Siyasət 

Prezidentdən ölkəmizi hədəf alanlara SƏRT CAVAB

Qlobal Bakı Forumunun açılışında dövlət başçısı İlham Əliyevin Brüsselin və digər mərkəzlərin ünvanına söylədikləri haqlı fikirlər Qərblə münasibətlərə necə təsir edəcək? – şərh

Prezident İlham Əliyev martın 13-də keçirilən XII Qlobal Bakı Forumunun açılış mərasimində Qərbin ünvanına sərt tənqidlər səsləndirib. “Yeni Müsavat” bildirir ki, dövlət başçısı ilk növbədə ABŞ-ın keçmiş administrasiyasının siyasətinin Azərbaycanla münasibətlərə vurduğu ziyandan söz açıb.

Sitat: “Entoni Blinkenin siyasəti əslində ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə, biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2020-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı – red.) tərk edən tərəf olduq”, – deyən prezident vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan bölgədən çıxandan sonra onlar (ABŞ – E.S) bizə sanksiya tətbiq etdi və bu, böyük məyusluq yaratdı. Ölkə başçısı həmçinin onilliklərlə erməni diasporunu dəstəkləyən, korrupsiyaya uğramış amerikalı siyasətçilərdən danışıb. Onun sözlərinə görə, Azərbaycan bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırır: “İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAİD ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni necə deyərlər, bir qaranquşla bahar olmaz. Çünki pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.

Prezident çıxışında Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətinə də toxunub. “Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir”, – deyə dövlət başçısı bəyan edib. Dövlət başçısı eyni zamanda qeyd edib ki, Avropanın monitorinq missiyası əslində Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.

Dövlət başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik – 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir”, – deyə Prezident əlavə edib.

İ.Əliyev COP29-la bağlı da xatırladıb ki, bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu. Prezident Əliyev bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb. Qeyd etmək lazımdır ki, prezidentin səsləndirdiyi tənqidlər kifayət qədər əsaslıdır. Onu da diqqətdən qaçırmaq olmaz ki, ölkə başçısı ABŞ-ın yeni rəhbərliyinin addımlarını təqdir edir. Bu açıqlamalar Bakının Qərblə münasibətlərinə necə təsir edəcək? Azərbaycan Aİ və ABŞ ilə əlaqələrinin gələcəyinə hansı prizmadan baxır?

Suallarımızı cavablandıran YAP-ın deputatı Elman Nəsirov bildirdi ki, dövlət başçısı Vaşinqton-Bakı münasibətləri haqda acı həqiqətləri dilə gətirib. Onun sözlərinə görə, məhz Bayden iqtidarının obyektivlikdən uzaq siyasəti münasibətlərdə ziddiyyət yaratdı. “Xüsusən də Blinkenin çıxışları və addımları bu əlaqələrə mənfi təsir edib. Xatırladım ki, ötən il Şuşada keçirilən media forumunda prezident Amerikada keçiriləcək seçkilərdən danışmışdı və düzgün proqnoz vermişdi. Eləcə də Rusiya mediasına müsahibəsində də oxşar mövqedən çıxış edərək demişdi ki, Trampın ilk rəhbərliyi dövründə əlaqələrimiz normal olub, strateji məsələlərdə mövqelərimiz üst-üstə düşüb. Yəni ABŞ-Azərbaycan münasibətlərini korlayan keçmiş administrasiyadır”, – deyə parlamentin üzvü “Yeni Müsavat”a açıqladı.

Elman Nəsirov: “Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldur”

Elman Nəsirov

E.Nəsirov vurğuladı ki, prezident o zaman açıq mətnlə Vaşinqtona mesaj vermişdi və gözləntilərini çatdırmışdı: “Azərbaycan istəyir ki, Trampın ilk iqtidarı dövründə Birləşmiş Ştatlarla formalaşmış münasibətlər bu gün də inkişaf etsin. Çünki həmin dönəmdə əlaqələrimiz yaxşı idi”. Deputat söylədi ki, prezident forumda Brüsselin İrəvana verdiyi dəstəyi qeyd etməklə daha bir əhəmiyyətli məsələyə toxunub: “Ermənistan Bayden iqtidarından sonra Avropa İttifaqına bel bağlayır. Halbuki Qərbin Ermənistanı silahlandırması və digər təxribatçı addımları regionda sülhə xidmət etmir. Prezidentin Brüsselin addımlarını vurğulaması da xüsusi məsələdir. Çünki Ermənistan Tramp hakimiyyətindən o dəstəyi gözləmir. Ermənistanın əsas maliyyə mənbəyi USAİD idi, son dəfə 200 milyon dollar ayırmışdı, o da bağlandı. Bu təşkilatın ləğvindən sonra İrəvan maliyyə problemi yaranacağı üçün üzünü Vaşinqtona deyil, Brüsselə tutub. Lakin Paşinyan hakimiyyəti bir məqamı unudub ki, Aİ özü ABŞ-dan asılıdır”.

Deputat əlavə etdi ki, prezident Cənubi Qafqazda sülh prosesinə xələl gətirən Aİ-nin “mülki missiyası”nın da adını çəkdi: “Dövlət başçısı açıq formada dedi ki, adını mülki missiya qoyduqları əslində kəşfiyyat missiyasıdır. Cənab prezident onu da dedi ki, casus missiyası gecə-gündüz kəşfiyyat aparır, çalışırlar ki, haradansa girə bilsinlər. Onu da vurğulayaq ki, bu missiyanın adını təkcə Avropa Birliyi ilə bağlamaq olmaz. Onun tərkibinə Kanada da qoşulub. Halbuki bu ölkə NATO üzvüdür. Deməli, kəşfiyyat missiyası sözügedən alyansın missiyasına çevrilib. Eləcə də NATO üzvü Niderland da Ermənistanla strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu isə bölgədə sülhə müsbət heç nə vəd etmir”.

Daha çox xəbərlər