Narkomaniya bəşəriyyətin bəlasına çevrilib
“Ağ ölüm” adlandırılan narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğur. Narkomaniya yunan sözüdür. “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb.
Etiraf etmək lazımdır ki, narkomaniya bizə keçmiş sovet dövründən miras qalıb. O vaxt dövlət narkomaniyanın cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etməyə çalışdığından, narkotiklərlə bağlı cinayətlər barədə rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxladığından müalicəsi çox çətin olan bu xəstəliyin getdikcə yayılıb kök atmasına səbəb olmuşdu. Respublikamız imperiya əsarətindən azad olub, öz müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanları və ictimai təşkilatlar birgə fəaliyyət göstərməyə başladı.
Mütəxəssislərin fikrincə, narkotik ticarətçiliyi neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə “narkomaniyanın vətəni” adlanan Əfqanıstanda onun meydanının ibəil genişlənməsinə səbəb də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın inkişafının qarşısını vaxtında ala bilməsə, o, yaxın gələcəkdə böyük ictimai faciələrə gətirib çıxara bilər.
Bəs narkotik nədir? Əhali, xüsusilə yurdumuzun gələcək qurucuları olan gənc nəsil onun törədə biləcəyi faciələri daha dərindən dərk etsin deyə bu barədə qısa da olsa, söz açmaq istəyirik. Narkotik insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki getdikcə “azalır”, fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ “cangüdən” rolunu oynayır. Narkotik maddələr qəbul edən insanlar özləri də bilmədən həmin orqanları zədələdiklərindən yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur. Narkotikanın ən çox yayılmış növləri xaşxaş, kokain, nəşə, metazoan, tiryək, marixuana, heroindir. Bu narkotik maddələrini bir-iki dəfə qəbul etdikdən sonra insanlarda yavaş-yavaş asılılıq yaradır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrıya dözməyib özlərinə qəsd etmək məcbiriyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim insanlardan qaçıb uzaqlaşmağa çalışırlar. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Narkotik maddənin satışı ilə məşğul olan insanlar “ölüm kabusları”dır. Böyük fransız təbibi Fransua Moriakın dediyi kimi, “narkomaniya insanın öz ölümündən həzz almasıdır”. Narkomanlar özlərini bilə-bilə ölüm adlı kabusun qoynuna atanlar zümrəsidir.
Narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinirdi. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaşdan alınan cirə – yəni, tiryək tibbi məqsədlər üçün istifadə edilirdi. Ümumiyyətlə, tiryəkli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları aradan qaldırmaq, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu.
Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yanlış olaraq, həmin xalqın ənənələri ilə bağlayırlar. Hindistanı gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir: “Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir”. Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoy isə deyirdi: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır”.
Narkotik asılılığın elmi anlayışı barədə ilk dəfə məlumat XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək, müxtəlif xalqların genefonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə çevrildi. Eyni zamanda, narkotik maddələrin qanunsuz dövriyyəsi qazanc əldə etmək üçün başlıca vasitə oldu.
Cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Təəssüf ki, elə bədbəxtliklər də buradan başlayır…
Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üzərində dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən müdrik şəxsiyyət 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” imzaladığı fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlandı. Bu bəşəri bəlaya qarşı mübrizə məqsədilə Dövlət Komissiyası yaradıldı. Azərbaycan 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “ Psixotrop maddələr haqqında” 1971-ci il konvensiyalarına da qoşuldu. Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qadağan edildi. Ulu Öndərin 15 iyun 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illərdə narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edildi. Bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradıldı.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlardan idi. Dövlət başçısı cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2019-cu il 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” Azərbaycan Ordusunda rəhbər tutularaq, bu istiqamətdə illik fəaliyyət planı hazırlandı, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi məqsədilə birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində, müəssisə və təşkilatlarda bir sıra tədbirlər həyata keçirildi, bu gün də keçirilməkdədir.
Azərbaycan Ordusunda xidmət edən gənclərimizə sağlam həyat tərzinin təbliğ edilməsi, narkomaniyanın törətdiyi fəsadlar barədə mütəmadi olaraq dolğun, düzgün məlumatların çatdırılması məqsədilə “Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya”, “Narkomaniya nədir?”, “Narkomanın aqibəti”, “Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur”, “Narkomaniyaya yox deyək”, “Gənclər sağlam həyat tərzi seçir!”, “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzularında təlim metodiki məşğələlər, komfranslar, “dəyirmi masa”lar və seminarlar təşkil olunur.
Bu gün gənclər və yeniyetmələr arasında maarifləndirmə və tərbiyə işinin aparılması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Eyni zamanda, bu məsuliyyətin mühüm bir hissəsi bütövlüklə cəmiyyətin, ordunun, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, mətbuatın, internet resurslarının, sosial şəbəkələrin, mədəni-maarif müəssisələrinin üzərinə düşür.

