Gündəm 

Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik

Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir

Son iki ildən artıq dövrün əsas reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla həyata keçirilməsi, soydaşlarımızın bu ərazilərə qayıdışını tam tərkibdə həyata keçirməkdir. Dövlət başçısı İlham Əliyev bugünlərdə Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və  bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrədir: «Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır – Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük – abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur.»

Cənab İlham Əliyev çıxışlarında bu fikri də daim vurğulayır ki, İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib? Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır: «Şüurda nə qədər dəyişikliklər baş verir? Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq.»

Daim gələcəyə nikbinliklə baxan Azərbaycan  istədiyinə həmişə nail olur. İstədiyimiz isə odur ki, bölgədə sülh, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.

Cənab İlham Əliyev ötən ilin avqustun əvvəlində Azərbaycan Televiziyasına müsahibəsində belə bir əminliyi ifadə etmişdir ki,  biz  Laçına, Zabuxa, Susa qayıtmalıyıq: «Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq.» Həmin müsahibəsindən,  qarşıya qoyduğu hədəfdən çox keçməmiş, avqustun 26-da   rəsmi «Twitter» səhifəsində bu paylaşımı etdi ki, bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!»

Tarixi Zəfərimizdən iki ildən artıq vaxt  keçsə də hər gün vərəqlənir, Azərbaycanın dünyaya səs salan Qələbəsini şərtləndirən amillərdən qürurla bəhs edirik. 2020-ci ilin 10 noyabrında   şanlı  Qələbəmizin təsdiqi olan  üçtərəfli Bəyanatın imzalanması  müjdəsini xalqa çatdırarkən “Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik,  özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi” söyləyən dövlət başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə  yenilik kimi daxil olan  strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə  qısa müddətdə  düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla  apardığı  işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması  doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bu müharibə göstərdi ki, dövlət başçısı İlham Əliyevin  həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Prezident İlham Əliyevin  müsahibələrində də qeyd etdiyi kimi,  ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq.  Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu 44 gündə təsdiqlədi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanatın müddəlarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı və  dekabrın 1-də isə Laçını təhvil verdi. Kəlbəcər  noyabrın 15-də qaytarılmalı idi, amma Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədiyi üçün noyabrın 25-də təhvil verildi. Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə  bir daha təsdiqlədi.  Digər tərəfdən, bu məqamı da unutmayaq ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyi kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanındadır.

Təbii ki, böyük qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin rolu xüsusi  qeyd edilməlidir. Həm ölkə daxilində fasiləsiz şəkildə təşkil edilən, dünya miqyaslı problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər, həm də dünyanın fərqli ölkələrində keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı ölkələrində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndələrimiz Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadı. Azərbaycanın siyasi qələbəsini təsdiqləyən 10 noyabr razılaşması da bu məqamlara işıq salır.

Gərgin və davamlı təbliğat  nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır.   Dövlətimizin başçısının 44 gündə xarici mətbuata  hər bir müsahibəsi  həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası baxımından xüsusi diqqət çəkdi. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə bu  müsahibələr əsasında  bu reallıqları öyrənməyə məcbur oldular.  Baxmayaraq ki, 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün  möhkəm hüquqi baza mövcud idi.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə  Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır.

Hələ 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cənab İlham Əliyev belə bir əminliyi ifadə etmişdi ki,  ölkəmizin gələcəyi çox parlaq olacaq. Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki,  Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Ölkəmiz üçün yeni bir dövr başlanır.  Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa etdik.” İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Bu gün sülh müqaviləsinin imzalanmasından bəhs edirik. Regionda dayanıqlı sülhün təmin olunması əsasdır.   Ölkəmizin təklif etdiyi sülh müqaviləsi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir.  Ermənistan Soçi və Praqa görüşlərində bu prinsipləri dəstəklədiyini bildirdi. Bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir.  Qarabağ münaqişəsi artıq tarixə qovuşub və yeni səhifə açılıb. Dünya gücləri yeni reallıqları qəbul edirlər. Azərbaycan dövlətinin ilk gündən bəyan etdiyi kimi, sülh təklifi uzun müddət masa üzərində qala bilməz.  Qalib Azərbaycanın bu mesajı Ermənistanı və ona havadarlıq etməkdə olan dövlətləri ciddi düşündürməli, hər an «Dəmir yumruq»,  «Qisas», «Qətiyyətli cavab»   əməliyyatlarını xatırlamalıdırlar.

Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Prezident İlham Əliyevin qətiyyətli  siyasətinin   təntənəsidir. Ermənilərin Laçın yolu ilə Qarabağa silah-sursat daşıması, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərməsi, eyni zamanda, Qarabağda Azərbaycanın təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana çıxarılması Azərbaycan tərəfini narahat etməyə  bilməzdi.  Baxmayaraq ki, dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozduğunu  dəfələrlə bəyan edib.  Azərbaycana qarşı dünyada kampaniya təşkil edilməsi, təzyiqlər göstərilməsi, xarici mediada Azərbaycana qarşı qara piar kampaniyası da Ermənistana dəstəyin tərkib hissəsidir. Guya Azərbaycan Qarabağda etnik təmizləmə siyasəti həyata keçirir. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin etmək imkanında deyil. Bu kimi reallıqdan uzaq, qərəz dolu bəyanatların kökündə duran amillər yalnız və yalnız Ermənistana cirkin niyyətlərini həyata keçirmək üçün dəstək olmaq, sülh müqaviləsinin imzalanması prosesini uzatmaqdır.  Lakin heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi, hətta Azərbaycan Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qaldı. Ermənilər tərəfindən təxribatların davam etməsi, ara yollarla Qarabağa silah daşınması, bununla bağlı baş vermiş insidentlər sonda Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında – Azərbaycan – Ermənistan sərhəddində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını şərtləndirdi. Bu mühüm addım  təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha  təsdiqlədi.

Göründüyü kimi, Azərbaycanın hər bir addımı ədalətə və beynəlxalq hüquqa söykənir. Ən əsası nəyi nə zaman etmək lazım olduğunu dövrün reallıqlarına söykənərək həyata keçirir.

Daha çox xəbərlər