Maraqlı 

Cavanlaşmaq üçün qanını qaşığa qoyan da var, heyvan qanı içən də… – O isə öz oğlunun qanını…

Gəncliyi qorumaq çoxlarını ən ağlagəlməz tədbirlər görməyə məcbur edir. Kimsə tez-tez plastik cərrahın qəbuluna yazılır, kimsə idman zalından çıxmır, başqa biri də elmdə kəşflər edir. Sonuncular arasında 45 yaşlı britaniyalı milyonçu Brayan Conson da var.

Publika.azxarici mətbuata istinadən xəbər verir ki, Brayan hər il qanköçürmə yolu ilə cavanlaşma metodunun tədqiqinə milyonlarla dollar xərcləyir. Bunun üçün milyoner 18 yaşlı oğlunun qanını öz bədininə köçürür.

O, bildirib ki, əvvəllər başqa bir gənc donorun qanından istifadə edərək oxşar proseduru həyata keçirib. Brayanın sözlərinə görə, bu, bioloji saatı “geri qaytarmağa” və 8 yaş cavanlaşmağa kömək edib. Ancaq sonradan bu qənaətə gəlib ki, öz doğma oğlu Talmeycin qanı ona daha effektiv nəticə əldə etməyə kömək edəcək.

Conson artıq “Project Blueprint” adlı layihəsini patentləşdirib. Ən son yanaşmaların köməyi ilə gəncləşməyə dəstək proqramını o, məhz belə adlandırdı. Brayan Consonun özü, 70 yaşlı atası və 18 yaşlı oğlu qan köçürülməsini öz üzərlərində sınaqdan keçiriblər. Milyonçunun atası, oğlu və özü klinikada qan veriblər ki, həkimlər onu plazmaya çevirsinlər. Talmeycin analizindən qan hüceyrələri və trombositlər çıxarılıb. Bundan sonra mütəxəssislər Talmeycin plazmasını Brayan Consonun və onun yaşlı atasının qanına daxil ediblər ki, bu, onların cavanlaşmasına kömək etsin.

Brayan Conson tək qanköçürmə ilə məhdudlaşmır, o, ciddi pəhriz saxlayır, müntəzəm olaraq idman edir, hətta tonusunu yüksəltmək üçün bədənini elektromaqnit dalğalarına məruz qoyur. Onun vəziyyətini 24 saat izləyən və qocalma dinamikasını qeydə alan öz həkim komandası var.

“Mənə baxanda insanlar ancaq sonsuzadək yaşamaq istəyən zəngin bir dəli görürlər. Bu, səhvdir. Bilirəm ki, bir də heç vaxt oğlum kimi cavan görünməyəcəm, mən buna heç can atmıram da. Məqsədim orqanların cavanlaşmasıdır. Bu isə daha yaxşı və ciddi fəsadlar olmadan yaşlanmanıza kömək edəcək”.

Conson öz metodları və nəticələrini daim “Blueprint”də yayımlayır və ümid edir ki, bir gün bəşəriyyət onun bu işini qiymətləndirəcək.

Aytən Məftun

 

Daha çox xəbərlər