Təhsil 

Təhsil və elm sahəsində yeniliklər – təzə ixtisaslardan gözləntilər

Ekspert deyir ki, bu addımlar bir sıra müsbət nəticələrə gətirib çıxara bilər

Nazirlər Kabineti ali təhsil pilləsi üzrə yeni qərarlar verib. Buna uyğun olaraq ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.

O deyib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub.

Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib: “Təsdiq edilən yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib”.

O bildirib ki, magistratura səviyyəsi üzrə təsnifatda təhsil ixtisasları bir ixtisas (“Pedaqogika”) altında ixtisaslaşma olaraq verilib.

“Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda isə 21 ixtisas ləğv edilib, 8 yeni ixtisas təsnifata əlavə olunub və 8 ixtisasın adı dəyişdirilib.

Bu yeniliklər təhsilə, elmə nə verəcək? Müasir təhsil sistemində daha nə yeniliklər etmək faydalı olar?

Kamran Əsədov namizədliyini geri götürdü

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov bildirir ki, Azərbaycanda ali təhsil sistemində tətbiq edilən yeni qərarlar təhsil və elmin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addımdır: “Nazirlər Kabinetinin qərarına əsasən, bakalavriat səviyyəsində yeni ixtisasların təsnifata əlavə edilməsi, magistratura və rezidentura səviyyələrində struktur dəyişiklikləri, milli təhsil sisteminin daha çevik, müasir əmək bazarına uyğun kadrlar hazırlamasını təmin edəcək.

Yeni əlavə edilən ixtisaslar, xüsusilə “Data analitikası” və “Proqram təminatı mühəndisliyi” rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun peşəkarların yetişdirilməsi baxımından əhəmiyyətlidir. Bu sahələrdə ixtisaslaşma, texnologiya və rəqəmsallaşma üzrə yerli və qlobal bazarlarda rəqabətqabiliyyətli mütəxəssislərin formalaşmasına kömək edəcək. “Kənd təsərrüfatı texnologiyaları” və “Heyvandarlıq” sahələri isə aqrar sektorda innovasiyaların tətbiqini artıraraq, məhsuldarlığın yüksəldilməsinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

“Qidalanma və diyetologiya” və “Qida texnologiyaları” kimi ixtisaslar, sağlam qidalanma və ərzaq sənayesindəki problemlərin həlli üçün vacibdir. Bu sahələr üzrə kadr hazırlığı həm insanların həyat keyfiyyətini yaxşılaşdıracaq, həm də ölkənin qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradacaq. “Riyaziyyat və fizika müəllimliyi” isə STEM sahəsində kadr çatışmazlığını aradan qaldıraraq, fundamental elmlərin inkişafına təkan verəcək.

Magistratura səviyyəsində təhsil ixtisaslarının “Pedaqogika” adı altında ixtisaslaşma şəklində təqdim edilməsi təhsil sahəsində multidissiplinar yanaşmanı dəstəkləyəcək. Bu yanaşma pedaqoji təhsilin keyfiyyətini artırmaqla yanaşı, müasir tədris metodlarının və innovativ texnologiyaların tətbiqini daha da asanlaşdıracaq. Rezidentura səviyyəsində bəzi ixtisasların ləğv edilməsi və yenilərinin əlavə olunması səhiyyə sahəsində mütəxəssis hazırlığını daha məqsədyönlü və müasir tələblərə uyğun edəcək”.

Ekspert deyir ki, bu yeniliklər təhsildə və elm sahəsində aşağıdakı müsbət nəticələrə gətirib çıxara bilər:

Milli təhsil sistemi ilə əmək bazarı arasında əlaqənin güclənməsi: yeni ixtisaslar müasir bazar tələblərinə uyğun kadrların yetişdirilməsini təmin edəcək.

Elmi tədqiqatların stimullaşdırılması: müasir ixtisasların tətbiqi ilə universitetlərdə yeni tədqiqat sahələrinin inkişafı gözlənilir.

Gənclərin təhsilə marağının artması: gəlir perspektivi və innovativ xarakteri olan sahələrin tədrisi gənclər arasında təhsilə olan marağı artıracaq.

Onun sözlərinə görə, müasir təhsil sistemini daha da inkişaf etdirmək üçün bir neçə əlavə tədbir faydalı ola bilər: “İlk növbədə süni intellekt, kiber təhlükəsizlik və bərpa olunan enerji texnologiyaları kimi gələcəkyönümlü ixtisasların yaradılması zəruridir. Bu sahələr qlobal inkişaf tendensiyalarına uyğun yeni imkanlar yaradacaq. İkincisi, tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar qazanması üçün universitetlərdə müasir laboratoriyalar və təcrübə mərkəzləri yaradılmalıdır. Üçüncüsü, təhsildə beynəlxalq əməkdaşlıq genişləndirilməli, tələbələrin və müəllimlərin beynəlxalq mübadiləsi üçün yeni proqramlar təqdim edilməlidir.

Son olaraq, təhsil sistemində innovativ tədris metodlarının tətbiqi və rəqəmsal təhsil platformalarının genişləndirilməsi, biliklərin daha sürətli və effektiv ötürülməsinə imkan yaradacaq. Bu yeniliklər Azərbaycan təhsil sisteminin güclənməsinə və ölkənin elmi potensialının artırılmasına mühüm töhfə verəcək. Təhsil və elm sahəsində davamlı islahatlar, ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini artıran əsas amillərdən biri olaraq qalacaq”.

Daha çox xəbərlər