İnsanlar, vəhşi təbiət, heyvanlar Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanına çevrilirlər – AÇIQLAMA
2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni dəstələrdən təmizlənməklə Azərbaycan Respublikasının suverenliyinin və Konstitusiya quruluşunun bərpa olunduğu ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir. İnsanlar, vəhşi təbiət, heyvanlar Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanına çevrilirlər.
Bu məsələ ilə bağlı “İki sahil”ə açıqlama verən “Ekoloji Maarifçilik Monitorinq” İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova bildirib ki, 30 ilə yaxın işğalda olan ərazilərimizə ekoloji zərbə vurulub: “Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Düşmənlər burada evləri, meşələri yandırıb, ekoloji terror törədiblər.
Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması taktikası Ermənistanın ekoloji terror siyasətinin əsas elementlərindən idi”.

Q. Yusubova qeyd edib ki, faşist ideologiyaya malik ermənilər 30 ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərindəki meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurub: “Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib. Bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb. Zəngilan bölgəsi də hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb etmiş məkan olub. Buranın Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir. Erməni vandallarının çirkin əməllərinin nəticəsi olaraq bu meşəyə də böyük zərbə vurulub”.

QHT sədri vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılır: “Lakin minalar və partlamamış hərbi sursatlar görülən işlərə maneə yaradır. İnsanlar, vəhşi təbiət, heyvanlar Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanına çevrilirlər. Bu günlərdə 2 ayının ictimailəşən video və fotolarını gördük. Görüntülərdə ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Lakin tək bu heyvanlar deyil, maral, cüyür, canavar, çaqqal, tülkü, dovşan, ayı, bəbir, böcəklər, qarışqalar, quşlar minlərlə canlı aləm var ki, ekoloji terrora qurban gedirlər. Bütün bunlara son qoymaq üçün Ermənistan dəqiq mina xəritələrini Azərbaycana təhvil verməlidir”.
Ekspert bildirib ki, “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə dünya təşkilatlarına müraciət edib: “Bu kimi müraciətlər tez-tez edilməlidir. Bir neçə ay bundan əvvəl Environmental Protection First adlı koalisiya yaradılmışdır. “Ekoloji Maarifçilik Monitorinq” İctimai Birliyi olaraq biz bu koalisyanın üzvüyük və məhv olan canlı aləmimizi qorumaq niyyətindəyik”.

