Ramazan 

İmsak bizi sevgiyə, şəfqətə, mərhəmətə dəvət edir – İlahiyyatçıdan ÖZƏL

“İmsak anlayışı dinimizdə doğru və önəmli amillərdən biridir. Peyğəmbərimiz (s.a.s.) deyir ki, sizdən öncəki əhli kitabla sizin aranızdakı  orucun ən böyük  fərqlərindən biri sahura qalxmağınızdır. Əslində biz insanlar orucu tutmuruq. Oruc bizi tutur. Bizim həyatımızı sağlam tutur. Bizi sevgiyə, şəfqətə, mərhəmətə dəvət edir. Haram yollardan çəkindirir. Bu mənada imsak əslində bir bərəkətdir. Allahın rəsulu deyir ki, imsaka qalxın, sahur yeməyində böyük bərəkət var.”

Bu fikirləri “İki sahil”ə ilahiyyatçı, hacı Ağa Hacıbəyli bildirib.

A.Hacıbəyli vurğulayıb ki, bu baxımdan sahura oyanmaqla insan təkcə maddi qida ilə bərəkətlənmir: “O vaxt ayağa qalxmaq, oyanmaq kainatda və məna aləmimdə  Rəbbimizin payladığı nemətlərə sözün yaxşı mənasında şərik olmaqdır. “Ayıldım gəldim ya Rəbbim. Mən də varam. Sənin üçün oyandım, isti yatağımı tərk etdim.” Yəni insan öz iradəsini özü tərbiyə edir. İnsan həyatını özü inşa edir. Allahın ona verdiyi həyatı düzgün qurur. Yəni bədəndən çıxır ruha, mənaya doğru üz tutur. Yəni sahurda belə bir başlanğıc var. 14 saatlıq səfərə sahurda start verilir. Ona görə də sahur yeməyini yemək böyük bir bərəkəti almaq, Rəbbin rzasını qazanmaq üçün mübarizəyə başlamaqdır.”

İmsak sübh azanına qədər davam edirmi?

İlahiyyatçı onu da diqqətə çatdırıb ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərtib olunan cədvəldə imsak  və sübh azanının vaxtları qeyd olunub: “Sual olunur ki, imsak sübh azanına qədər davam edirmi? Məsələ belədir ki, sübh azanı namazın vaxtının girdiyini elan edir. Ümumiyyətlə ramazan ayında qədim zamanlarda islam cameəsində həmişə belə bir addım atılıb ki, insanları təşviq etmək üçün başqa alternativ olmadığı üçün bir azan verərmişlər. Bu azan insanları sahura oyanmaları üçün verilərmiş. Sahura oyanan insanlar artıq ikinci azanı gözlüyərlərmiş. Həmin ikinci azan namazın başlanmasını ifadə edərdi. QMİ-nin təyin etdiyi təqvimdə həm imsak, həm də sübh azanın vaxtları qeyd olunub. Əslində imsak vaxtı əlini yeməkdən çəkmək mənasını daşıyır. Yəni orucu tutma vaxtının olduğu anlamına gəlir. “Əmsaka yumsuku imsak” tutma mənasını daşıyan ərəb mənşəli kəlmədir. Azan veriləndə artıq namaz başladı, yemə-içmə haram oldu, yasaq edildi anlamını verir. Belə deyək ki, imsak vaxtında əlimizi yeməkdən çəkirik. Sübh azanına qədər olan müddət, yəni imsak oruc tutan insanların daha ehtiyyatlı davranmaları üçündür. Gözəl ibadətlərini, uzun zaman ifadə edən zikri, yəni orucu daha gözəl şəkildə tutsunlar.”

Daha çox xəbərlər