Hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq?
İrəvan erməniləri, revanşistlər, Xankəndi separatçıları, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları arasında yaranan konflikti, qarşıdurmaları atalarımızdan qalma « Ay aman, işim qaldadı ( qalmaqal mənasında), mərəkə , fısqırıq daldadı» müdrik kəlamı ilə izah etmək yerinə düşər. Həyat yoldaşı erməni əsilli olan, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentin ( rusməramlıları demək daha doğru olar) komandanı Aleksandr Lentsovla bəzi məqamlarda «məramları» uzlaşmayan separatçılar məşhur «O olmasın , bu olsun» filmindəki kimi «Araq içmisən, pulunu ver!» deyərək generaldan haqq-hesab tələb edirlər. Ermənilər arasında anti-Rusiya çağırışlarının intensivləşməsi, qərbyönümlü tərəfdarların sayının artması təkcə Lentsovu deyil, yuxarı kürsülərdə əyləşən rəsmiləri də təşvişə salıb.
Diplomatik qaydalardan, beynəlxalq hüquq normalarından bixəbər Ermənistanın baş naziri Nikol Paşinyan da başda olmaqla hakim komandada vəzifə tutan «yan»ların tez-tez dəyişən dönüklükləri havadarlarını da çaş-baş salıb. Üzünü gah Qərbə, gah da Rusiyaya döndərən Paşinyanın «Kim əlini daha çox cibinə salsa onun yanındayıq» siyasəti hakimiyyətdaxili gərginliyi də artırır.
Azərbaycanın daxili işi olan Laçın yolunda ” sərhəd-nəzarət məntəqəsinin açılmasından sonra İrəvanla separatçılar arasında daha da gərginləşən vəziyyət artıq qarşısıalınmaz həddə çatıb. Pənah yerləri olan general Lentsovun «Laçın sərhəd-buraxılış məntəqəsində birgə fəaliyyət» kimi qeyri-etik təklifinə Bakının rədd cavabından sonra əlləri «rusməramlılardan» üzülən «artsaxlılar» müxtəlif hiylələrə əl ataraq guya Xankəndinin blokadada olması görüntüsü yaratmağa çalışırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin emblemindən istifadə etməklə qaçaqmalçılıq əməllərinə başlasalar da, hiylələri baş tutmadı. «Qırmızı papaqlı» qız cildinə girən «bığlı pamparsumlar» ilk cəhdlərində tələyə düşdülər. Separatçıların törətdikləri təxribatlara görə Laçın sərhəd- keçid məntəqəsini bağlayan Azərbaycan separatizmə, terrorçuluğa qarşı mübarizədə haqlı olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyev mayın 10-da Şuşadan xalqımıza müraciətində qətiyyətlə bildirdi ki, Laçın yolunda sərhəd-nəzarət məntəqəsinin yaradılması Azərbaycanın daxili işidir və erməni separatçıları üçün qanunsuz fəaliyyətin dəftəri birdəfəlik bağlanıb. Bununla da Qarabağdakı separatçıların olan-qalan ümidləri artıq tarixin arxivinə yollanılmış «Qarabağın statusu», təqaüdə göndərilmiş Minsk qrupu kimi dəfn edilib, gorbagor olub.
Özünə haqq qazandırmağa çalışan, Azərbaycanın qətiyyətli, siyasi gedişləri qarşısında əlacsız qalan Xankəndi separatçılarının oyuncaq rejiminin «başçısı» Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq ondan yardım istəyib. Separatçıların «başçısının» Putinə ünvanladığı məktubdakı «Kimi gözləyirik? Nəyi gözləyirik?» sualının cavabını isə Prezident İlham Əliyev verib: « Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək sonra axırınız nə olacaq?» Göründüyü kimi, Azərbaycanın qətiyyətli, diplomatik qaydalara uyğun gedişləri qarşısında başqa variantlardan istifadə halları arxada qalıb. Artıq Qərb də bölgədə söz sahibi olan Azərbaycanla hesablaşır, dövlətimizin siyasətini dəstəkləyir, ərazi bütövlüyümüzü tanıyır.
İyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüş zamanı Araikin məktubunu poçtalyon kimi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təqdim etmək istəyən Nikol Paşinyanın hərəkəti isə dünyanın diplomatiya tarixində müşahidə olunmayan təlxəklik, rəzillik effekti yaratdı. Təbii ki, bu cəhd Şarl Mişel tərəfindən rədd edildi.
Prezident İlham Əliyev dəfələrlə separatçı rejimi özünü buraxmağa və təslim olmağa çağırıb. Təslim olacaqları təqdirdə qanunsuz silahlı dəstələrin üzvlərinə amnistiya şamil olunacağını da bildirən Prezident İlham Əliyevin bu çağırışının ABŞ, Avropa İttifaqı və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi separatçıları ikiqat təşvişə salıb. Çünki separatçılar yaxşı bilirlər ki, Azərbaycan bu tələbləri yerinə yetirməyən silahlı dəstələrə qarşı antiterror əməliyyatları həyata keçirəcək. Yəni, «Qisas-3”» əməliyyatı Xankəndinin, terrorçu dəstələrin toplaşdıqları ərazilərin bir addımlığındadır. Yaranan vəziyyətdən istifadə edən bəzi dairələrin Qarabağ erməniləri ilə Azərbaycanı üz-üzə qoymağa çalışması da heç bir nəticə verməyəcək. Çünki İrəvan revanşistləri, Xankəndi separatçıları kimi havadarları Fransa, İran, Rusiya da Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar.
Belə ki, Xankəndidə yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarını qorxutmağa çalışan araqarışdıranların gərəksiz sima olan «Rusiyanın adamı» Ruben Vardanyan kimilərindən istifadə etməklə guya Azərbaycanla müharibəyə hazır olmaları ilə bağlı bəyanatları köpəyin aya hürməsinə bənzəyir. Çünki İkinci Qarabağ müharibəsində Ermənistanın sınıq-salxaq ordusunun mifi birdəfəlik dağıdılıb. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, siyasi, iqtisadi imkanları artan, hərbi qüdrəti möhkəmlənən rəsmi Bakı əlində olan resurslardan istifadə edərək dövlət Bayrağımızı Xankəndidə dalğalandıracaq. Separatçıların girovu olan Xankəndinin mülki erməni əhalisi də bunu aydın başa düşür və Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır.
Bugünlərdə keçirilən Brüssel görüşləri də təsdiqlədi ki, Nikol Paşinyanın 1975-ci ilin xəritələrinə istinad etməsi erməni cəmiyyətini növbəti dəfə aldatmaq cəhdidir. Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hayastan və onun xarici havadarları hesab edirdilər ki, zəbt etdikləri Azərbaycan torpaqlarını əbədi işğal altında saxlayacaqlar. Amma Azərbaycan ədaləti öz gücü ilə bərpa etdi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan üzərindəki Zəfəri ilə şovinist, separatçı düşüncələri iflasa uğratdı. Vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. «Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Yəni, biz bütün addımlarımızı vahid proqram əsasında atmışıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, hər bir uğurlu addımın arxasında qətiyyətli siyasi iradə, güc, düşünülmüş məntiq və beynəlxalq hüquq dayanır. Yaratdığı reallıqlarla bölgədə söz sahibi olan Azərbaycan qazandığı hərbi Zəfərini siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirir. Qeyd edildiyi kimi, aparılan sülh danışıqlarının yekunlaşması daha çox Ermənistana lazımdır. Bunun üçün rəsmi İrəvan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Ən başlıcası isə Ermənistan ordusunun qalıqları Qarabağ bölgəsindən çıxarılmalıdır.
«Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır» söyləyən Prezident İlham Əliyev bir reallığı Ermənistana və havadarlarına dəfələrlə xatırladıb: «Azərbaycan heç vaxt imkan verməyəcək ki, ərazisində ikinci erməni dövləti yaradılsın.»
Buna görə də Ermənistan hələ ki, gec deyil başqalarının yalan vədlərinə inanmamalı, özü yaranan vəziyyətdən nəticə çıxarmalıdır. Var olmaq istəyən haylar iki yoldan birini seçməlidirlər: Ya sülh, ya da dəmir yumruq!

