Cəmiyyət 

Azərbaycanı tanımaq üçün gəldi, kürəkənimiz oldu: Bələdçilikdən dostluğa, dostluqdan sevgiyə – FOTOLAR

Kim inanar ki, sən Cənubi Koreyaya köçmək üçün dillərini öyrənirsən. Lakin həmin ölkənin vətəndaşı səni elə öz ölkəndə tapır. Üstəlik, ikiniz də bir-birinizin dilini bilmirsiniz. Amma necə olursa, çox gözəl anlaşırsınız. Bəlkə də qəlblər ta əzəldən bir-birinin parçası olduğunu hiss edib. Ona görə də hər ikisi bir-birini tapmaq üçün addım atıbmış. Bu hekayənin qəhrəmanları azərbaycanlı Zeynəb Camalova və koreyalı Eo İnkyudur.

 

 

Zeynəbin dediyinə görə, cütlüyün tanışlığına müəllimləri vəsilə olub: “Mən Koreya dilini öyrənmək üçün kursa gedirdim. O zaman İnkyu da Bakıya yeni gəlmişdi və Azərbaycan dilini öyrənmək istəyirdi. Atası Azərbaycanda çalışırdı. Yoldaşım da həmin dövrdə Azərbaycana turizm üzrə oxumaq üçün gəlmişdi. Müəlliməm bildirdi ki, Azərbaycana Koreya vətəndaşı gəlib. Ona şəhəri tanıtmaq və Azərbaycan dili ilə bağlı praktik kömək etmək lazımdır. Şəklini göstərdikdə əvvəlcə etiraz etdim, dedim vaxtım yoxdur. Müəllimimin təkidi ilə razılaşdım, görüşdük. İnkyunun məndən elə ilk görüşümüzdə xoşu gəlib. İlk görüşdən bəyənməsəm də, sonradan mənə qarşı olan diqqəti, nəvazişi ona qarşı sevgimin yaranmasına səbəb oldu”.

İnkyu da deyir ki, ilk görüş çox maraqlı olub: “Bir saatdan çox onu gözləmişdim. Hətta narahat oldum ki, görəsən gələcəkmi? Gələndə gördüm çox sakit, mehriban qızdır. Tərcümə proqramı ilə fikirlərini izah edirdi. Amma bizim qəlblərimiz danışırdı. Birlikdə oyunlar oynadıq”.

 

 

“Yaxşı ki, ona şans vermişəm”

Davamlı ünsiyyət onları bir-birinə yaxınlaşdırıb: “İnkyu ilk görüşümüzdən sonra hər gün görüşmək təklif edirdi. Mənim özümə də onunla görüşmək maraqlı idi. Onu rəfiqələrimlə tanış etmişdim. Həm İnkyu dilimizi öyrənirdi, həm də Koreya dilini öyrənmək istəyənlər üçün maraqlı təcrübə olurdu. O, məndən xoşu gəldiyini hər zaman həm sözlə, həm də hərəkətləri ilə bildirirdi. Amma mən İnkyunu sevdiyimi hiss etmirdim, bəlkə də özümə etiraf etmirdim. Bir dəfə restoranda oturmuşduq. O dövrdə İnkyuya qızlar yazırdı. Mənim yanımda olanda mesaj gəldi və qeyri-ixtiyari telefona boylandım. Qızın yazdığını gördükdə özümdən asılı olmadan get, qızlarla danış dedim və masadan qalxdım. Onu qısqandığımı soruşduqda hirsli halda yox dedim. Yalan danışdığımı hiss etdiyi üçün mənə münasibət qurmağımızı təklif etdi. Yaxşı ki, o zaman ona şans vermişəm”.

 

 

“Mən sakitəm, o isə əsəbi”

İnkyunun sözlərinə görə, onların münasibəti “biri od olanda, digəri su olar” prinsipinə əsaslanır: “Zeynəb çox dürüst qızdır, amma bir az əsəbidir. Məsələn, mən sakitəm, o isə mənə oxşamır. Onunla zarafat edib qəsdən hirsləndirməyi çox sevirəm. Onunla yeni yerlərə getmək xoşuma gəlir”.

 

 

Zeynəb də yoldaşı ilə razıdır. Onun fikrincə, münasibətlərini ayaqda saxlayan da məhz budur: “Mübahisələri əsasən mən yaradıram. Çox zaman qısqanclıq zəminində olur. İlk addımı isə həmişə İnkyu atır. Çalışırıq danışaraq həll edək. Böyük mübahisə olduqda İnkyu gözləyir ki, mən sakitləşim. Sonra oturub müzakirə edirik. Düşünürəm ki, münasibətdə özünü real kimliyinlə göstərməlisən. Bir də qısqanclıq və qadağalar münasibəti bitirir”.

