Gündəm 

Üzün qalıbsa üzr istə!

Makronu Fransanın Afrikadakı keçmiş müstəmləkələrinə aparan nəyin tamahıdır?

Tarixi qanlı cinayətlərlə, dinc, günahsız insanlara qarşı qətliamlarla, soyqırımları ilə zəngin olan Fransa bu gün də qloballaşan dünyanı xilas edə biləcək beynəlxalq humanizm və sivilizasiyalararası dialoq çağırışlarına məhəl qoymadan öz eybəcər müstəmləkəçilik siyasətini davam etdirməkdədir. Bu ölkə hələ də öz qaranlıq keçmişindən ibrət götürməyib, dövlət səviyyəsində törətdiyi çoxsaylı cinayətlərin məsuliyyətini daşımaq istiqamətində addımlar atmayıb. Əksinə işğalçılıq ənənlərini bu və ya digər formada yaşatmaqda, özünə yeni təsir dairələri formalaşdırmağa çalışmaqda, əsarətdə saxladığı xalqları əzməklə, onların sərvətlərini mənimsəməkdə, beynəlxalq insan haqları ilə təsbit olunmuş nəinki fundamental, hətta yaşamaq hüquqlarını belə kobudcasına tapdamaqdadır. Ancaq ən böyük, uzunömürlü imperiyaların da tarixin arxivlərinə gömülməsi, bütün cinayətlərin tez, ya gec açılması və bütün cinayətkarların əlahəzrət ədalət qarşısında cavab verəcəyi qaçılmazdır…

Afrikada – Qabon Respublikasında səfərdə olan Fransa prezidenti Emmanuel Makron bu ölkənin fransız icmasına müraciət edərək bildirib ki, koloniyaları üzərində Parisin qeyri-rəsmi “qəyyumluğunu” (əslində siyasi və iqtisadi nəzarətini) nəzərdə tutan “Fransız Afrikası” (“Franceafrique”) siyasəti yerini yeni balanslaşdırılmış tərəfdaşlığa verir. Ardınca isə dolayısı ilə bu ölkə üzərindəki tarixi üstünlüklərini xatırladan Makron Qabonun bir vaxtlar Fransanın müstəmləkəsi olduğuna eyham vurub: “Bizim Qabonda ümumi tariximiz var və bunu gizlətməyək, “Franceafrique” tarixi. Ancaq “Franceafrique” erası bitdi.”

Yəqin Makron Qabona gəlişinin əsas məramının gec-tez başa düşüləcəyini anladığı üçün hiyləgərliklə hadisələri qabaqlamağa çalışıb. Bildirib ki, o, tez-tez Fransanın artıq ona malik olmayan keçmiş müstəmləkələrinə qarşı başqa niyyətlərə malik olduğu haqqında eşidir. Ancaq: “Paris Qabonun daxili siyasətinə təsir göstərməyə çalışmır və onun səfəri yalnız “ölkəyə və onun xalqına dostluğunu və hörmətini göstərmək” məqsədi daşıyır.”

Fransa prezidenti əlavə edib ki, “ümumi mənafe naminə” iqtisadiyyat, sənaye, ekologiya və s. sahələrdə tərəfdaşlıq əlaqələri qurmaq niyyətindədir.

Təbii ki, yeni düzənin formalaşdığı, böyük güclər arasında münasibətlərin qızışdığı, Rusiya-Ukrayna müharibəsinin bütün dünyanı öz təsirinə saldığı bir vaxtda Makronun səfərinin Qabon xalqına “dostluq və hörmət göstərmək”, “ümumi mənafe naminə əlaqələr qurmaq” olduğunu düşünmək sadəlövhlük olar. Bəs eləsə, Mərkəzi Afrikanın çox da böyük olmayan bu dövləti, necə deyərlər, ilin-günün bu vaxtında müsyo Makronun haradan yadına düşüb? Dünyanın hər yerində burnunu dürtməyə deşik axtaran Fransa prezidenti Qabona nəyə gedib?

Qısaca xatırladaq ki, Qabon Fransanın keçmiş müstəmləkəsidir. XVII və XVIII əsrlərdə digər avropalılar kimi bu yerlərə ayaq basan fransızlar əvvəlcə yerli əhalini əsir alaraq qula çevirib satmağa başladılar. Paralel olaraq fil dişi və eboni ticarəti ilə də məşğul olan fransız tacirlərin sayı get-gedə çoxaldı və 1843-cü ildə Fransa artıq qəti olaraq Qabona yerləşdi. Şimal-şərqdən gələn fransızlar yerli xalqı silah gücü ilə öz torpaqlarından qovaraq ərazini ələ keçirdilər. Bu vaxt Qabon xalqına qarşı çoxsaylı qırğınlar törədildi. 1886-cı ildə Qabon tamamilə Fransanın müstəmləkəsinə çevrildi. Daha sonra “Fransız Konqosu” ilə birləşdirilən ölkə 1888-1904-cü illərdə “Fransız Ekvatorial Afrikası”nın tərkibinə daxil edildi. Yalnız yarım əsrlik əsarətdən sonra Qabon 1956-cı ildə muxtariyyət əldə edə bildi. 1958-ci ildə Fransa müstəmləkəsindən çıxdığını elan edən ölkə 1960-cı ildə Qabon Respublikası kimi rəsmi olaraq müstəqilliyinə qovuşdu.

