Cəmiyyət 

Mülki, yoxsa hərbi?

Belə görünür ki, Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının əsas “missiya”sı sülh prosesinə mane olmaqdır

Əslində Rusiyanın narazılığına və etirazına baxmayaraq Nikol Paşinyanın Avropa İttifaqının (Aİ) “mülki” missiyasının Ermənistana gəlməsi üçün “yaşıl işıq yandırması” bəri başdan bir sıra mətləblərdən xəbər verirdi. Necə oldu ki, Hayastanın baş naziri “Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Aİ Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilən” missiyanın ölkəsinə göndərilməsi ilə belə tez razılaşdı? Axı, Paşinyan həm Ş.Mişelin vasitəçiliyi ilə keçirilmiş Brüssel və Praqa görüşlərinin, həm də Rusiyanın təşkilatçılığı ilə müxtəlif formatlarda aparılan sülh danışıqlarının nəticəsi olaraq yekun müqavilənin imzalanmamsı üçün bütün mümkün vasitələrdən istifadə edir, vaxtı uzatmağa çalışırdı. Axı, sözügedən missiya həqiqətən sülhə töhfə vermək üçün göndərilirdisə Paşinyan tərəddüd, ən azından xeyli götür-qoy etməli idi. Etmədi və Aİ Xarici İşlər Nazirləri Şurasının 2022-ci il 17 oktyabr tarixli qərarı ilə 2023-cü il yanvarın 23-də rəsmən yaradılmış missiyanın, rəsmi adı ilə desək Aİ-nin Ermənistan üzrə Missiyasının (EUMA) 100 nəfərdən ibarət heyəti fevralın 20-dən işğalçı ölkədə fəaliyyətə başladı.

İki il müddətinə göndərilən missiya Azərbaycan-Ermənistan sərhədinin Hayastan tərəfində yerləşib müşahidə aparmaqla yanaşı, həm də sərhədyanı rayon və kəndlərdə patrul xidməti həyata keçirməklə məşğuldur. Kiprdən olan nümayəndə Xristos Haciteodulu Hayastanın “Armenpress” saytının “mülki” missiyanın operativ qərargahında olan əməkdaşına bildirib ki, müxtəlif qruplarla kəndlərə baş çəkir, sakinlərlə söhbət edirik: “Atəşkəsin pozulması ilə bağlı məlumat alırıq, bəzən də atışma səsləri eşidirik. Təbii ki, biz hər gün hesabatlar hazırlayırıq və onları qərargahımız vasitəsilə Brüsselə göndəririk.”

İlk baxışdan Aİ missiyasının fəaliyyətində hər şey normal görünür: Guya Avropadan gəlmiş bu 100 nəfər Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə sabitliyin hökm sürməsini və sülhə doğru irəliləyişin olmasını istəyir. Ancaq…

Ötən ay yarım göstərdi ki, əslində Aİ-nin Ermənistandakı missiyası sülh və təhlükəsizliyi deyil, təcavüzkar dövlətin maraqlarını qorumaqla məşğuldur. Belə olmasaydı, missiyanın rəhbəri Markus Ritter aprelin 3-də absurd bəyanatla çıxış edərək guya Azərbaycanın yaz aylarında Ermənistana hücuma hazırlaşdığını deməzdi. Özü də təxribat xarakterli bu yalan məlumat missiya üzvlərinin müşahidələrinin nəticəsi deyil. M.Ritter həmin fikirləri söyləyən zaman Ermənistan tərəfinin informasiyalarına istinad edib. Açıq şəkildə görünür ki, Aİ Hayastanın qurumun missiyasının bu ölkədə mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaratmağa cəhd edir.

