgərcəsinə əvvəl bu məsələni çox yumşaq formada ortaya qoydular. Yazırdılar ki, ermənilər Qarabağ, Zəngəzur və Naxçıvanı istəyirlər. Amma biz belə hesab edirik ki, Azərbaycan Naxçıvansız, Zəngəzursuz yaşaya bilməz. Bunu çox yumşaq formada ortaya qoydular ki, həmin dövrdə Azərbaycanda yenicə qurulmuş bolşevik hökuməti üçün təhlükə törədə bilərdi. Ona görə bu məsələni nəyin bahasına olursa olsun Azərbaycanın bolşevik hökumətinin əli ilə reallaşdırmaq istəyirdilər. Belə də elədilər. Zəngəzur və Naxçıvan N.Nərimanovun bəyənatı ilə dekabrın 1-də Ermənistana verildi.
Zəngəzur və Naxçıvanın ermənilərə verilməsi isə çox böyük siyasi bir rezonans doğurdu. Türkiyədə də siyasi bir rezonans doğurdu. Bununla bağlı danışıqlar başladı və Naxçıvanda yanvar ayında rederendum keçirildi. B.Şaxtantski təcili Naxçıvana gəldi. Yerli qüvvələrin köməyi ilə mitinqlər elədi, əhalini örtülü şəkildə maarifləndirdi ki, bizim xilasımız Türkiyə ola bilər. Necə ki, bu gün Qarabağın azad edilməsində Türkiyə bizim tərəfdaşımız oldu. Həqiqətən də bundan sonra Türkiyə bu məsələdə çox aktiv hərəkət elədi. Məhz bu aktivlik Moskva konfransına aparıb çıxardı ki, Türkiyə orda Naxçıvanın xilası üçün çox böyük əmək sərf elədi ki, Zəngəzur kimi Naxçıvan da əldən getməsin. Həmin dövrdə Qərbi Zəngəzurun Ermənistana birləşdirilməsi isə həm Azərbaycan, həm də Naxçıvan üçün böyük faciə idi. Artıq bu Türkiyənin quru qapısını birdəfəlik olaraq Azərbaycana, Naxçıvana bağlayırdı.
Elə ötən əsrin 90-cı illərindən Naxçıvanın blokadaya alınması da bunun nəticəsi idi
Bəli, Qərbi Zəngəzurun Ermənistana verilməsi Naxçıvan üşün böyük bir zərbə oldu. Naxçıvanla Azərbaycan arasına böyük bir divar hörüldü. Naxçıvan əbədi olaraq Azərbaycandan ayrı düşdü. Ötən əsrin 90-cı illərindən isə Naxçıvan blokadaya alındı və çox ağır günlər yaşadı. Buna görə cənab Prezident İlham Əliyev çalışır ki, o tarixi yaraları sağaltsın. Zəngəzur yolu açılsın. Bu Naxçıvan üçün böyük bir qurtuluş yoludur. Çünki Zəngəzur yolu birdəfəlik açılarsa bu Türkiyənin Naxçıvanda gələcəkdə böyük iqtisadi layihələrinin həyata keçirməsinə gətirib çıxaracaq və həm də burda Çindən başlayaraq Avropaya qədər gedəcək yollar Naxçıvandan keçib gedəcək. Bu həm də Türkiyənin bütövlükdə Cənubi Qafqaza, Azərbaycana və Orta Asiyaya, türk dünyasına, Türküstana yolunu açacaq. Bu məsələdə Cin də, Avropa dövlətləri də maraqlıdır. Qeyd edim ki, ölkə Prezidenti yanvarın 22-də keçirilən Davos Dünya İqtisadi Forumunda da qeyd etdi ki, bu məsələnin həll olunması gələcəkdə Transqafqaz sülh evinin, barış evinin yaranmasına səbəb olacaq. Yəni Azərbaycan və Gürcüstan bu məsələdə maraqlıdırlar ki, Qafqazda gələcəkdə Zəngəzur yolu açılsın və Qafqazda bir barış evi yaradılsın. Prezidentimizin də qeyd etdiyi kimi, amma buna ermənilər hazır deyil.
İnanıram ki, ölkə Prezidentin bu yüksək diplomatik bacarığı sayəsində 2024-ə qədər bu məsələ həllini tapacaq. Artıq Naxçıvanın burdan həm Türkiyə, həm də Azətbaycana yolu açıq olacaq. Naxçıvan üçün gələcəkdə böyük iqtisadi perspektivlər yolu açılacaq. Həm Türkiyə, həm də Azətbaycan özünün iri iqtisadi layihələrini gercəkləşdirə biləcəklər. Burda geniş şirkətlər, zavod, fabriklər açıla bilər. Çünki Naxçıvan yaxın xarici dövlətlərlə əlaqəlidir. Həm də ona görə əhəmiyyətli bir bölgədir ki, Naxçıvan Cənub və Şimali Azərbaycan arasında körpüdür. Bunun üçün də inanıram ki, Azərbaycanın Zəngəzur dəhlizini mərkəzə qoymaqla götürdüyü sülhpərvər barış xətti çox önəmli bir məsələdir və inanıram ki, Zəngəzur yolunun açılmasının qarşısını heç bir qüvvə ala bilməyəcək. Bu həm də bizim tarixi haqqımızdır.
Hafizə Əliyeva,
Naxçıvan Televiziyasının əməkdaşı

