Azərbaycanda bürc falına niyə çox inanırlar?
Vəfa Rəşidova: “Bəzi insanlar fala, bürclərə, qoroskoplara inanmadan yaşaya bilmir”
Göy cisimlərinin insan həyatına təsiri qədim zamanlardan bəri insanları düşündürüb. Bürclər və ulduz falı (qoroskop) yalnız astroloji maraqdan doğmur — bu inancların kökündə psixoloji və sosial amillər dayanır. Azərbaycanda isə bürc fallarına maraq həddindən artıq yüksəkdir.
Bəs bu fenomenin səbəbləri nədir?
Məlum olduğu kimi insanlar adətən gələcək haqqında qeyri-müəyyənlik hiss etdikdə bürclərə üz tuturlar. Azərbaycanda sosial-iqtisadi vəziyyətin bəzən dalğalı olması, insanların gələcəyə dair suallarını artırır. Bürclər isə onlara bir növ “cavab” verir, sabaha ümid bəxş edir.
Bürclər tez-tez insanların xarakteri, uğurları və münasibətləri ilə bağlı məlumatlar verir. Psixoloqlar qeyd edir ki, bununla da insanlar bu təsvirlərdə özlərini tapmağa çalışır. Məsələn, bir Qoç bürcü haqqında “liderlik xüsusiyyətləri var” ifadəsini oxuyan şəxs özünü bu keyfiyyətlərlə əlaqələndirir və özünə inam qazanır.
Bürc fallarında ümumi, hər kəsə aid edilə biləcək fikirlər yer alır. Oxucular isə onlara uyğun gələn fikirləri seçərək “həqiqətən də belədir” deyə düşünürlər. Bu, təsdiqləmə qərəzi adlanır.
Ümumiyyətlə isə, Azərbaycanda qədimdən göy cisimlərinə və astroloji inanclara maraq olub. Novruz bayramında ilaxır çərşənbələrdə təbiət hadisələrinin müşahidə edilməsi də buna nümunədir. İnsanlar bu adət-ənənələrin davamı kimi bürcləri də qəbul edirlər.
Son illər sosial mediada bürclərlə bağlı məzmunlar — gündəlik fal proqnozları, uyğunluq cədvəlləri və astroloji analizlər çox geniş yayılıb. Xüsusilə Instagram və TikTok kimi platformalarda bürclərlə bağlı paylaşımlar viral olur. Bu da marağı daha da körükləyir.
İnsanlar gündəlik həyatın problemlərindən, işsizlikdən, münasibət gərginliklərindən yorulduqda bürcləri bir növ təsəlli vasitəsi kimi görürlər. Bürclərin “bu ay sizin üçün uğurlu olacaq” kimi proqnozları insanlara müsbət enerji verir.
Beləliklə, mütəxəssislər qeyd edir ki, Azərbaycanda bürc fallarına maraq təkcə astroloji inamdan qaynaqlanmır, bu fenomen psixoloji rahatlıq, sosial təsirlər və mədəni irslə sıx bağlıdır. İnsanlar gələcəkdə nə olacağını bilmək, həyatlarında məna tapmaq və stresdən uzaqlaşmaq üçün bürclərə üz tuturlar.
Bu marağın artmasında sosial medianın rolu da danılmazdır. Görünür, bürclər bir müddət də insanların gündəlik mövzuları üstələməyə davam edəcək.
Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb:
“Hər bir toplumun özünəməxsus psixologiyası, xarakteri var. Yəni, bütün ölkələr və cəmiyyətlər eyni deyil. Bizim cəmiyyətin psixologiyası və xarakteri də özünəməxsusdur. Ümumiyyətlə, insan harasa aid olmaq istəyir. Nəyisə görərək ona inanmaq ehtiyacı duyur. İnsan xisləti elədir ki, gözlə görünən, hiss edilən şeylərə üstünlük verir.
İslam dininin tarixində yezidilər olub. Bu qövm Məhəmməd peyğəmbərə belə bir ismarıcla yaxınlaşıb: “Allahın var olduğunu deyirsənsə, onu göstər ki, inanq.” Bu nümunə göstərir ki, həmin toplum elmə, həqiqətə və reallığa önəm verməyən, daha çox gözlə görünən şeylərə bağlanan insanlar idi. Maraqlıdır ki, bu düşüncə tərzi bu gün də davam edir.
Bəzi insanlar fala, bürclərə, qoroskoplara inanmadan yaşaya bilmir, sanki bununla nəfəs alırlar. İnsan var ki, səhəri ulduz falına baxmaqla açır, sonra gününə davam edir. Elə şəxslər də var ki, qoluna üfürüklü ip bağlayır və buna “uğur gətirən əşya” deyir.
Bunun kökündə isə psixoloji səbəblər dayanır. Bu cür inanclar, adətən, insanın özünə inamsızlığından xəbər verir. Əgər bir insan bəsit inanclara və əşyalara bu qədər bağlanırsa, deməli, onun daxilində böyük bir boşluq var. Əlavə olaraq, bu, bir növ cahilliyin göstəricisidir. Sözlərimə etiraz edənlər ola bilər, amma müəyyən xüsusiyyətlər illərlə araşdırılıb və toplum psixologiyasını əks etdirir.
Məsələn, balıq bürcü altında doğulanlar həssas olur, xərçəng bürcü insanları daha emosionaldır. Bunları anlamaq olar, amma bütün həyatını bürclərə bağlamaq insanın həyat keyfiyyətinin və inam sisteminin zəif olduğunu göstərir.
Keçmişdə şamanizm dövründə də fal, bürc və astrologiya mövcud idi. Bəziləri astrologiyanı elm hesab edir. Bəli, astrologiya müəyyən qanunauyğunluqlara əsaslanır, lakin bu, bürclə evlənən və ya “bürcümüz uyğun deyil, ona görə münasibət qura bilmərik” deyən insanların davranışlarını əsaslandırmır. Bu artıq patologiyadır, normadan kənara çıxan bir düşüncədir.
İnsanlar aldanmağa meyillidirlər. Nəyəsə inanmaq və onu görmək ehtiyacı var. Ancaq hər şeyi kənara qoyub, reallıqdan uzaqlaşıb yalnız bürclərlə hərəkət etmək şəxsiyyətin psixologiyasında problemlərin olduğuna işarə edir.
İnsanlar bürclərə inanmasınmı? Mən inanan insanlara hörmətlə yanaşıram. Lakin bu məsələnin tam dərinliyinə gedib reallığı gözardı etmək doğru deyil.
Unutmayaq ki, astrologiya elmdir, amma fal, cadu və bürclər bu elmlə birbaşa əlaqəli deyil. Sadəcə, bəzi insanlar bu anlayışları bir-birinə qarışdırır”.