Gündəm 

İnsan haqları yalnız özlərinə sərf edəndə yadlarına düşür

Nyu-Yorkdakı “Ukrayna. Çarmıxa çəkilmə. Tribunal” sərgisinə və Bakıdakı Hərbi Qənimətlər Parkına fərqli münasibət nədən qaynaqlanır?

Məlum olduğu kimi, ABŞ-ın Nyu-York şəhərində, BMT-nin mənzil-qərargahından cəmi 100 metr aralıda, “866 United Nations Plaza” ünvanda Ukraynadakı hərbi əməliyyatlara həsr olunmuş sərgi açılıb. “Ukrayna. Çarmıxa çəkilmə. Tribunal” (“Ukraine. Crucifixion. Tribunal”) adlanan sərgidə Rusiyanın apardığı xüsusi hərbi əməliyatla bağlı Xüsusi Beynəlxalq Tribunalın yaradılmasının önəmi vurğulanır. Plazanın 2000 kvadratmetr ərazisini əhatə edən sərgi Ukrayna Milli Tarix Muzeyi və Prezident Aparatı tərəfindən təşkil olunub.

Burada 1000-dən çox eksponat nümayiş etdirilir. Həmin eksponatlar arasında Ukraynadakı hərbi əməliyyatlarda həlak olmuş rusiyalı hərbçilərin üzərində qan ləkələri olan çəkmələri də var. ABŞ mediası, Qərb ölkələrinin kütləvi informasiya vasitələri sözügedən sərgi barədə davamlı olaraq məlumatlar, informasiyalar, reportajlar və şərhlər verirlər, bu hadisəni bəh-bəhlə işıqlandırırlar. Bu elə həmin Qərb KİV-ləridir ki, 44 günlük müharibədən sonra Bakının qənimət kimi götürdüyü düşmən texnikasının muzeyini təşkil etdiyi Hərbi Qənimətlər Parkına görə Azərbaycanı sərt şəkildə qınayır, sözügedən Parkın yaradılmasının “erməni ictimaiyyətinin psixikasına pis təsir etdiyi”ni bildirirdilər. Burada sadəcə torpaqlarımızdan qaçarkən düşmənin tərk etdiyi hərbi texnika təqdim olunurduğu halda Fransa, İtaliya, Amerika mediası bu hadisəni guya Azərbaycan tərəfinin “qeyri-insani” addımı kimi paylaşırdı. Nyu-Yorkdakı ekspozisiyada isə hələ də qan izləri aşkar görünən hərbçi çəkmələri göstərilir. Qərb mediası, çoxsaylı “hüquq müdafiəçiləri” bəs indi niyə təlaşa düşməyiblər, səs-səsə verərək bunun “yolverilməz” olduğunu demirlər? Qanlı əsgər çəkməsini “eksponat” qismində nümayiş etdirmək normaldırmı? Bu, hansı insanlığa sığır?

Ermənistanın Xarici İşlər Nazirliyi də Bakıda Hərbi Qənimətlər Parkının yaradılması ilə bağlı bəyanat yayaraq Azərbaycanı dözümsüzlükdə və ksenofobiyada günahlandırırdı. Belə yerdə deyiblər, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bəs sizin aralarında uşaqların, qadınların, qocaların da olduğu minlərlə günahsız insanı öz torpaqlarından didərgin salıb vəhşicəsinə qətlə yetirməyiniz, təhqir etməyinizinin, şəhər və kəndlərimizi viran qoymağınızın adı nədir? Ermənistan və havadarları Xocalı soyqırımını nə tez unutdular? Nə üçün Azərbaycana təzyiq edən Qərb dövlətləri illərdir bütün bunlara lal, kar, kor oldular? İnsan haqları yalnız özlərinə sərf edəndə yadlarına düşür.

Qərbin inkişaf etməkdə olan ölkələrə, xüsusilə də postsovet məkanındakı dövlətlərə münasibətinin soyuqqanlı rasionallıq üzərində kökləndiyi məlumdur. Lakin 30 illik erməni işğalına son qoymaq üçün ATƏT-in Minsk qrupu kimi amorf strukturu yaradaraq onillər boyu işğalçının status-kvonu qorumaq niyyətini kuluar formada dəstəkləyən Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyən Ermənistana cüzi də olsa təzyiq göstərmək əvəzinə İrəvanda “demokratik dəyərlərin daha səbatlı olması və iqtisadi inkişafa dəstək” adı ilə on milyonlarla dollarlıq yardımlar edildi. Həmin yardımların da böyük qismini Ermənistan silahlı qüvvələrinə, işğalçı birləşmələrinə yönəltmişdi. Sonucda Azərbaycan BMT-nin əvəzinə onun qətnamələrinin icrasını təyin etdi. Bakıdakı Hərbi Qənimətlər Parkı Azərbaycanın iradəsi ilə qətiyyətinin simvolu sayıla bilər.

Ermənistanın talançılıq və insana nifrət iddialarına gəldikdə isə azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısındadır. Tarixi, mədəni, dini irsimizi yerlə-yeksan edən, təbii ehtiyatlarımızı talayan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması heç bir çərçivəyə sığmır. Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, Birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyleryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.

Bakıdakı Hərbi Qənimətlər Parkı ətrafında bir vaxtlar isterik reaksiya göstərən bəzi beynəlxalq təşkilatlar ilk olaraq yuxarıda qeyd edilən məsələlərə münasibət bildirsələr daha doğru və səmimi sayılardı. Əks halda bu cür ikili standartlar, türkofob, islamofob davranışlar regionda sülhün deyil, əksinə, yeni müharibələrin alovlanmasına gətirib çıxara bilər.

Daha çox xəbərlər