Gündəm 

“Tovuz döyüşlərindən dərs çıxarmayan Ermənistan …” – Şanlı qələbəmizin BAŞLANĞIC GÜNÜ

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Hər ilin 27 sentyabr tarixində olduğu kimi, bu gün də səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.

Bu günün ictimai-siyasi, tarixi əhəmiyyəti barədə fikirlərini Medianews.az-a bölüşən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, 27 sentyabrın mahiyyəti hələ Azərbaycan xalqı tərəfindən tam dərk edilməyib.

Onun sözlərinə görə, illər keçdikcə 27 sentyabr 2020-ci il tarixi mühüm hadisə kimi daha dərindən öyrəniləcək, təhlil ediləcək: “27 sentyabr qürur tariximizdir. Çünki 30 ilə yaxın müddətdə Azərbaycandan qoparılmış ərazilərin geri qaytarılması, işğalçılığa son qoyulması, separatizmin kökünün kəsilməsi tarixinin, ilk günü və başlanğıc tarixidir 27 sentyabr. Bu günə görə, bizə yaşatdıqları şanlı qələbəyə görə, vətən uğrunda canını fəda etmiş şəhidlərimizə, ordumuzun şəxsi heyətinin hər birinə borcluyuq. Bu tarix hələ uzun illər, əsrlər danışılacaq. Nə qədər ki, Azərbaycan xalqı, türk dünyası yaşayır, 27 sentyabr tarixi də öyrəniləcək, örnək kimi nəsildən-nəslə ötürüləcək. Mən şəxsən bu tarixin hələ bundan sonra uzun illər öyrəniləcəyini birmənalı olaraq düşünürəm və görürəm. Bu savaşda canını qurban etmiş hər bir qəhrəman ayrı-ayrılıqda Azərbaycan xalqına, türk dünyasına təqdim olunmalıdır. Onların həyat və hərbi xidmət yolu hərtərəfli öyrənilməlidir. Qəhrəmanlarımız xüsusilə fərqləndirilməlidir”.

Hərbi ekspert söyləyib ki, sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində igidlik nümunəsi göstərən hər bir əsgər və zabit fərdi qaydada dəyərləndirilməlidir: “Təkcə onların özü yox, onların ailələri də belə bir dəyərlə mükafatlandırılmalıdır.  Elələri olub bir evin tək uşağı və ya 2 qardaş olub. Məsələn, İman və Bəhram qardaşları, ata iki qəhrəman şəhid övladının məzarı üzərində qollarını açıb onların qəbirlərini qucaqlayıb. 27 sentyabr Anım Gününün ictimai-siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqının tarixinə vurulan ləkə həmin andan başlayaraq 44 gün ərzində birdəfəlik silindi. Vətən müharibəsinin hər bir günü bir ilə bərabər şanlı döyüş tariximizdir.  Ona görə mən düşünürəm ki, biz hər bir qəhrəmanın həyat və fəaliyyətini öyrənməliyik, tarixdə yaşatmalıyıq, dərsliklərə salmalıyıq. Onların adı əbədiləşdirilməlidir. Bir daha vurğulamaq istərdim ki, 27-si sentyabr qürur tariximizdir və bu tarixin adı da əbədiləşdirilməlidir. Böyüməkdə olan nəsil özünə sual verməlidir ki, 27 sentyabr nə deməkdir? Gələcək nəsillər bu tarixi qürur hissi ilə dilə gətirməli, yaşatmalıdır. Təkcə Azərbaycanda yox, bütün dünyaya, o cümlədən türk dünyasına bu tarix elan olunmalıdır. Qardaş Türkiyədə 30 avqust zəfər bayramı necə qeyd edirlərsə, bizdə də 27 sentyabr 2020-ci ili tarixə salmalıyıq. Hər bir kəsin yaddaşında həmin tarix yazılmalı və həkk olunmalıdır”.

Hərbi ekspert Ədalət Verdiyev də Medinews.az-a açıqlamasında 27 sentyabr tarixinin Azərbaycan xalqının tarixində böyük iz qoyduğunu, qələbəmizin başlanğıc günü kimi xatırlandığını dilə gətirib. Qeyd edib ki, bu tarixi gündən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan ordusunun düşmən üzərində tam qələbəsi ilə yekunlaşıb, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin qəhrəmanlıqları sayəsində yağı tapdağından azad olunub: “Uzun illər davam edən işğal prosesi zamanı davamlı olaraq ərazi iddiaları qaldıran Ermənistan Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu iddialarını daha da intensivləşdirdi. Aprel savaşından, Günnüt əməliyyatından, Tovuz döyüşlərindən dərs çıxarmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi 2020-ci 27 sentyabr tarixində Azərbaycan Respublikasının ərazilərini müxtəlif mövqelərdən iriçaplı artilleriya ilə intensiv şəkildə atəşə tutdu. Buna cavab olaraq Azərbaycan tərəfi Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev mühüm sərəncam imzaladı. Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncamdan sonra 27 sentyabr tarixi torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə ehtiram əlaməti olaraq xüsusi gün kimi tarixə düşdü”.

Daha çox xəbərlər