Oruc ruhun qidası olduğu kimi, dua da ibadətin ruhudur – İlahiyyatçı
“Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərtib olunan cədvəldə imsak və sübh azanının vaxtları qeyd olunub. Bununla yanaşı, gündəlik dualar da yer alıb.”
Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı hacı Gülağa İsmayılov “İki sahil”ə ramazan ayının duaları barədə şərh verib:

“Ramazan ayının gündəlik duaları Peyğəmbəri-Əkrəmdən (s) nəql edilib. Bu dualar tarix boyu dövrün nüfuzlu alimləri tərəfindən öz kitablarında yer alıb. Bu dualara geniş şərhlər və izahlar verilib. Heç şübhəsiz ki, bu dualar Ramazan ayına xüsusi gözəllik qatır. Oruc ruhun qidası olduğu kimi, dua da ibadətin ruhudur. Bu ayda möminlərin ən kəskin silahı dualardır. Əziz Peyğəmbərimiz (s) buyurub: “Dua möminin silahıdır”.
İlahiyyatçı vurğulayıb ki, dua anlayışı bir məfhum kimi, qulun Allaha sığınması və yalvarması, Allahın böyüklüyü qarşısında qulun gücsüzlüyünü, acizliyini etiraf etməsi, sevgi və ehtiram hisləri ilə lütf, kömək və əfv diləməsi kimi mənaları ehtiva edir: “Çünki insan məhdud, zəif, arzu və ehtiyaclarla dolu bir varlıq kimi yaradılmışdır. Allah isə yaradandır, gücü sonsuz, neməti bol, mərhəməti genişdir. Dua “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)” (“Fatir” surəsi, 35/15).”

G.İsmayılov bildirib ki, duada əsas məqsəd bəndənin halının Allaha ərz edilməsidir, buna görə də dua bəndə ilə Allah arasında irtibatdır, əlaqədir: “Duada namaz kimi Allaha bir ibadətdir. Aşağıdakı ayə də buna işarə edir: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin” (“Əraf” surəsi, 7/55). Başqa sözlə “dua” aciz və fani varlıqlar olan biz insanlar ilə hər şeyə qadir və əbədi olan Rəbb arasındakı körpüdür. Peyğəmbərimiz (s): “Dua möminin silahıdır!” – buyuraraq bu körpüdən istifadə etməyimizi və bu qoruyucu silahdan hər zaman istifadə etməyimizi tövsiyə edir. Eyni zamandə Allah-Təala bir ayeyi-kərimədə: “Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! (Ğafir, 40/60.) – buyuraraq bizləri duaya təşviq edir. Dua eyni zamanda zikr və ibadətdir. Bu səbəbdən Peyğəmbərimiz (s): “İbadətin məğzi duadır!”– deyə buyurmuşdur. Buna görə də bəzi ayələrdə ən mühüm ibadət olan namaz da məhz “dua” kəlməsi ilə ifadə olunmuşdur. Eyni zamanda namaz mənasında işlədilən “salət” kəlməsinin əsli də “dua etmək” deməkdir. “Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul edən kimdir?” (ən-Nəml, 62)
De ki: “Əgər duanız olmasa, Rəbbim sizə nə deyə əhəmiyyət versin”? (Furqan, 77)
Qullarım Məni səndən soruşduqda, şübhə yox ki mən (onlara) çox yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə (onlar da) mənim (razılığım) üçün (dəvətimi) qəbul etsinlər və mənə iman etsinlər. Bununla da haqq yolu tapsınlar. (Bəqərə, 186)
Bu mübarək ayədən göründüyü kimi Allahın qoyduğu şərtə əməl edəriksə Uca Allah bizim dualarımızı mütləq qəul edər. O şərtlər isə çox aydın şəkildə bəyan edilib:
1.Elə isə (onlar da) mənim (razılığım) üçün (dəvətimi) qəbul etsinlər
2. Və mənə iman etsinlər.
Allah bu mübarək ayda edilən bütün duaları qəbul etsin. Amin!”

