Region Xəbərləri 

Vətənə sevgi, xalqa xidmət ruhu

Aydın İSLAMZADƏ,
Bakı Dövlət Universitetinin tələbəsi

Dövlət elə bir nəsil formalaşdırmalıdır ki, gələcəyini ona etibar edə bilsin. Azərbaycanda da dövlət gənclər siyasəti bu təməllər üzərində qurulmuşdur. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra dövlətin diqqət yetirdiyi sahələrdən biri də gənclər siyasəti oldu.
Ümummilli Lider gənc nəslin inkişafı üçün mühüm addımlar atdı. 1993-cü il sentyabrın 22-də hələ Ali Sovetin Sədri olarkən gənclərlə görüşdü, onlara inam və etibarını bildirdi, ölkənin inkişafında fəal iştirak etməli olduqlarını qeyd etdi. Heydər Əliyevin gənclərlə növbəti görüşü 1995-ci ilin martında keçirildi. Çıxışında hər zaman gənclərin yanında olacağını vurğuladı, onların yetişməsi üçün əzmlə çalışacağını bildirdi.
Ulu Öndərin Azərbaycan gəncliyi ilə bağlı hədəflərini biz onun nitqlərində açıq-aydın görə bilirik: “Ölkəmizin bugünkü gəncləri, gənc nəsli Azərbaycanın parlaq gələcəyi yolunda öz xidmətlərini göstərəcək və Azərbaycanı gələcəkdə inkişaf etdirəcəkdir”.
Heydər Əliyev 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında yeni nəslin formalaşması, gənclərin inkişafının təmin edilməsi, yüksək səviyyədə təhsil alması, vaxtlarını səmərəli keçirməsi nazirliyin qarşısında duran əsas məsələlər oldu. Bu fərmandan sonra ölkədə geniş tədbirlərin həyata keçirilməsinə başlanıldı. 1996-cı il fevralın 2-də iki mindən çox gəncin iştirakı ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirildi. Tələbələr, hərbçilər, jurnalistlər, siyasi partiya və digər təşkilatlardan olan gənclərin iştirak etdikləri forumda çıxış edən Ulu Öndər Azərbaycan gəncliyinə xitab edərək onlara olan güvənini bir daha vurğuladı, yerinə yetirməli olduqları məsələləri diqqətə çatdırdı: “Gənclərin qarşısında duran vəzifələr birinci növbədə cəmiyyətdə öz yerini tutmaqdan, maariflənməkdən, təhsilini artırmaqdan, cəmiyyət üçün faydalı olmaqdan ibarətdir”.
Dövlət gənclər siyasətinin davamı olaraq 1997-ci ildə verilmiş fərmana əsasən, 2 Fevral Gənclər Günü elan edildi. Daha sonra Gənc İstedadlara Yardım Fondu yaradıldı. Azərbaycan gənclərinin ikinci forumu 1999-cu il martın 2-3-də keçirildi. 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” fərman imzalandı. Fərmanda Azərbaycan gəncliyinin inkişafı ilə bağlı olduqca mühüm məsələlər əksini tapdı. Əlavə olaraq 1996-2002-ci illər ərzində Heydər Əliyev “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” fərman və sərəncamlar imzaladı. Görülən tədbirlər nəticəsində Azərbaycan gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevrildi.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən gənclər siyasəti bu gün də uğurla aparılır. Prezident 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. 2005-2009-cu illəri əhatə edən proqramda Azərbaycan gəncliyinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Ölkə Prezidentinin fərmanı ilə 2006-cı ildə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilmiş, 2007-ci il isə ölkəmizdə “Gənclər ili” kimi qeyd olunmuşdur. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ilə 5000-ə qədər gəncimizin xarici ölkələrdə təhsil alması imkanı yaradılmışdır. Gənclərin məşğulluq sahəsinə daim böyük diqqət göstərən ölkəmiz 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondunun dəstəyi ilə “Gənclərin məşğulluq sammiti”nə evsahibliyi etmişdir. 2011-2015-ci illərdə növbəti gənclər siyasəti ilə bağlı proqram uğurla həyata keçirilmişdir. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı sərəncamının icrası da yüksək səviyyədə təmin edilmişdir. 2020-ci il Azərbaycanda “Könüllülər ili” kimi keçirilmişdir.
44 günlük Vətən muharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etmişdir. Fəxr edirik ki, qalib ordumuzun əsgər və zabitləri sırasında gənclərimiz az deyil.
Prezident İlham Əliyev bildirmişdir: “Bu gün Azərbaycan təbii ki, inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə eyni zamanda Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

ARANTV.AZ 

Nilufər Əliyeva

Daha çox xəbərlər