Cəmiyyət 

Xaçaturyanın “Qızıl Xaç”lı seçimi və…

Bir müddət öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin maşınları ilə xəstələr deyil, humanitar fəaliyyət pərdəsi altında bəyannamələrdə qeyd olunmayan qaçaq mallarının (siqaret, benzin, telefon və s.) gizli formada daşınmasını Azərbaycan təkzibolunmaz faktlarla ortaya qoydu. Qurum həmin faktları təkzib etməyə çalışsa da, buna nail ola bilmədi.  Müəyyən müzakirələrdən sonra zəruri qaydalara riayət etməklə BQXK vasitəsilə erməni sakinlərinin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə yenə şərait yaradıldı.

Düşünmək olardı ki, BQXK öz fəaliyyətində dönüş yaradacaq. Amma… Həmin hadisədən heç bir müddət keçməmiş bu qurum yeni bir təxribata əl atıb. Belə ki, BQXK bu dəfə beynəlxalq hüquq normalarını pozaraq xəstə adı altında Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən birini – Vaqif Çerkezoviç Xaçaturyanı Laçın-Xankəndi yolu ilə Ermənistan Respublikasına keçirmək istəyib. Amma o, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Şübhəsiz, Xaçaturyan kimi bir cinayətkarın BQXK-nın vasitəçiliyi ilə müalicə adı altında Ermənistana aparılması təəssüf doğurur. Görəsən, axtarışda olan bir caniyə can yandıran BQXK  bununla nə demək istəyir? Axı, niyə bu qurum hərbi cinayətkarların əsas ümid yerinə çevrilməyi qarşısına məqsəd qoyub?

Hələ bu qurum utanıb-qızarmadan deyir ki, Xaçaturyanın axtarışda olan cani olması barədə BQXK-ya heç bir məlumat verilməyib. Qəribə məntiqdir, elə deyilmi? Bu fakt bir daha sübut edir ki, BQXK sözün həqiqi mənasında, terrorçuları, separatçıları dəstəkləməkdə davam edir. Yayılan fotolardan isə aydın görünür ki,  Xaçaturyanda heç bir xəstəlik əlaməti yoxdur. Şübhəsiz, o  özünü  tülkülüyə  vuraraq Xankəndidən qaçmaq istəyib.  Elə bu niyyətlə də BQXK-nın “erməni humanistliyindən” yararlanmaq fikrinə düşüb.

Doğrudur, Ermənistan bu cinayətkarın saxlanılması ilə əlaqədar növbəti şou düzəldib. Belə ki, hətta ənənəsinə sadiq olan erməni mətbuatı  68 yaşlı Xacaturyanın saxlanılmasını guya onun hərbçilərimiz tərəfindən qaçırılması kimi təqdim edib.  Onlar, həmçinin bildiriblər ki, guya bu, beynəlxalq hüquq normalarına zidd olan müharibə cinayətidir. Elə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan da öz “Facebook” səhifəsində belə yazıb. Üstəlik, separatçılar Beynəlxalq  Qırmızı Xaç Komitəsinin ofisi qarşısında bu cinayətkarın qaytarılması tələbi ilə aksiya keçiriblər. Bu aksiyada qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan, “hüquq müdafiəçisi” Qeqam Stepanyan da iştirak ediblər. Onlar utanıb-qızarmadan bildiriblər ki, guya Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsində olan şəxsin saxlanılması cinayətdir. Onların dediklərindən belə məlum olur ki, sən demə,  Azərbaycan belə bir canini sərbəst buraxmalı imiş. Bununla da təcavüzkar ölkənin, eləcə də qondarma rejimin “rəsmiləri” və onların  əlində alət olan media hərbi cinayətkara və hərbi cinayətlərə haqq qazandırmağa çalışırlar.

Qeyd edək ki, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb. Bu günə qədər onlardan heç biri saxlanılmayıb, sorğu-sual edilməyib.    Amma Vaqif Xaçaturyanın həbsi üçün ciddi hüquqi əsaslar olub. Digər tərəfdən, beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarının həbsini qadağan etmir.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına istinadən bildirək ki, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif 22 dekabr 1991-ci ildə erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib: 25 nəfər azərbaycanlını öldürmüş, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır. Artıq o bu əməllərinə görə məhkəmə qarşısında cavab verəcək. Məlumatda, həmçinin qeyd olunur ki, hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şübhəsiz, Vaqif Xaçaturyanın beynəlxalq hüquq normaları çərçivəsində saxlanılması ədalətin illər sonra olsa da, qismən bərqərar olması üçün  önəmli faktordur. Erməni terrorçular unutmamalıdır ki, rəsmi Bakının 30 il əvvəlki cinayətlər barədə topladığı materiallar əsasında soydaşlarımıza qarşı cinayət törətmiş hər bir terrorçu məsuliyyətə cəlb olunacaq. Onların hər biri törətdiyi cinayətə görə qanun qarşısında cavab verəcək.

BQXK-ya isə tövsiyəmiz belədir: Əlləri soydaşlarımızın qanına bulaşmış terrorçuların “müalicəsi” ilə məşğul olmağınız, bu niyyətlə vəsait xərcləməyiniz əbəsdir. Çünki rəsmi Bakı qeyd etdiyimiz kimi, separatçıların “müalicəsi” ilə özü məşğul olmaqda israrlıdır.

Daha çox xəbərlər