Vaxtında gəlib, vaxtsız gedən böyük Kapitan- VİDEO
Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova bildirib ki, onunla çox gənc yaşlarında bir- birlərini tanıyıblar: “Anarın yanında özümü çox güclü bir qadın kimi hiss edirdim. Çünki o cəmiyyətə qarşı necə ədalətli idisə, mənə də qarşı elə idi”.
Övladları üçün sanki bir həyat müəllimi idi Anar Məmmədxanov. Oğlu İslam Məmmədxanov atası haqqında bildirib ki, onun nəsihətini həyat şüarı kimi qəbul edib: “Atam deyərdi ki, ata nə uğurlar qazanırsa, qazansın, oğul ondan həmişə üstün olmalıdır, yoxsa atanın işi yarımçıq qalar. Onun bu sözlərini əsas tutub daim zirvələrə ucalmaq istəyirəm”.
Qızı Məryəm Məmmədxanova isə Anar Məmmədxanovun qızı olmaqla fəxr etdiyini bildirib: “Özünə, fikrinə, ətrafına, ailəsinə, dostlarına sadiq olan bir insan idi. Mən hara gedirəm orada məni çox xoş qarşılayırlar. Çünki mən məhz Anar Məmmədxanovun qızıyam. Bundan gözəl bir miras təsəvvürümə gətirə bilmərəm”.
Həmişə deyərdi ki, bir gün biz Şuşaya qayıdacağıq. Anar Məmmədxanov həm də deyərdi ki, “vaxtında gəlib, vaxtında getmək lazımdır”. Ancaq özü vaxtında gəlsə də, vaxtsız getdi bu dünyadan. Ən böyük arzun olan Şuşanın azad olunduğu günü görməliydin, Kapitan!

