Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da…
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işğal və postmünaqişə dövrünün reallıqlarının təbliğində də öz sözünü dedi
Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü başa çatdı. Hər bir beynəlxalq əhəmiyyətli tədbir sona çatsa da gündəmə gətirdiyi məsələlər, səsləndirilən çağırışların düzgün cavablandırılması üçün müəyyənləşdirilən yol xəritəsi uzun müddət müzakirə olunur. Bu baxımdan sözügedən Zirvə görüşü, ən əsası Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın bugünədək irəli sürdüyü təşəbbüslərin gerçəkləşməsi fonunda Hərəkatın artan nüfuzu, söz sahibliyi geniş müzakirə olunmaqdadır. Bu tədbirlərin diqqət çəkən məqamlarından biri də Azərbaycanın tarixi həqiqətlərinin, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanların yaradılmasıdır. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırıb, ədalətin və beynəlxalq hüququn yanında olduğunu bildirir. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının sıralarında 120 üzvü birləşdirdiyini nəzərə alsaq həqiqətlərimizin təbliği üçün hansı imkanların yarandığını geniş şərh etməyə ehtiyac olmaz.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə yenə də diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəltdi. BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsinin gündəmdə saxlanılması da bu kimi məqamlara işıq saldı. «BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Ölkə Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırdı.
Təbii ki, hər bir məsələnin gündəmə gətirilməsini zəruri edən səbəblər vardır. Reallıq budur ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. İki il əvvəl Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.
Bu gün böyük əminliklə qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Bu ərazilər tamamilə dağıdılıb. Tarixi, dini abidələrimiz yerlə-yeksan edilib. Bu gün erməni vandalizminin göstəricisi olan həmin dağıntılar, evlərin yandırılması, yaşıllıqların məhvi, ekologiyaya vurulan ziyan Ermənistanın beynəlxalq hüquq çərçivəsində dəymiş ziyanı ödəməsi tələbini yerinə yetirməyə məcbur edəcək. Heç bir cinayət cəzasız qalmır. 30 il havadarlarının əlində ərköyün uşaq kimi böyüyən işğalçı Ermənistana Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində elə bir dərs verdi ki, heç zaman unutmayacaq. Artıq bundan sonra işğalçı dövlətin rəhbərliyi beynəlxalq hüququn mövcudluğundan özünü xəbərsiz aparmayacaq. Çox qısa zamanda Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları işğaldan azad olunan ərazilərimizin əvvəlki vəziyyətinə qayıtmasını təmin edəcək. Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu faktlara əsaslı şəkildə diqqəti yönəldərək bildirdi ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkələrdən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri bərpa-quruculuq işlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı. Ölkə Prezidentinin hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışı daha da sürətləndirən mühüm addımlarla yadda qalır. Ötən iki ildən artıq dövrdə bu ərazilərdə infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, yenidən qurulması prioritet məsələ kimi öndə dayandı. Bir mühüm hadisəni xüsusi qeyd etməliyik ki, 2021-ci ildə Qarabağın, ötən il isə Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsinin iqtisadi və strateji əhəmiyyəti bu gün də geniş müzakirə olunmaqdadır. Üçüncü beynəlxalq hava limanı- Laçın aeroportu isə 2025-ci ildə istifadəyə veriləcək. Hər bir bölgədə yol infrastrukturunun təkmilləşdirilməsi sahibkarlığın inkişafında, həmin rayonların malik olduqları potensialdan səmərəli istifadə də mühüm rol oynayır. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövrün əsas prioritetləri və icra mexanizmi öz əksini tapıb. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu rəqəmləri açıqladı ki, Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndlər sıfırdan yaradılır. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.
Bu fakt da tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır.
Qoşulmama Hərəkatı, eyni zamanda, Hərəkata üzv dövlətlərin hər biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyir. Ölkəmizə artan inamın və etimadın göstəricisi Hərəkata sədrlik müddətinin bir il uzadılması oldu. Azərbaycan həqiqətin yanındadır. Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat uzunömürlü olmaqla yanaşı, gec-tez zəfər çalır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür edərək bu əminliyi ifadə etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcək.