Hazırda Qabon Afrika qitəsində ən zəngin dövlət sayılır. Dünyanın dördüncü böyük manqan yataqları bu ölkədə yerləşir. Ən mühümü isə Qabonda zəngin neft və uran yataqlarının mövcudluğudur. Sonuncu fakt Makronun Qabon xalqına “dostluq və hörmət göstərmək”, “ümumi mənafe naminə əlaqələr qurmaq” niyyətinin haradan qaynaqlandığı haqqında təəssürat yaradır – neft və uran tamahı.

Yeri gəlmişkən, Makron 2022-ci ildə “dostluq qurmaq” üçün başqa bir keçmiş Fransa müstəmləkəsi olan Afrika ölkəsinə – Əlcəzairə də səfər etmişdi. Ancaq birmənalı qəbul edilməyən Əlcəzair səfərində Makron yerli əlcəzairlilər tərəfindən nəinki elə də yaxşı qarşılanmamış, hətta təhqir edilmişdi. Çünki Əlcəzair xalqı

1830-cu ildən başlayan və 1962-ci ildə müstəqilliyini əldə edənə qədər Fransanın bu ölkədə törətdiyi qırğınları unutmayıb. Belə ki, müstəmləkə illərində Fransa silahlı qüvvələri tərəfindən etnik və dini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirilən 2 milyondan artıq dinc sakinin 1,5 milyonu əlcəzairli olmuşdur. Məhz bu fakta görə Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Bundan başqa, Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, onlardan 11-i yeraltı sınaqlardır. “Dostluq”dan dəm vuran Fransa bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etməyib. Hətta həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa hələ də həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ilk yeri tutur. Görünür hazırda Ermənistan da yeni “ağa”sının bu sahədəki “zəngin təcrübəsi”ndən istifadə edir.

Makronun Əlcəzairə səfərinə gəlincə, Fransa prezidentini Cənubi Afrika ölkəsinə aparan təkcə “xoş niyyəti” deyil, Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada qiyməti rekordlar qıran təbii qaz iştahası idi. Məhz buna görə səfər zamanı tərəflər arasında əsas müzakirə mövzusu Afrikanın ən böyük qaz ixracatçısı olan Əlcəzairin Avropaya “mavi yanacaq” nəqlini artırması olmuşdu və Makron əlcəzairli həmkarı Abdel Məcid Tebbundan qaz hasilatını artırmağı xahiş etmişdi.

Bax belə riyakar, ikiüzlü siyasət yeritdiyi üçündür ki, vaxtilə müstəmləkəsi olmuş başqa bir Afrika ölkəsi – Burkina Faso Fransa hakimiyyəti ilə 1961-ci ildə imzalanmış “hərbi yardım sazişi”ni ləğv etmək qərarına gəlib. Bildirilir ki, Burkina Faso Fransa ilə bağladığı texniki hərbi yardım haqqında sazişi, eyni zamanda, onun 2 əlavəsini denonsasiya edib.

Eyni zamanda, Afrika dövləti “Burkina Fasonun hərbi idarələrində xidmət edən bütün fransız hərbçilərinin tamamilə ölkədən getməsi” məktubunun Paris tərəfindən alınmasından sonra fransalılara bir ay vaxt verib.

Təəssüf ki, hələ də Fransanın müstəmləkəçilik zülmündən xilas olmağı gözləyən ölkələr var. Dünyaya demokratiyadan, insan haqlarından “dərs keçməyə” çalışan Fransa XXI əsrdə yenə də özünü orta əsrlərin işğalçı dövləti kimi aparır. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Yeni Kaledoniya adasının xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest AzTV-yə müsahibəsində bildirib ki, onun xalqı onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə aparır: “Biz Fransaya qarşı apardığımız azadlıq mübarizəsində Bandunq prinsiplərinə uyğun olaraq suverenlik hüququmuzun dəstəklənməsini istəyirk. Hesab edirik ki, illərdir xalqımızın hüquqları pozulub. Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırmağı vacib sayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram.”

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sözügedən Zirvə görüşündəki çıxışında Yeni Kaledoniya xalqına dəstəyini ifadə edib: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq.”

Dövlətimizin başçısı Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu bildirib: “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.”

Üzr istəməyə, dövlət səviyyəsində törətdiyi çoxsaylı cinayətlərin məsuliyyətini daşımaq istiqamətində addımlar atmağa Emmanuel Makronun timsalında Fransanın cəsarəti və ya ləyaqəti çatacaqmı? Utanmadan Afrikadakı keçmiş müstəmləkələrinin neftinə, qazına, uranına tamah salan Makronun əsarətdə saxladıqları xalqların çağırışlarına müsbət reaksiya verəcək səviyyəsi varmı? Cavabı açıq suallardır. Ancaq dəqiq olan budur ki, daha Fransa əvvəlki güclü və demokratik dövlət statusunu itirib. Elə hörmətini də…

Daha çox xəbərlər