Fransa sosial problemlər girdabında: Bat ki, batasan…
Başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir
Fransada pensiya islahatına dair qanun layihəsinə qarşı etirazlar davam edir. Ötən həftə dördgünlük müzakirələrdən sonra pensiya islahatına dair qanun layihəsinin müzakirələri fevralın 13-də yenidən başlayıb. Ancaq solçular tərəfindən irəli sürülmüş 16 min dəyişiklik təklifinin bu həftə ərazində müzakirə edilməsinin mümkünsüzlüyü bildirilir. Həmkarlar ittifaqları martın 7-də bütün sahələrdə “Fransanı dayandırmaq” devizi ilə davamlı tətillər etmək çağırışı ediblər. Ümumi Əmək Konfederasiyası (CGT) enerji, dəmir yolları, eləcə də şəhərlərdə ictimai nəqliyyat işçilərinin tətilinin vacibliyin qeyd edib. Fransa demokratik Əmək Konfederasiyası (CFDT) isə “ölü şəhər” ifadəsindən istifadə edib. Həmçinin həmkarlar ittifaqları Milli Assambleyada pensiya islahatına dair qanun layihəsini dəstəkləyən iqtidaryönümlü deputatlara seçicilərini itirəcəkləri ilə bağlı risklərin olduğunu eşitdirirlər.
Ölkədə ictimai nəqliyyat və təhsil sahəsində çalışanlar etirazlara qoşulduğu üçün milyonlarla vətəndaş alternativ nəqliyyat vasitələri tapmalı, evdən işləməli və ya məktəb yaşlı uşaqlarına baxmaq üçün vaxt ayırmalı olub.Paytaxtın nəqliyyat operatoru olan RATP bildirib ki, Paris metrosu və şəhərətrafı dəmir yolu xidmətləri ciddi şəkildə məhdudlaşdırılıb. Ölkənin dəmir yolu operatoru SNCF isə yüksək sürətli qatarların yalnız üçdə birinin işləyəcəyini proqnozlaşdırır və insanları evdən işləməyə çağırır. Ölkənin nəqliyyat sektorunun əməkdaşları tətil etdiyi üçün hərəkət iflic vəziyyətdədir. Fransa Dəmir və Hava Yolları şirkətləri tətil etdikləri üçün qatarların hərəkəti pozulub və uçuşlar ləğv edilib. “TotalEnergies” şirkətinin neft emalı zavodunda və ehtiyat anbarlarında bəzi sahələrdə işçilərin 75 faizi, bəzilərində isə 100 faizi tətil edir. Müəllimlərin 50 faizi etiraz tətilinə qoşulub.
Fransada cərəyan edən son hadisələr, etiraz aksiyalarına səbəb olan insanların üzləşdikləri çox sayda sosial problemlər onu göstərir ki, başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. İnsan haqlarını, azadlıq, bərabərlik və qardaşlıq prinsipini “müdafiə” edən ölkənin hüquqlarını tələb edən öz xalqına belə yanaşması dünya mediasında özünə yer tapdı.
Dünyaya demokratiya, insan haqları dərsi keçən Fransa dinc aksiya iştirakçılarına qarşı da elə öz “prinsiplərinə” uyğun hərəkət edir. Belə ki, sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atlarla hücum edir, gözyaşardıcı qazlardan, dəyənəklərdən istifadə edir. Eyni ssenari bir sıra digər Avropa ölkələrində də tətbiq olunur. Amma Fransa həmişə olduğu kimi, bu məsələdə də bir addım “öndədir”. Sosial tələblər irəli sürən “Sarı jiletlərə” qarşı Fransa hakimiyyətinin amansız davranışı hər kəsə məlumdur.
Ölkəni bürüyən etiraz dalğası azmış kimi, Makron hökuməti siyasi gərginliyə səbəb olan PKK terror təşkilatı etirazçılarını susdurmaqda da acizlik göstərir. Fransa mətbuatında yer alan xəbərlərə görə, PKK tərəfdarları Parisdə 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma etiraz əlaməti olaraq Marseldə də yürüş keçirmişlər. Rəsmi Paris bu hadisələrdə 31 Fransa polisinin yaralandığını mətbuata açıqlamışdı. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik və digər türk siyasətçiləri məsələyə birmənalı olaraq Fransa tərəfinin terror aktlarında bu qədər yumşaq rəftarını qınamışdı. Daxili problemlərinin həllində uğursuz olan Fransa hökuməti terror qruplaşmalarına da ölkə daxilində ixtilaflar yaratmağa imkan verir.