Daha bir vacib məqam: “Caliber.az” saytının sözügedən missiyanın mandatının təfərrüatları ilə bağlı əldə etdiyi məlumatlar göstərir ki, Aİ-nin Ermənistandakı missiyası mülki deyil, daha çox hərbi kontingentə bənzəyir. Belə ki, qurumun rəsmi saytında yerləşdirilən 32023D0162 nömrəli sənədin, yəni, Şuranın Avropa İttifaqının Ermənistandakı missiyası haqqında 23 yanvar 2023-cü il tarixli 2023/162 nömrəli qərarının mətnində bu fikri təsdiqləyən məqamlar var: “Strateji məqsəd Ermənistanın münaqişə yaşanan və sərhəd ərazilərində insidentlərin sayının azalmasına kömək etmək, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmaqdır”; “Təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumat əldə etmək”; “Mülki əməliyyat komandiri”; “Missiya rəhbərinə missiyanın təhlükəsizlik üzrə əməkdaşı kömək edəcək” və s.

Lakin bu, hələ son deyil. Missiyanın rəhbəri kimi 2020-ci ildən bu yana Ştutqart şəhərinin polis idarəsinin rəisi olan alman Markus Ritter təyin edilib. Ritterin əmək fəaliyyəti isə onun polisdən çox hərbçiyə bənzədiyini göstərir. Çünki o, Aİ-nin İraqdakı məsləhət missiyasının rəhbəri olub, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət edib. “Caliber.az”ın yazdığına görə, M.Ritterin təyinatı faktı Berlin və Parisin razılaşdırılmış oyununun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir. Halbuki Fransa nümayəndəsi Şarl Fris Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratorudur. Üstəlik, Aİ missiyasının alman komandirindən başqa, missiya əməkdaşlarının böyük əksəriyyəti də elit bölmələrin istefada olan hərbçiləri və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılarıdır. Missiyanın rəsmi olaraq “Avropa İttifaqının missiyası” hesab edilməsinə baxmayaraq, onun faktiki idarəçiylii Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin ali komandanlığı ilə sıx əlaqədə həyata keçirilir.

Əcəb “mülki” missiya deyilmi? Üstəlik, bu “mülki” missiyanın arxasında dayanan qüvvələr erməni hərbçilər, o cümlədən Ermənistan xüsusi qüvvələri üçün hərbi təlim proqramları hazırlayıb. O cümlədən indi Ermənistan Xarici Kəşfiyyat Xidməti yanında sıfırdan yaradılmaqda olan xüsusi təyinatlılar üçün də ayrıca proqram nəzərdə tutulur. Yeri gəlmişkən, missiya müasir ən son texniki kəşfiyyat avadanlıqları, o cümlədən ABŞ istehsalı olan PUA-lar ilə təchiz ediləcək.

Missiyanın büdcəsi də diqqət çəkir. “Aİ-nin Ermənistandakı missiyası haqqında Şuranın qərarları”nın 13-cü maddəsinə əsasən, bu qərarın qüvvəyə minməsindən sonra dörd ay ərzində missiya ilə əlaqəli xərcləri ödəmək üçün nəzərdə tutulmuş əsas maliyyə məbləği 8 103 590,82 avrodur. Yəni, illik götürdükdə 24 milyon avrodan çoxdur. “Mülki”” missiya üçün çox böyük məbləğ deyilmi? Və ümumiyyətlə, bu missiyanı “mülki” adlandırmaq olarmı?

Missiyanın fəaliyyətinin ehtimal olunan nəticələrinə gəlincə, Gürcüstan praktikası göstərir ki, Hayastan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsini həll etməyəcəyi dəqiqdir. Gürcüstanın Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Apxaidze mövzu ilə bağlı “Report”a açıqlamasında bildirib ki, bu missiya formal xarakter daşıyır və tərəflər arasında münasibətlərin normallaşması üzrə hər hansı nəticənin əldə olunmasına heç bir şəkildə təsir göstərməyəcək: “Belə bir komissiya Gürcüstanda da fəaliyyət göstərir. Onlar münaqişə zonasında monitorinq həyata keçirirlər. Amma mahiyyət etibarilə heç nəyi həll etmirlər. Yəni, bu günə kimi ölkəmizdə bu problemlər həllini tapmayıb.”

Daha çox xəbərlər