Cəmiyyət 

Qarabağda “dinc yürüş” avantürası

Separatçılar öz  havadarlarından işarə gözləyirlər?

Ermənistan Qarabağda vəziyyəti gərginləşdirmək missiyasını davam etdirir. Belə ki, təşkil etdikləri mitinqlərdən, aksiyalardan, Ermənistandakı diplomatik korpusların nümayəndələri ilə aparılan danışıqlardan, Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına yük karvanı toplamaqdan və digər şoulardan bir nəticə hasil olmadığını görən separatçılar indi “humanitar fəlakət” adı altında Laçın sərhəd-buraxılış məntəqəsinə  avtobuslarla “dinc” yürüş təşkil etmək fikrinə düşüblər. Bunu hayların Azərbaycana qarşı törətdkiləri təxribatın yeni forması da  adlandırmaq olar.  Qeyd edək ki, separatçılar tərəfindən “yürüşün” təşkili üçün “Dəhlizin açılması uğrunda xalq hərəkatı” adlı qondarma “qurum” ya­radılıb. Üstəlik,  neçə gündür ki, erməni mətbuatı hayların keçirəcəyi bu “dinc aksiya”dan bəhs edir. Məqsəd isə Azərbaycanın Qarabağ iqtisadi rayonundakı ermənilərin Ağdam-Xankəndi marşrutu üzrə yardımı qəbul etmək istəmədiklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

Xatırladaq ki, Ermənistan rəhbərliyi bir neçə gün əvvəl Azərbaycan hökumətinin icazəsi olmadan Laçın yolu ilə Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə “humanitar yardım” göndərmək barədə qərar qəbul edib. Yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu təklif edilib, qarşı tərəf isə öz təxribatçı məqsədinə nail olmaq üçün bundan imtina edib. Separatçılara “yardım” gətirən TIR-lar günlərdir sərhəddə gözləyir. Laçın yoluna gəlincə, yol humanitar məqsədlər üçün açıqdır. Ermənilərin isə niyyəti bu yoldan əvvəllər olduğu kimi, Azərbaycan ərazilərinə sərbəst şəkildə silah-sursat və qüvvə daşımaqdır.

Hətta haylar onların bu oyunlarını müşayiət etmək məqsədilə “sülhməramlı” qüvvələrin komandanı, general-polkovnik Aleksandr Lentsova da müraciət ediblər. Amma Lentsov bu addımın 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun gəlmədiyini, daha doğrusu, həmin sənəddə yürüşlə bağlı heç bir müddəanın olmamasını  əsas gətirərək buna razılıq verməyib. Yeri gəlmişkən onu da qeyd edək ki, Ru­siyanın Xarici İşlər Nazirliyinin rəsmi nü­mayəndəsi Mariya Zaxarova bu günlərdə keçirdiyi brifinqdə bildirmişdi ki, Ermənistan Qarabağa humanitar yüklər göndərəndə Azərbaycan ilə məsləhətləşməyib. Bu mənada Hayastanın bölgəyə huma­nitar yardım göndərmək qərarı Azərbayca­nın ərazi bütövlüyünə təhdiddir. Elə bu fakt hayların, eləcə də onların havadarlarının Azərbaycanın suverenliyinə nə dərəcədə müdaxilə etmək niyyətlərindən  xəbər verir.

Şübhəsiz, Ermənistanın məqsədi heç də Qarabağa humanitar yardım çatdırmaq deyil. Buna heç ehtiyac da yoxdur. Hətta qondarma rejimin qondarma “prezidenti”, yəni baş separatçı Araik Arutyunyan bu günlərdə verdiyi müsahibəsində Qarabağda humanitar fəlakət yaşanmamasını bilvasitə etiraf edib. Qarabağdakı erməni separatçılardan biri – Artur Osipyan da bildirib ki, Qarabağdakı ermənilərin “acından ölməsi” barədə məlumatlar həqiqəti əks etdirmir: “İnsanlar Qarabağda acından ölür kimi xəbərlər sadəcə olaraq şişirdilmiş məlumatlardır”. Bu mənada Ermənistanın və təcavüzkar ölkənin havadarlarının  separatçıların “acından öldüklərini” iddia etmələri olduqca gülüncdür.

Şübhəsiz, onların növbəti şouda əsas məqsədləri dünyada qəddar, güzəştə getməyən “vəhşi azərbaycanlı” obrazı yaratmağa, bu yolla  ökəmizə  siyasi təzyiq göstərməyə, ölmüş “status” məsələsini yenidən diriltməyə, reinteqrasiyanı əngəlləməyə, Qərb dövlətlərini bölgəyə gətirməyə, həmçinin  danışıqlar prosesində müstəqil tərəf kimi Qarabağ separatçılarının iştirakına nail olmaqdır. Bütün bu oyunların başında isə sülhdən ağızdolusu danışan Ermənistan, bu təcavüzkarın “vəkili” rolunda çıxış edən, vəziyyətdən öz siyasi məqsədləri üçün yararlanmaq istəyən, müstəmləkəçilik siyasətini davam etdirən Fransa dayanır. Elə son günlər Fransanın ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasını daha da genişləndirməsi bunu bir daha sübut edir. Bu mənada həmin “dinc” yürüşü fransızların Qarabağda növbəti fitnəkarlığı  da adlandırmaq olar.

Daha bir nüans… Xəbər verildiyi kimi, ötən ayın sonunda Xankəndidəki qondarma rejimin “parlament”inə yeni sədr – Ağdamın Gülablı kəndinin işğalına rəhbərlik etmiş, “Daşnaksütyun” fraksiyasından olan David İşxanyan seçilib. Bəzi mənbələr “dinc yürüş” avantürasının reallaşmasına onun daha çox canfəşanlıq göstərdiyini bildirirlər.

Amma “yürüşün” nə vaxt keçiriləcəyi hələ də açıqlanmayıb. Sadəcə bildirilib ki, “yürüşə” “ciddi” hazırlıq gedir. Separatçı ünsürlər bildirilər ki, cəmiyyətin böyük hissəsi  hazır olan kimi “dinc yürüşə” start veriləcək. Əslində isə bu heç də belə deyildir. Sadəcə, separatçılar öz ağalarından, havadarlarından işarə gözləyirlər. Bu da təxribatçıların Qarabağ iqtisadi rayonundakı erməniləri, havadarları isə separatçıları girov  götürmələrinin bariz nümunəsindən başqa bir şey deyil.

Hayların bu kimi fitnəkarlıqlarına baxmayaraq, Azərbaycan sülh danışıqlarına sadiq olduğunu, eyni zamanda öz prinsiplərindən, qəti və haqlı mövqeyindən geri çəkilməyəcəyini səbirlə nümayiş etdirməkdədir.

Daha çox xəbərlər