Makron hakimiyyəti əhalinin problemlərini həll etmək əvəzinə, digər ölkələrdə öz təsir gücünü artırmaq üçün böyük vəsait sərf edir ki, bu da dövlətin borclarının artmasına səbəb olub. İndi xalqın cibinə girməklə bu borcları kompensasiya etməyə çalışır. Xalq Makron hakimiyyətindən vəziyyəti dəyişmək üçün təcili addımlar atmağı gözləyir. Əks halda, Makron elə xalqın istəyi ilə hakimiyyətdən getməli olacaq. Ümumiyyətlə, Emmanuel Makron Fransanın tarixində ən uğursuz dövlət başçısı hesab olunur. Onun siyasəti qarşıdurma yaratmaq, digər ölkələrin daxili işlərinə burun soxmağa hesablanıb.
Vətəndaşlarının təhlükəsizliyini və normal yaşayış standartlarını təmin edə bilməyən Makron rejimi terrorçu qüvvələrin böyük dəstəkçisi olmaqda davam edir. Etiraz aksiyalarından da göründüyü kimi, öz haqlarını tələb edən Fransa vətəndaşlarına dövlətin münasibəti ziddiyyətlidir. Belə ki, terrorçu qüvvəni təmsil edən iştirakçılara qarşı sadəcə gözyaşardıcı qazdan istifadə edən mühafizə orqanları yerli vətəndaşlara plastik mərmilərlə atəş açaraq cavab verir. Bu da öz növbəsində Fransanın humanitar və insan azadlığı prinsiplərini necə pozduğunu sübut edir.
Bölgədə sülhün, təhlükəsizliyin, sabitliyin təmin edilməsinə mane olmağa qarışan Emmanuel Makronun Ermənistanı dəstəkləməyə, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan əleyhinə qızışdırmağa başı o qədər qarışıb ki, ölkəsindəki vəziyyəti unudub, vətəndaşlarının nə istədiyini eşitmək fikrində belə deyil. Hər zaman “demokratiyanın beşiyi” kimi təqdim edib, digər dövlətləri demokratik prinsiplərə riayət etməməkdə ittiham edən Fransada bu gün qanunazidd hadisələr yaşanır, insan hüquqları pozulur, vətəndaşa polis zorakılığı tətbiq olunur, polis vətəndaşlara hücum edir, onları dəyənəklə döyür, yerdə vəhşicəsinə sürüməkdən utanmır. Görünən odur ki, insani dəyərlərin, vətəndaş hüquqlarının “müdafiəçisi” olaraq tanınmağa çalışan Fransada vəziyyət heç də dünyaya nümayiş edildiyi kimi deyilmiş. Özünü demokratiyanın beşiyi kimi dünyaya sırımağa çalışan, insan hüquq və azadlıqlarının qorunmasını ən ali dəyərlər olaraq dövləti üçün əsas şüara çevirməyə hər vəchlə can atan Fransa hökuməti, əslində bütün bu prinsiplərdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirmiş oldu.
Keçmişi müstəmləkəçilik və soyqırımı siyasəti ilə zəngin olan Fransanın, onun hökumətinin Ermənistana və onun təcavüzkar siyasətinə dəstəyi əslində təəccüb doğurmur. Siyasətləri eyni dəyərlərə söykənənlərin də demokratiyaya yanaşmaları da oxşardır. İnsan hüquqlarının kobud şəkildə pozulması bu ölkələr üçün adi haldır. Əməldə demokratik dəyərləri maraqlarına qurban verib, üzdə “demokratiyanın beşiyi” görüntüsünü yaradan Fransa hazırda beynəlxalq münasibətlər sistemində etimadın ən zəif olduğu ölkələrdən biridir.

