Cəmiyyət 

Xoş gündə kədərli xəbər

İyulun 22-si səhərini ən bəd xəbərlə açdıq. Milli Mətbuat Gününü qeyd etməyə hazırlaşdığımız bir məqamda həmkarımız, istedadlı tərcüməçi Fərqanə Quliyevanın qəfil sıralarımızı tərk etməsi xəbəri…

Adamın inanmağı gəlmir…

Necə inanasan? Hər gün bizimlə eyni pilləkəni addımlayan, eyni bir salonda kompüter arxasında əyləşdiyimiz xoşxasiyyət, həlim, son dərəcə mədəni və işinin peşəkarı olan Fərqanə xanım…

Bacıları İradə və Reyhanədən sonra anası Zərifə xanımın sinəsinə dağ çəkən daha bir övlad itkisi…

Reyhanə ilə əkiz idilər, araları çox çəkmədi…

Bir-birinin ardınca əbədiyyətə qovuşan üç qız… Fərqanədən sonra indi haqq dünyasında olan Kamal Quliyevin ocağında qız nəfəsi duyulmayacaq. İlhamla Kamalın bacı deyib çağırdığı kimsə qalmadı…

Fərqanə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirmişdi, Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilirdi. Tərcümələrinə söz ola bilməzdi. Həmin dillərdə onun əlindən çıxan materiallar olduqca səlis və rəvan oxunurdu.

Müxtəlif şirkətlərdə tərcüməçi işləmişdir, “Report” İnformasiya Agentliyində də, sonuncu iş yeri olan Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olduğu kimi hamının yaddaşında ən xoş xatirələrlə qalıb.

Bu dünyada onun ömür payına cəmi 44 il düşdü. Cərrahi əməliyyatdan təzə çıxan Fərqanə peşə bayramı günü dünyaya əlvida dedi…

Həyatın qəbul etmək istəmədiyimiz bir qanunu: Ölüm həmişə yaxşıları tez aparır. AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi Fərqanə Quliyeva həmin karvanın növbəti yolçusu oldu.

Heyif səndən əziz həmkar, unudulmaz bacımız! Səni həmişə ən xoş və doğma hisslər, xeyirxah duyğularla yad edəcəyik.

Xatirən həmişə bizimlə olacaq…

Daha çox xəbərlər