Marketlər politlen torbaların satışını əlavə gəlir mənbəyinə çeviriblər
Halbuki, onun istehsalı və istehlakının qadağan olunmasına dair Prezident Sərəncamı var
Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də «Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı»nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın önəmi ondadır ki, təbiətə və insan sağlamlığına zərər vuran plastik torbalardan və plastik qablaşdırmalardan birdəfəlik imtina edilsin. Burada diqqətçəkən məqam isə odur ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində, xüsusilə də supermarketlərdə istehlakçıya satılması və verilməsi qadağan edilib. Çünki onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Eyni zamanda, yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Həmçinin belə torbalar, daha çox qidaların saxlanılması üçün istifadə edilir ki, burada da temperatur dəyişikliyində zəhərli maddələr qida ilə qarışıraraq insan orqanizmi üçün təhlükə yaradır.
Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Hər il okeanlara 150 ton plastik tullantı atılır. Okeanlarda böyük tullantı adaları əmələ gəlib. Hazırda 5 belə ada var. Onlardan ikisi Sakit, ikisi Atlantik, biri isə Hind okeanındadır. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların ölümünə səbəb olur. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur.
Dünya ekoloqlarının araşdırmalarına görə, bu, son dövrlərdə ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Belə ki, əgər 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idisə hazırda bu göstərici 12 faizdən çoxdur. Yəni, əgər ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal olunubsa, həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb və təxminən 322 milyon tona bərabər olub.
Təbiblərin qənaətinə görə, , insan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan bisfenol-A maddəsi təşkil edir. «Bisfenol A» fenol qrupuna aid olan üzvi birləşmədir. Bu maddə suda zəif həll olunsa da çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır. ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır. Alimlərin qida məhsullarının plastik qablarda saxlanılması və qızdırılmasını da tövsiyə etmirlər.
Bu gün bir çox inkişaf etmiş ölkələrin plastik tullantılardan imtina edilməsi istiqamətində özünəməxsus qadağaları mövcuddur. Məsələn, qardaş Türkiyədə ilkin mərhələdə bütün satış nöqtələrində qalınlığı 15-50 mikron olan plastik torbaların istifadəçilərə və ya istehlakçılara verilməsi qadağan olunub. Gürcüstanda da qalınlığı 15 mikrondan az olan plastik torbaların idxalı, istehsalı və satışı qadağan edilib. Çində isə 2008-ci il iyunun 1-dən qalınlığı 0,025 millimetrdən az olan polietilen torbaların istehsalı, satışı və istifadəsi qadağandır. Ümumilikdə isə ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə hətta turistlərin polietilen məhsullarla gəlməsinə belə icazə verilmir.
Azərbaycanda da Prezidentin yuxarıda qeyd etdiyimiz Sərəncamı ilə plastik torbalardan istifadə qadağan edilib. Lakin buna baxmayaraq hələ də ölkənin supermarketlərində qadağan edilən plastik torbalar müştərilərə 5 qəpikdən satılır. Demək, anlaşılan odur ki, bu Sərəncamdan irəli gələn qaydalara əməl etməyən market sahibləri özləri üçün əlavə qazanc mənbəyi tapıblar.

