Hayastan yeni təxribatlara sürüklənir
Fransa və İranın oyunları bu ölkəni məhv edəcək
Paşinyan başda olmaqla Ermənistan hakimiyyətinin təmsilçiləri hər nə qədər açıqlama və bəyanatlarında özlərini sülh göyərçini kimi göstərməyə çalışsalar da əslində bunun belə olmadığı gün kimi aydındır. Ermənistan sülh istəyən olsaydı Azərbaycanın Qarabağ İqtisadi rayonundakı separatçı rejimin silah-sursatla təmin olunmasını, oradakı hərbi birləşmələrin maddi və ərzaq təchizatını dayandırar, Azərbaycanın təqdim etdiyi sülh tələblərini qəbul edər və müvafiq müqaviləni imzalayardı. Məhz onların sülhə hazır olmamasının nəticəsidir ki, separatçı rejimin başçısı Araik Arutyunyanın və digərləri də artıq Vardanyan kimi heç bir halda Azərbaycanın tərkibində qalmayacaqlarını, sonadək mübarizə aparacaqlarını deyirlər. Başqa sözlə desək yeni müharibəyə çağırış edirlər.
Hayastanın baş naziri Nikol Paşinyan da onlardan geri qalmır, təzadlı bəyanatlar verərək Azərbaycanla yekun sülh sazişini imzalamağa tələsmədiyini vurğulayır. Söz yığını və açıqlamalar axınının məqsədi isə öz qorxusunu pərdələməkdir. Bir tərəfdən “sülh sazişinin alternativi yoxdur, Qərb nizamlanma prosesi ilə bağlı bölgədə daha aktiv olmalı və Ermənistanla Azərbaycan arasında münaqişəyə son qoyulmasına öz töhfəsini verməlidir” tipli açıqlamalarla çıxış edən, İrəvanın nizamlanma və tənzimləmə proseslərinə tam hazır olduğunu vuruğlayan Nikol Paşinyan digər tərəfdən tam fərqli mövqe nümayiş etdirir. O, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki ermənilərin silah-sursat, minalar və s. ilə təminatının daha da aktivləşdirilməsinə göstəriş verir, Azərbaycanla şərti dövlət sərhədi boyunca hərbi birləşmələr toplayır.
Göründüyü kimi, Hayastan yenə ikibaşlı siyasət yürüdür: başlardan biri Qərbə, digəri isə İrana baxır. İrəvan üçün indi kollektiv Qərb faktiki olaraq Fransa ilə məhdudlaşıb, çünki Avropa İttifaqı Azərbaycanla danışıqların Brüssel formatının davamında maraqlıdır. Nikol Paşinyan isə Fransa prezidenti Emmanuel Makrondan aldığı təlimatlara bütünlüklə, şərtsiz əməl edərək geosiyasi prosesləri taktiki prosedurlara çevirmək və Parisin bölgədə möhkəmlənməsinə şərait yarada biləcək nüansların reallaşdırılmasına çalışır. Makronun ölkə daxilində pensiya islahatları ilə bağlı üzləşdiyi kütləvi etiraz aksiyaları isə tükənmir. Tam əksinə, etirazların miqyası ilə intensivliyi daha da artıb, aksiya iştirakçıları “Molotov kokteyl”lərinə keçiblər, dövlət və inzibati binalara hücumlar edirlər. Xarici siyasətdə Fransanın üzləşdiyi uğursuzluqlar və məğlubiyyətlər seriyası davam edir. Belə vəziyyətdə Makron üçün diplomatik müstəvidə kiçik də olsa irəliləyiş və ya uğur görüntüsü mütləq şərtə çevrildiyindən Paris son ümidlərdən biri qismində Cənubi Qafqazı, daha konkret olsaq, Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanı görür. Paris birmənalı olaraq Ermənistanı və erməniləri dəstəkləyir, bütün aspektlər və sahələr üzrə İrəvanın maraqlarının təminatına çalışdığını bəyan edir. Əslində isə Fransanı nə ermənilər, nə də Ermənistan maraqlandırmır: onların yeganə məqsədi öz mənafelərini təmin etmək, Cənubi Qafqaz bölgəsində uzunmüddətli strateji üstünlüyə nail olmaqdır.
İran İslam Respublikasını idarə edən molla rejimi isə yaşanan prosesdən maksimum faydalanmaq niyyətini gizlətmir və məhz Ermənistan vasitəsilə kollektiv Qərblə pozularaq düşmənçilik həddinə çatmış münasibətlərində kiçik də olsa dəyişikliklər etmək istəyir. İrandakı teokratik hakimiyyət üçün Qərb ölkələrindəki, xüsusilə də Fransadakı erməni icmalarının rəğbətini qazanmaq, sonra da erməni diaspor təşkilatlarının lobbiçilik imkanlarından faydalanaraq Tehrana qarşı tətbiq edilən sanksiyaların sayını azaldıb şiddətini aşağı salmaq önəmli məqamlardan biridir. Molla rejiminin Azərbaycana qarşı informasiya-propaqanda savaşını aktivləşdirməsi, ölkəmizin cənub sərhədləri boyunca yeni hərbi təlimlərə hazırlıq görməsi və bütün bunlarla yanaşı, Ermənistana siyasi-strateji hamiliyi aktiv inkişaf etdirməsi təsadüfi proseslər deyil. Tehranın hazırda əsas məqsədi Azərbaycanla Ermənistan arasında gərginliyi imkanları çərçivəsində artırmaq, sülh sazişinin imzalanmasına imkan verməmək, bölgədə kiçik də olsa rıçaqlara yiyələnməkdir.
Bütün bu faktlar onu göstərir ki, Fransa və İranın dəstəyi mahiyyət etibarilə Ermənistanı dirçəltmək əvəzinə məhv etməyə xidmət edir və nə qədər ki, gec deyil Hayastan bu dəstəkdən imtina etməli, Azərbaycanın tələblərinə boyun əyməklə sülh sazişinə imza atmalıdır. Əks təqdirdə Ermənistan üçün ikinci xilas yolu yoxdur və bundan sonra da olmayacaq.

