Gündəm 

İblislərin ittifaqı…

Özünə “umac ova bilməyən” İran Ermənistana “əriştə kəsməyə” çalışır

İranda xalq etirazlarının yeni dalğasının başlanmasını şərtləndirən ən mühüm amillərdən biri də iqtisadi problemlərin artması, əhalinin sosial vəziyyətinin gündən-günə daha da ağırlaşmasıdır. Üstəlik, molla rejiminin din pərdəsi altında yürütdüyü zülmdən cana doymuş insanlar 16 sentyabra – iyirmi iki yaşlı Məhsa Əmininin məcburi hicab bəhanəsi ilə “əxlaq” polisi tərəfindən zorakılığa məruz qoyulmaqla qətlə yetirilməsinin ildönümünə hazırlaşırlar. Vaxt isə getdikcə daralır, İran yeni inqilabın astanasındadır…

Hakimiyyətin təqib və təzyiqlərinə, çoxsaylı həbslərə, edamlara baxmayaraq bu gün ölkənin hər yerində əhalini kütləvi şəkildə ayağa qalxmağa çağıran şüarlar səslənir, vərəqələr yayılır. “Azad İran” xəbər verir ki, son günlər Tehranın Ekbatan qəsəbəsində inqilabçı gənclər molla rejiminə “16 sentyabrda əlidolu gələcəyik!”

məzmunlu xəbərdarlıq şüarı yazıblar. Qərbi Azərbaycan əyalətinin Saqqız şəhərində isə milli fəal qızlar hakimiyyət əleyhinə qiyama səsləyən vərəqələr paylayırlar. Vərəqələrdə “Ey həmvətən, yatmaq vaxtı deyil! Qalx! 16 sentyabr 2023-cü il, Saqqız şəhəri!” yazılıb. Oxşar məzmunlu yazılar Kərəc metrosunu da “bəzəyir”: “16 sentyabr ümumölkə qiyamı! Xameneyiyə ölüm olsun!”.

Yaxınlaşan xalq etirazları təhlükəsini sezən İranın fars-molla iqtidarı əhalinin problemlərini həll etmək əvəzinə onlara qarşı qəddarlığını daha da artırıb. HRANA-nın (İranda İnsan Haqları Təşkilatı) Statistika və Sənədlər Mərkəzinin məlumatına görə, təkcə bu ilin avqust ayında İran hökuməti tərəfindən 36-sı qadın, 11-i isə uşaq olmaqla 264 nəfər həbs edilib ki, onların arasında 20 güney azərbaycanlı soydaşımız da var. Milli fəalların əksəriyyəti Urmiya gölünün qurudulması ilə bağlı etirazlarına görə həbs ediliblər. Hesabatda bildirilir ki, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan etirazçılar sırasında ən azı 116 kürd, 22 gilək, 14 bəluç, o cümlədən və  bəhai təriqətinə mənsub 17 vətəndaş olub.

Ölkədə azad sözün boğulması, informasiya blokadasının saxlanması üçün jurnalistlərin təqib edilməsi də adi hal alıb. “İran Wire” “Teleqram” kanalının məlumatında bildirilir ki, İran məhkəməsi həbsdə olan soydaşımız, jurnalist Nazilə Mərufianı “hakimiyyətə qarşı təbliğat aparmaq”da ittiham edərək bir il məddətinə azadlıqdan məhrum etmə və 15 milyon tümən cərimə cəzasına məhkum edib. Azərbaycanlı xanımın həbsdə olarkən vəhşicəsinə döyüldüyü barədə məlumatlar da var.

Tehran İnqilab Məhkəməsi isə daha iki jurnalistə üç ilədək şərti həbs cəzası hökmü çıxarıb. Məhkəmənin qərarına əsasən, Elnaz Məhəmmədi və Negin Baqiriyə “toplaşma və əlbirolma” ittihamı irəli sürülüb. E.Məhəmmədi “Həmmihən”, N.Baqiri isə “Həft Sobh” qəzetinin jurnalistləridir.

