Cəmiyyət 

Bayram ərəfəsində hansı məhsullar bahalaşacaq?

Azərbaycanlıların milli bayramı hesab olunan Novruz bayramının başlamasına demək olar ki az vaxt qalıb. İnsanlar bayram ab-havası içindədirlər. Hazırkı iqtisadi vəziyyət insanların alıcılıq qabiliyyətinə təsir etməsinə baxmayaraq, azərbaycanlılar bu bayramı əvvəlki illərdə olduğu kimi bol süfrə ilə qarşılamaq istəyirlər.

Bəs bayram ərəfəsində hansı məhsullarda bahalaşma ola bilər?

Mövzu ilə bağlı BiG.AZ-a iqtisadçı-ekspert Asif İbrahimov deyib.

O bildirib ki, iqtisadi qaydalara görə, tələb təklifi formalaşdırır.

“Novruz bayramına qədər xüsusilə vətəndaşların şirniyyatlar üçün istifadə etdiyi qida məhsullarında süni artım olur. Bundan əlavə olaraq orta statistik Azərbaycan vətəndaşlarının süfrəsində çərəz məhsulları, düyü tipli məhsullar önəmli yer tutur. İnsanlar bu məhsullardan çox aldığı zaman isə qiymətlərdə bahalaşma müşahidə olunur. Bu həm təbii, həm də süni faktorlara əsaslanır. Hər il cüzi də olsa bahalaşma qeydə alınır. Buna görə vətəndaşlar çərəz tipli və digər məhsulları bir-iki ay öncədən almağa çalışır. Lakin hər məhsulu da öncədən almaq olmur. Yağ məhsullarında 1.5 dəfə bahalaşma müşahidə olunur, eyni zamanda xidmətlərdə də bahalaşma gözlənilir. Bəzi insanlar bayramı ənənəvi olaraq evdə qeyd etmək istədiyi halda, bəziləri isə hotellərə üz tutur. Bu da qiymətə təsir edir”.

Ekspert alıcıların ən çox aldığı məhsul olan ətin qiyməti ilə bağlı suala cavab olaraq bildirib ki, ətin qiymətinin bahalaşması gözlənilmir. Ölkədə yetəri qədər maddi texniki baza mövcuddur, həmçinin xaricdən də ixrac edilir.

Qeyd edək ki, ət məhsulları bir neçə ay öncə bahalaşıb.

Daha çox xəbərlər