Region Xəbərləri 

Azərbaycan – Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşdır

Son dövrlər dünyada baş verən geosiyasi proseslər Avropanı neft, qaz ümumilikdə enerji təhlükəsizliyi məsələləri dərindən narahat edir. İstənilən ssenaridə Avropa ilk növbədə özünün təhlükəsizliyini düşünür və bu baxımdan atacağı addımlara labüd müsbət sonluq prizmasından yanaşır. 44 günlük Vətən Müharibəsindən sonra Avropanın bəzi dövlətlərinin sərsəm bəyənatlarına Azərbaycanın qətiyyətli cavabı Avropanın bir addım geri atmasına gətirib çıxardı. Üstəlik Avropada düşünən beyinlər Azərbaycanın apardığı siyasətin əsas qarşılıqlı hörmət prinsipi üzərində qurulduğunu gözəl başa düşür. Birinci növbədə Azərbaycan enerji resurslarından təhdid və təsir vasitəsi kimi Avropaya qarşı istifadə etmir, əksinə dostluq və iqtisadi maraqlara söykənən şəffaf ticarət əlaqələri qurmaq məqsədi daşıyır. Prezident İlham Əliyevin cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı dünya enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi bir töhfədir. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard olması artan ticarət əlaqələrinin möhkəmlənməsidir. Enerji təhlükəsizliyi baxımından Azərbaycan Avropanın mühüm tərəfdaşlarından birinə çevrilib və bəlkə də yaxın gələcəkdə Azərbaycan bu sıralamada birinci olacaq. Eyni zamanda enerji ixracı ilə bağlı Azərbaycanın öz tərəfdaşlarına öhdəliklərini vaxtında yerinə yetirməklə güvən verir. Azərbayacan kimi etibarlı tərəfdaşı Avropada heç kim itirmək istəməz. İqtisadi əlaqələrin şaxələndirilməsində enerji təchizatının xüsusi rolunun olması da iqtisadiyyatın digər sahlərində də əməkdaşlıqlara geniş yol açacaq. Hal-hazırda Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə bu ölkələrlə yanaşı Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Yeni bazarlara girişimizin olması həm iqtisadi, həm də siyasi əlaqələrimizin güclənməsinə birbaşa şərtdir. Bu gün cənab Prezident İlham Əliyevin Avropada öz siyasi addımları ilə böyük iqtisadi potensiyalı olan layihələrin ölkəmizə cəlb olunması Azərbaycanın iqtisadiyyatının güclənməsində ən böyük faktordur. Cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, yeni tərəfdaşlarla əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu sözlərlə Cənab Prezident Azərbaycanın Avropa qaz təchizatında eyni zamanda Avropa ilə iqtisadi əməkdaşlıqda nə qədər etibarlı tərəfdaş olduğunu bir daha göstərdi. Qarabağmızın yenidən qurulmasında Avropa şirkətlərinin maraqlı olmasına gətirib çıxaran bu addımlar dövlətimizin iqtisadi və siyasi gücünün göstəricilərindən biridir. Qazla yanaşı Azərbaycan nefti də dünya bazarında eləcə də Avropa bazarında xüsusi paya sahibdir. Azərbaycan neftinin nəql olunduğu bölgələrin istər enerji, istərsə də geosiyasi sabitlik baxımından xüsusi çəkisi var. Azərbaycan enerji resurslarından iqtisadi və dostluq əməkdaşlığı baxımından ən səmərəli şəkildə istifadə edir. Cənab Prezident çıxışında xüsusi olaraq qeyd etdi ki, indi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Bu cümlə Azərbaycanın neft və qazının önəmini xüsusi olaraq özündə ehtiva edir.
Son olaraq qeyd edim ki, artıq dünyada iqtisadi və siyasi cəhətdən sabit Azərbaycanla iqtisadi əlaqələrə bütün Avropa maraqlıdır. Bütün siyasi gedişləri dərindən qiymətəndirən, atılan hər bir addımı zərgər dəqiqliyi ilə hesablayan Cənab Prezident İlham Əliyev Azərbayacanın iqtisadi rifahını əsas prioritet hesab edir və buna da, artıq nail olunub. Qarabağda aparılan geniş miqyaslı quruculuq işləri dövlətimizin iqtisadi gücünün göstəricilərindən biridir. Eyni zamanda dünyanın öndə gələn şirkətlərinin Azərbaycana investisya yatırmaqda maraqlı olmaları da, siyasi sabitliyimizin cəlb etmə gücünü yansıdır. İstənilən halda artıq Avropa daha çox maraqlıdır Azərbaycanla əməkdaşlıq etməyə. Çünki Azərbayan bərabərlik və dostluq prinsiplərinə hər zaman sadiq etibarlı tərəfdaşdır.
Elçin Cəfərli – Bərdə rayon şəhid A. Tağıyev adına Məmmədli kənd tam orta məktəbin direktoru

Daha çox xəbərlər