Region Xəbərləri 

Azərbaycan-Tacikistan münasibətləri

Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir.
Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib.
15 Mart 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüşü olub. Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Səfər zamanı Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər imzalanıb. Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni imzalayıblar. Sonra Azərbaycan Respublikası və Tacikistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri sahəsində, mədəniyyət və incəsənət sahəsində, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm sahəsində, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya sahəsində, dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq, hava əlaqəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.
İmzalanma mərasimindən sonra dövlət başçılarının birgə mətbuat konfransı keçirilib. Dövlət başçıları bəyanatlarla çıxış ediblər.
Prezident Emoməli Rəhmon bəyanatında bildirib: “…Dövlətlər arasında bütün mübahisələrin dincliklə həllinin qəti tərəfdarı olan Tacikistan Dağlıq Qarabağ münaqişəsinin tərəflər arasında danışıqların bərpasını alqışlayır və bunu dünyanın bu çox mühüm regionunda sülhün və sabitliyin möhkəmlənməsi üçün yeganə vasitə sayır…”.
13 avqust 2007-ci ildə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon təkbətək görüş keçiriblər. Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib.
Prezident İlham Əliyevin və Prezident Emoməli Rəhmonun geniş tərkibdə görüşündən sonra Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər imzalanıb. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannaməni imzalayıblar. Sonra statistika sahəsində əməkdaşlıq haqqında, “Det.Al Metal DMCC” və “TALCO management Ltd” şirkətləri arasında çoxtərəfli əməkdaşlıq proqramı haqqında çərçivə sazişi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Ədliyyə Nazirliyi arasında, elm, texnika və texnologiya sahəsində, rabitə və informasiyalaşdırma sahəsində, təhsil sahəsində əməkdaşlıq haqqında, ikiqat vergitutmanın aradan qaldırılması, gəlir və kapitala görə vergilərin ödənilməsindən yayınma hallarının qarşısının alınması və azad ticarət haqqında hökumətlərarası sazişlər imzalanıb.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon birgə mətbuat konfransı keçiriblər. Bəyanatlarla çıxış edən dövlət başçıları jurnalistlərin suallarına cavab veriblər. Tacikistan Prezidenti Emoməli Rəhmon Heydər Əliyev Fondunda olub. Tacikistan Prezidentinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun fəaliyyəti barədə məlumat verilib.
Prezidentlərin qarşılıqlı səfərlərindən sonra əlaqələr daha da inkişaf edib.
13 fevral 2008-ci ildə Prezident İlham Əliyev Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədri Bobozoda Qulomconun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın işçi qrupunun iclasının işə başlamasının ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
11 noyabr 2009-cu ildə isə Tacikistan prezidenti bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul edib. Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığa dair məsələlər, qoşunların döyüş hazırlığının artırılması, hərbi kadrların hazırlanması və elmi əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyin zəruri olduğu bildirilib. Emomali Rahmon Tacikistanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək, iki ölkənin müdafiə qurumları arasında da münasibətlərin bu səviyyəyə çatacağından əminliyini ifadə edib.
“Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan “Nurek” Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin yaxşılığını unutmayacaq”. Tacikistan prezidenti bu fikirləri 2009-cu ildə Tacikistanda keçirilən Beynəlxalq simpoziumda bildirib. Ümumi gücü 2.700 MW’t olan “Nurek” Su Elektrik Stansiyası Paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işıqla təmin edir.
Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Tacikistan Respublikası alüminium istehsalı üçün Azərbaycan Respublikasından gil-torpaq və neft koksu idxal edir. Gəncə gil-torpaq kombinatından Tacik Alüminium Şirkətinə hər il 300 min tondan çox gil-torpaq göndərilir. Bununla yanaşı, Azərbaycandan nar şirəsi, kərə yağı, şəkər və digər kənd təsərrüfatı məhsulları idxal edir.
Azərbaycan iqtisadiyyatının ət-süd istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq sahəsi, şərabçılıq və digər kənd təsərrüfatı bitkiləri kimi sahələr Tacikistan üçün müəyyən maraq doğurur. Ölkələrimiz arasında mal dövriyyəsi 2009-cu ildə 25 milyon 472 min dollar təşkil edib.
Dərin tarixi köklərə söykənən Azərbaycan – Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. 2007-ci ilin oktyabrında Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilib. Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
2008-ci ilin 9-12 noyabrında isə Tacikistanda “Azərbaycan mədəniyyət günləri”nə start verilib. Mədəniyyət günlərində Azərbaycanın 73 nəfərdən ibarət nümayəndə heyəti Tacikistanda səfərdə oldu. Mədəniyyət günlərinin yekunu olaraq Tacikistanın prezidenti İmomali Rəhmon nümayəndə heyətini qəbul edib. Tacikistanda Azərbaycan dramaturqlarının əsərləri, eləcə də, “Didor-Düşənbə” 3-cü Beynəlxalq Kino Festivalında Azərbaycan kinematoqrafçıları Əli İsa Cabbarovun qısametrajlı “Düyün” və Murad İbrahimbəyovun tammetrajlı “Üç qız” filmi nümayiş etdirilib.
Azərbaycanla Tacikistan İKT, İƏT, MDB və s. kimi regional təşkilatlarda, həmçinin, TRACECA kimi beynəlxalq proqramda faydalı əməkdaşlıq edirlər. 8 sentyabr 1998-ci ildə Bakıda “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfrans keçirilib və 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi bu konfransda Tacikistan da təmsil olunub. Konfransda “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri imzalanıb.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Prezident İlham Əliyevin cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verilib.
Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.
Nicat İsmayılov – Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər