Qarabağ və Şərqi Zəngəzur: Şəhər günləriniz mübarək!
Azərbaycan 2020-cı il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq tarixi torpaqlarını təcavüzkar Ermənistanın 30 illik işğalından azad etdi. Bununla da tarixi ədalət bərpa olundu. Qəhrəman Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir. İşğaldan azad edilmiş şəhər və kəndlərə yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının təməlləri qoyulur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin sürətli icrasına start verilir.
Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Belə ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 km 10 avtomobil yolunun layihəsinin icrasına başlanılmışdır ki, bunlardan da 4-ü artıq tamamlanıb. Həmçinin uzunluğu 157,5 km olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Bundan başqa, Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində bərpa işləri yekunlaşıb, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilib. Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır.
Ölkə başçısının tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 85 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.
Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, azad edilmiş bölgələrdə işlər planlı şəkildə həyata keçirilir və orada ən yüksək standartlar tətbiq edilir. Ölkəmizin başçısı, həmçinin əlavə edib ki, iki məktəb istisna olmaqla, bütün qalan infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu gün ölkə qarşısındakı əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Ölkəmizin artan maliyyə imkanları ilk növbədə azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin daha da genişləndirilməsinə ciddi təkan verib. Belə ki, ölkə başçısı dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib.
Ekspertlərin bildirdiyinə görə, 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilərək Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün 2 milyard 260 milyon manat əlavə vəsait ayrılıb. 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, artımdan sonra bu xərc 5 milyard 260 milyon manat təşkil edib.
Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı vətəndaşlarımızı sevindirir, hər birimizin qəlbini iftixarla döyündürür.
Sərəncama əsasən, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək üçün işğaldan azad edilmiş şəhərlərin günləri təsis edilir. Belə ki, hər il işğaldan azad edilmiş ərazilərdəki 26 avqust Laçın, 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabar Zəngilan, 25 oktyabr Qubadlı, 8 noyabr Şuşa, 20 noyabr Ağdam və 25 noyabr Kəlbəcər şəhərlərinin günləri təntənəli şəkildə qeyd olunacaq.
Bəli, ölkəmizin başçısının söylədiyi kimi, qırx dörd günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır: “Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar”. Xalqımız, gələcək nəsilər bu şanlı Qələbəmizlə, Prezidentimizin Sərəncamı ilə işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsi çox haqlı olaraq fəxr edəcəklər.
Bayramınız mübarək, əziz şəhərlərimiz!..