Bu faktlar bir daha göstərir ki, İranda etirazlar təkcə milli zəmində deyil və ermənilər istisna olmaqla ölkədə yaşayan bütün xalqların mümayəndələri hakimiyyətin sosial-iqtisadi siyasətindən narazıdırlar. Çünki iranlı iqtisadçı, Tehranda Əllamə Təbatəbai Universitetinin iqtisadiyyat üzrə professoru Fərşad Mömininin sözlərinə görə, əhalinin təxminən üçdə biri yoxsulluq səviyyəsində yaşayır: “Hökumətdə biri deyir ki, 14 günə mütləq yoxsulluğun azaldılmasına göstəriş verəcək, biri də bunun artıq baş verdiyini iddia edir. Biz elə bir vəziyyətdə yaşayırıq ki, rəsmi məlumatalara əsasən, İranda təxminən hər üç nəfərdən biri  mütləq mənada yoxsuldur.”

F.Mömini İranın ali dini liderinin də ölkədə inflyasiya səviyyəsinin azaldılmasına çağırış etdiyini vurğulayıb. Bununla yanaşı, qeyd edib ki, heç Əli Xameneyinin özü də bunun hansı yollarla həyata keçirilə biləcəyini bilmir.

Fars-molla rejiminin qəddar idarəçilik tərzi, vətəndaşlara qarşı törədilən cinayətlər bəzi hallarda hakimiyyət nümayəndələri, keçmiş dövlət və hökumət başçıları tərəfindən də tənqid olunur.

İranın keçmiş xarici işlər naziri Mənuçehr Mottəki hökumətə xalqın etiraz səsini dinləməyi tövsiyə edib: “Hər bir hökumətin şikayət və etirazları eşidən qulağı olmalıdır. Bu gün Daxili İşlər Nazirliyindən tələbimiz odur ki, niyə aksiyaların keçirilməsinə icazə vermirsiniz ki, etirazı olanlar öz sözünü desin?..”

Ancaq İran hakimiyyətinin İslam dininə yaraşmayan, bu müqəddəs din adına eybəcər davranışları təkcə öz xalqına münasibətdə deyil. Belə ki, özü daxili problemlər burulğanında boğulan, xalqı üzləşdiyi yoxsulluqdan, işsizlikdən, zülm və istibdaddan ayağa qalxmağa hazırlaşan İranın molla rejimi Ermənistanla əməkdaşlığı genişləndirməyə, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində İslam abidələrini təhqir etmiş bir ölkənin iqtisadiyyatının dirçəlməsinə nail olmağa çalışır. Necə deyərlər, özünə “umac ova” bilmir, Ermənistana “əriştə kəsmək” istəyir. Belə ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 714 milyon dollar olub. Bu ilin birinci yarısında isə bu göstəricinin ötən illə müqayisədə13% artdığı bildirilir. İndi Ermənistan mallarının İran vasitəsilə regionun ərəb ölkələrinə və Hindistana ixracına da töhfə verməyə çalışır. Bugünlərdə İrəvanda keçirilən Ermənistan və İran arasında ikitərəfli ticarətin genişləndirilməsinə həsr edilmiş sərgidə hər iki ölkənin şirkətləri tərəfindən kənd təsərrüfatı, sənaye və turizm sektorlarında müxtəlif məhsullar təqdim olunub. Sərgidə İranın “Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaların Ali Şurası”nın katibi və İran prezidentinin müşaviri Höccətullah Əbdülməlekinin də iştirakı molla rejiminin öz “kafir” qardaşlarına nə qədər dəyər verdiyini göstərir. Erməni mallarının İran ərazisindən keçməklə ərəb ölkələrinə və Hindistana ixracı ilə bağlı aparılan müzakirələrdə tərəflər birgə çalışmalar və tətbiq edilən prosedurlarla sadələşdirilmiş həll yollarını tapmağa qərar veriblər.

Otuz ilə yaxın davam edən erməni işğalı zamanı, həmçinin 44 günlük Vətən müharibəsində və postmüharibə dövründə İranın davranışlarını yada saldıqda bu gün molla rejiminin öz dindaşı olan Azərbaycana düşmən münasibət bəsləməsi, əvəzində Ermənistanın silahlanması və iqtisadi baxımdan güclənməsi üçün səylər göstərməsi təəccüb doğurmur. Çünki Ermənistan və İranı yaxınlaşdıran hər ikisinin riyakarlığı, terroru dövlət siyasətinə çevirmələri, terrorizmi və cinayətkarlığı maliyyələşdirmək kimi xislətləri ilə yanaşı, həm də qorxudur – Azərbaycan qorxusu. İki iblisi ittifaq bağlamağa sövq edən də elə budur. Ancaq atalarımız əbəs deməyib ki, qorxunun əcələ faydası yoxdur…

Daha çox xəbərlər