“Qoşunla Yevlağa kimi gələcəyik” demişdilər – amma indi belə gəldilər!
Erməni nümayəndələri ilə görüşün ilkin nəticələri açıqlandı – ermənilər yanacaq və ərzaq istəyiblər; Azərbaycan dövləti verdiyi sözə sadiqdir, bəs qarşı tərəf?
Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri sentyabrın 21-də görüş üçün Yevlax şəhərinə gəliblər. APA-nın yerli bürosunun məlumatına görə, onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edib.
Görüşdə Azərbaycanın mərkəzi hakimiyyətini Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.
Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər. Əlavə məlumat üçün qeyd edək ki, Sergey Martirosyan general Vitali Balasanyana yaxındır, onun vaxtında “təhlükəsizlik şurası” adlı quruma gətirilib. Bundan əvvəl Xankəndidə Ramin Məmmədovla görüşdə iştirak edib. Həmin görüşdən sonra onu vəzifəsindən azad ediblər. Martirosyanın oğlu 44 günlük savaşda itkin düşüb. Bir ara separatçıların sülhməramlılarla əlaqələrinə cavabdehlik edib.
Nümayəndə heyəti arasında keçirilən görüş 3 saatdan artıq çəkib. Saat 13.20-də görüş yekunlaşıb.
Görüş barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb. Açıqlamada bildirilib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb: “Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib”, – açıqlamada qeyd edilib.
Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Sky News Arabia” telekanalının efirində deyib ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlərin bir görüşdə həllini gözləmək çətindir: “Hesab edirəm ki, Yevlaxda bugünkü danışıqlar çoxlu görüşlərdən birincisidir. Gözləmək lazım deyil ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlər bir görüşdə həll olunacaq. Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirib ki, erməni radikallar və onlara dəstək verən xarici mərkəzlər Yevlaxda razılaşmanın əldə edilməsini və onun yerinə yetirilməsini əngəlləməyə çalışacaqlar. Qarabağda atəş səslərinin hələ də eşidilməsi və Rusiya hərbi kontingentinə açılan atəş də buna xidmət edir: “Məqsədləri vaxt qazanmaqdır ki, bu müddətdə Azərbaycana beynəlxalq təzyiq artsın, BMT və digər strukturlar Azərbaycana qarşı müzakirələrə başlasınlar. Çünki ağ bayraq qaldırdıqdan sonra kapitulyasiya erməni radikallarla, onlara dəstək verən mərkəzlərin Azərbaycana qarşı təzyiq planlarını pozacaq. Xarici mərkəzlər dedikdə yalnız Qərbdəki dairələri nəzərdə tutmuram, işin içində Rusiyadakı şovinist mərkəzlər də var, hansılar ki, uzun onilliklər separatizm vasitəsilə ərazi bütövlüyünün bərpası məsələsində müxtəlif dövlətlərə, o cümlədən Azərbaycana təzyiq ediblər, mane olublar. Bu baxımdan tələsməliyik, separatçılara “bunu sonrakı mərhələdə müzakirə edərik” kimi şanslar verməməliyik, ordumuzun ildırımsürətli əməliyyatı kimi diplomatiyamız da separatizmi bitirmək üçün sürəti artırmalıdır. Erməni təxribatçıların və onlara dəstək verən xarici mərkəzlərin vəziyyəti gərginləşdirmək istəkləri istisna deyil. Ona görə Daxili Qoşunların Xankəndinə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir”.
Politoloqun sözlərinə görə, Yevlaxdakı görüşdə ermənilər ola bilsin ki, bizdən amnistiya məsələsinin həllini də istəyiblər və ya gələcəkdə istəyəcəklər: “Araik Arutyunyan və onun kimilər, o cümlədən qətliamlarda iştirak edənlər amnistiya oluna bilməz, cinayət işlərinə xitam verilə bilməz, qalanlarının məsələsinə baxıla bilər. Bir il əvvəl Moskvadan Xankəndinə göndərilən Ruben Vardanyan da Qarabağı nə qədər tez tərk etsə, özü üçün yaxşıdır. Ümumiyyətlə, Yevlaxdakı görüşdə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasından, manatın işlənməsindən tutmuş qazın, elektrikin və internetin Azərbaycan qanunları çərçivəsində istifadəsinə qədər bütün məsələlər həll olunmalıdır. Bunlarla razılaşmayan ermənilərə Laçın yolundan ölkəmizi tərk etmək seçimi veriləcək.
Bütün şərtlərimiz və tələblərimiz kiçik detallarına qədər yerinə yetirilməlidir, çünki separatçılar yazırlar ki, “təslim olmaq məcburiyyətindəyik, ancaq bizim günümüz yenə gələcək”. Elə etməliyik, “həmin günlər” bir daha gəlməsin, bir daha baş qaldıra bilməsinlər. Silahları təhvil verməyə hazır olduqlarını bildirsələr də, reinteqrasiya mövzusunu “müzakirə predmeti” kimi qələmə verirlər. Azərbaycan qanunlarına tabe olmalısınız! Bu, müzakirə predmeti deyil, əsas tələblərimizdən biridir. Xankəndinə silahlı qüvvələrimizin daxili və prosesi yerindəcə nəzarət etməyə ehtiyac yaranacaq. Rusiya hərbi kontingentinin bunları edəcəyinə inamımız yoxdur. Rusiya hərbi kontingentinin özünə də nəzarət lazımdır”.
Sonda Qarabağdakı ermənilərin nümayəndələri ilə görüşün niyə daha yaxın Bərdədə və ya Tərtərdə keçirilməməsi barədə bəzi suallar da var.
Ermənistan Birinci Qarabağ müharibəsində Azərbaycandakı hərc-mərclikdən və ordunun olmamasından istifadə edərək böyük ərazilərimizi işğal etdilər. Hətta dəfələrlə hədələyirdilər ki, əgər növbəti müharibə olsa, bu dəfə erməni qoşunları Yevlağa qədər gələcək. Hətta “biz Yevlağa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilirdi.
İndi ermənilər 44 günlük müharibədən sonra ikinci dəfə çox qısa müddətli növbəti məğlubiyyət dərsi aldılar. Bakının onlara hansı taleyi yazacağını görmək üçün Yevlağa gəldilər. Erməni nümayəndələri ilə görüşün bu şəhərdə seçilməsində verilən mesajı da bu cür qəbul etmək lazımdır…