Azərbaycan və Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb – YENİLƏNİB + FOTO
Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb. Qarşılıqlı səfərlərin, bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.
Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.
Görüşün sonunda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
10:26
Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir.
Y.Güler artıq Bakıdadır.
Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.

