Qaxda əməliyyat – Zaza ələ keçdi
Ölkənin müxtəlif regionlarında narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah-sursat saxlanması və axtarışda olan şəxslərin tutulması istiqamətində genişmiqyaslı əməliyyatlar icra olunub.
Musavat.com xəbər verir ki, ən diqqətçəkən faktlardan biri Qax rayonunda qeydə alınıb.
DİN-dən verilən məlumata görə Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıb. Onun üzərindən və ya yaşadığı ünvandan ümumilikdə 4 kiloqram 300 qram marixuana aşkarlanaraq götürülüb. Fakt üzrə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Paralel olaraq, mayın 12-də ölkə üzrə keçirilən əməliyyatlar nəticəsində 47 cinayətin üstü açılıb, əvvəllər bağlı qalmış 5 fakt üzrə də nəticə əldə olunub. Axtarışda olan 124 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 103 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. DİN-in məlumatına görə, həmin gün narkotiklərlə bağlı 20, qanunsuz silah-sursatla əlaqədar isə 14 fakt aşkarlanıb. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Bundan başqa, ailə üzvlərini xəbərdar etmədən yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarılan 7 nəfər tapılaraq müvafiq qurumlara təhvil verilib. Dələduzluq cinayətləri ilə bağlı axtarışda olan 12 nəfərin də saxlanıldığı bildirilib. Silah və sursatla bağlı keçirilən əməliyyatlar zamanı isə paytaxt və bölgələrdə ümumilikdə 3 avtomat silah, 1 tapança, 7 tüfəng, 16 partlayıcı vasitə, 23 mərmi, 3 patron darağı və 43 patron aşkarlanaraq götürülüb. Eyni zamanda Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində paytaxt və ətraf ərazilərdə fəaliyyət göstərən narkotik şəbəkəsinin daha bir qolu ifşa olunub.
Əvvəllər məhkum olunmuş 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıb. Onlardan ümumilikdə 42 kiloqram 690 qram marixuana və 460 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. İlkin araşdırmalara görə, saxlanılan şəxslər Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik fəaliyyəti ilə məşğul olublar.
Faktlarla bağlı cinayət işləri başlanıb, bütün saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rəsmilər bildirirlər ki, ölkə üzrə narkotiklərin qanunsuz dövriyyəsi və silahlanma hallarına qarşı əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
E.Məmmədəliyev,
Musavat.com

