Gündəm 

Ermənistan nə vaxta qədər Fransanın təxribatlarına uymaqda davam edəcək? – ŞƏRH

Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etmişdi. Amma 2024-cü ilin iyun ayının 18-də Fransa Ermənistanla “CAESAR” markalı özüyeriyən artilleriya qurğularının və onlar üçün mərmilərin, daha doğrusu, öldürücü, həm də hücum təyinatlı silahların satışı barədə müqavilə imzalayıb. Qeyd edək ki, CAESAR özüyeriyən silahı zirehli kabinli Renault Sherpa 10 yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.

Silah satışı ilə eyni gündə bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış da edib. Bu barədə Fransanın “Le Point” nəşri məlumat yayıb. Müraciətdə onlar “müəyyən silahların tədarükünə, eləcə də ən yaxşı məktəblərimizdə erməni əsgərlərin təliminə icazə verməklə bu dövlətə müdafiə xarakterli hərbi yardım göstərmək təşəbbüsünə” görə Makrona “təşəkkürlərini“ də çatdırıblar. Hətta onlar utanıb-qızarmadan ermənilər üçün “soyqırımı riski”nin olduğunu iddia ediblər.  Bu da Fransanın Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyasından başqa bir şey deyil. Müraciəti Parisin meri Ann İdalqo, filosof Elizabet Badinter, keşmiş Avropa və xarici işlər naziri Bernar Kuşner, İl-de-Frans regionunun prezidenti Valeri Pekres, Avropa Parlamentinin üzvləri Fransua-Ksavye Bellami, Natali Luazo, Jan-Mark Cermen, Monpelye şəhərinin meri Maykl Delafos və başqaları imzalayıblar.

Şübhəsiz, bu, Fransa prezidenti Emmanuel Makron tərəfindən təşkil olunmuş bir kampaniyadır. Bununla Makron sadəcə demək istəyir ki, guya bu ölkənin siyasətçiləri onun Cənubi Qafqaz “siyasət”ini dəstəkləyirlər. Halbuki, “Europe1”, “CNews” və “Le Journal du Dimanche” kimi media orqanlarının sifarişi ilə keçirilmiş sosial sorğunun nəticələrinə görə, fransızların əksəriyyəti Prezident Emmanuel Makronun istefasını istəyir. Çünki fransız xalqı yaxşı bilir ki, Makronun uğursuz “siyasi” gedişləri Fransanı uçuruma aparır.   Bu cür yarıtmaz siyasətin nəticəsidir ki, Fransa Prezidenti Emmanuel Makronun partiyası Avropa Parlamentinə seçkilərin nəticələrinə görə biabırçı şəkildə məğlub olub.

Bütün bunlar Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasını, həm də Makronun riyakarlığını bir daha ortaya qoyur. Fransanın Ermənistanı yenidən silahlandırılması və Azərbaycanla bağlı dezinformasiyalar tirajlaması, hayların revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur. Bununla da Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olmaqda davam edir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Şübhəsiz, bütün bunlar tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi olan Fransanın hələ də Azərbaycanın uğurlarını həzm edə bilməməsindən irəli gəlir.
Bu yerdə bir məqama da toxunaq. Ermənistan rəhbərliyi bir tərəfdən sülhdən danışır, digər tərəfdən də hücum silahları alır. Bu da Ermənistanın baş naziri Nikol Paşinyanın sülhlə bağlı açıqlamalarında səmimi olmadığından bir daha xəbər verir.

Yeri gəlmişkən qeyd edək ki, aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev demişdir: “Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Bəziləri təhlükəli, bəziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Ermənistana çatdırılır. Ona görə bir daha bu platformadan istifadə edərək Ermənistana mesajım budur ki, bunu etməyin”. Görünən budur ki, Nikol Paşinyan hələ də öz ampluasındadır. Yəni, o, Makronun cızdığı xətdən çıxa bilmir və yaxud çıxmaq istəmir. Amma Makronun və Paşinyanın bu gedişləri Cənubi Qafqaza, o cümlədən Ermənistana yaxşı heç nə vəd etmir. Halbuki, ən yaxşı yol Fransanın təxribatlarına uymamaq, irimiqyaslı silahlanma proqramına son vermək və Azərbaycanla sülh yolunu tutmaqdır. Əks halda,  bu məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında deyildiyi kimi, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha çox xəbərlər