 

 

Ondan öncə və sonra

Zeynəb deyir ki, İnkyudan öncə tamamilə fərqli düşündüyü məsələlər indi ona qəribə gəlmir: “Mənim ən çox xoşuma gələn çoxlu hədiyyələr alması, sürprizlər etməsidir. Oyun salonlarında birlikdə keçirdiyimiz vaxtlar mənim üçün ən gözəlidir. Koreyada böyüklərin də əylənməsi üçün uşaq əyləncə salonları mövcuddur. İnkyu ilə gedəndə iki balaca uşaq kimi doyunca əylənirik. Mən oyun oynamağı çox sevirəm. İnkyunun yanında uşaqlığımı yaşayıram. Həmişə mənə deyir ki, sən uşaq kimi sevinəndə xoşbəxt oluram.

Mənim evlənmək fikrim yox idi. Çünki karyera qurmağı düşünürdüm. Zənn edirdim ki, münasibət bu yolda mənə mane olar. Lakin İnkyu fikirlərimi dəyişdi. Çünki hər mövzuda mənə dəstək olurdu. Həmişə arxamda olduğunu hiss etdirirdi. Əvvəllər kimsə xarici oğlanla münasibət quranda o qədər də müsbət baxmırdım. İnkyu mənim bütün fikirlərimi dəyişdi. Onu yoldaşım olaraq görməyimin səbəblərindən biri də insanlarla münasibətidir. Uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Fikrimdə dəqiqləşdirdikdən sonra İnkyuya dedim ki, münasibətimiz ciddiləşəcəksə, ailələrimizə bildirək. Atasına dedi, mən də öz ailəmə dedim və nişanlandıq”.

 

 

“Dil, mədəniyyət çox fərqlidir, yol uzaqdır”

İnkyunun dediyinə görə, evlənmək istədiyini bildirdikdə, valideynləri bir az qərarsız qalıb. Lakin o, qərarından dönməyib: “Mənim üçün evlilik qərarı vermək çox çətin idi. Birinci çox tərəddüd edirdim. Sonra düşündüm ki, mən evlənməsəm, başqası onun yoldaşı olacaq, Zeynəbi əldən buraxa bilmərəm. Valideynlərim də bir az çəkinirdi. Çünki xaricə getdim və çox az müddətdə evlənmək qərarı verdim. Düşünürdülər ki, dil, mədəniyyət çox fərqlidir, görəsən, necə olacaq. Dedilər ki, bir az da fikirləş, tələsmə. Amma mən artıq qarşıma bu məqsədi qoymuşdum”.
Zeynəbin də valideynləri eyni narahatlığı yaşayıb. Amma qudalar tanış olduqdan sonra bütün problemlər aradan qalxıb: “Biz evlilik qərarı verməmişdən ailəm İnkyunu tanıyırdı. Anamın doğum günündə rəfiqələrim sürpriz etmişdilər və İnkyu da onlarla birlikdə ilk dəfə evimizə gəlmişdi. İnkyunun sənədində problem yarandıqda atamla birlikdə Gürcüstana getmişdilər, orada münasibətləri möhkəmlənmişdi. Atam sonralar hər yerdə deyirdi ki, mən bu qədər mədəni oğlan görməmişəm. Onlara evlənmək istədiyimi bildirdikdə etiraz etmədilər. Sadəcə, Koreyanın çox uzaq olması və fərqliliklər valideynlərimi də qorxudurdu. İnkyunun atası ilə görüşdükdən sonra fikirləri tamamilə dəyişdi”.

 

 

Koreyalı kürəkənin adətlərimizlə imtahanı

Toydan əvvəlki adətlər və qız toyu ölkəmizdə olub. İnkyu ona maraqlı gələn adətlərimizdən danışdı: “Nişanımızda bütün adətlərinizə əməl olunmuşdu. Sizin adətləriniz çox maraqlı idi. Xonçanı ilk dəfə görürdüm. Sayının çox olması da təəccübləndirmişdi. Qurban bayramında qoyunun bəzədilməsi isə gülməli gəlmişdi. Rəqsləriniz də həm mənə, həm də dostlarıma qəribə gəlirdi. Amma çox əylənmişdik. Toy Koreyada maksimum bir saat çəkir, yemək də olmur, başqa bir məkanda oturub yeyirlər. Bizim toy altı saat olmuşdu. Yeyib-içirdik, oynayırdıq. Fikrimcə, belə daha yaxşıdır”.

 

 

Cütlüyümüz problemsiz şəkildə bir-birinə qovuşsa da, bu, çox uzun çəkməyib

Zeynəb: “Qız toyumuz Azərbaycanda oldu. Oğlan toyu üçün Koreyaya getdikdə pandemiya başladı. Bu səbəbdən toy əvəzinə kiçik yığıncaq etdik. Çünki orada da restoranlarda toplaşmağa icazə vermirdilər. Sərhədlər də bağlandığı üçün ailəm gələ bilmədi. Koreya hökuməti bizi evli olaraq qəbul etmədi. Mən Azərbaycana qayıdıb evlilik vizası alıb, geri dönməli idim. Azərbaycana gəldim, amma geri qayıda bilmədim. Çünki sənədlərin göndərilməsində çox böyük problem yaşadıq. Zaman keçdikcə İnkyudan ötrü çox darıxırdım, getmək istəyirdim”.

“Koreyada qızlar toya makiyajsız, ev geyimində gəlirlər”

Zeynəb Koreya toylarında qarşılaşdığı qəribəliklərdən də bəhs etdi: “Koreyada toyda ailələr sadəcə yemək yeyirlər. Onların toyları daha bahalıdır. Gəlindən başqa heç kim ağ libas geyinə bilməz. Koreyada qızlar toya makiyajsız, hətta ev geyimində gəlirlər. Bu, onların adətidir. Hansısa qız bəzənib gəlsə, düşünürlər ki, bəydən xoşu gəlir və onu cəlb etmək üçün belə bəzənib. Bu fikir mənə hələ də məntiqli gəlmir. İlk dəfə Koreyada toya gedəndə İnkyu dedi ki, bəzənmə. Mən isə onu dinləməyib azərbaycanlı qız kimi bəzənib düzəndim, ən gözəl geyimimi geyinib getdim. Toyda şoka düşmüşdüm. Çünki qızlar cins şalvar və sadə köynəkdə gəlmişdilər. İşıq kimi parladığım üçün hamı mənə qəribə baxırdı. Həmin gün çox utanmışdım”.

 

 

“Koreyada Azərbaycanı tanımırlar”

İnkyu deyir ki, Koreyada Azərbaycanı tanımırlar. Ancaq gələndə təbiətinə heyran olurlar: “Atam Azərbaycanda yaşadığı üçün məlumatım var idi. Amma şərq, müsəlman ölkəsi olduğu üçün ərəblər kimi zənn etmişdim. Neft ölkəsi olduğunu bilirdim. Heç bir azərbaycanlı tanışım yox idi. Bakıya gəldikdən sonra çox bəyəndim. Gözəl və maraqlı şəhərdir. Qobustanda palçıq vulkanında, Yanardağda olmuşam. Qəbələ, Şəki, İsmayıllıya da getmişəm. Dostlarımı da buraya dəvət etmişdim, onlarla birlikdə gəzmişik. Təbiətini çox bəyənirəm. Qışda qar yağanda dağların aşağısı yaşıl, yuxarı hissəsi isə qarlı olur. Kanata minəndə bu mənzərəyə heyran qalmışdım. Hətta bəzən Zeynəbə deyirəm ki, gedək Azərbaycanda yaşayaq”.

 

 

“Evimizdə həm Koreya, həm də Azərbaycan dilində danışırıq”

İnkyu Azərbaycanda yaşadığı dövrdə dilimizi öyrənib, hətta səlis danışa bilir: “Azərbaycan dilini öyrənəndə Zeynəblə danışırdım. İlk vaxtlarda cümlələri yoldaşımı misal gətirərək qururdum. Onun etdiyi hərəkətlərlə öyrənirdim. “Tütək səsi” filmindəki “Şoşubala” ifadəsi gülməli gəlmişdi. “Möhtəşəm yüz il” serialında “sultanım” sözünü də bəyənirəm. Düzü, indi bir az dili unutmuşam. Əgər Azərbaycanda yaşamağı qərarlaşdırsaq, yenidən hazırlaşacağam. Evimizdə həm Koreya, həm də Azərbaycan dilində danışırıq. Qızımız körpə olsa da, hər iki dilə reaksiya verir. Gələcəkdə də hər iki dildə danışmasını istəyirik”.

Koreyalı kürəkən Azərbaycan mahnılarını və filmlərini də çox sevir: “Filmlərinizdən “O olmasın, bu olsun”u izləmişəm. “Gəl, ey səhər” mahnısının “Oyan ey, Günəş, oyan” hissəsini tez-tez zümzümə edirəm. “Yandırdın qəlbimi” mahnınıza da çox qulaq asıram. Daha çox şən mahnılarınızı sevirəm. Yallının da musiqisini bəyənirəm. Naxçıvan yallısını oynaya da bilirəm. Bunu mənə qayınanam öyrədib”.

Koreya və Azərbaycan bayramlarının fərqi

İnkyunun ən sevdiyi bayramımız Novruzdur: “Rəngli yumurtaları toqquşdurmaqdan xoşum gəlir. Şəkərburanı da bəyənirəm, adı yadımdan çıxır deyə ona “ağ çörək” deyirəm. Bir dəfə Novruz bayramında Azərbaycanda olmuşduq. Süfrə bəzənməsi, adətləriniz çox maraqlı gəlmişdi. Videosunu çəkib dostlarıma da göndərmişdim. Səmənini ilk görəndə şoka düşmüşdüm”.

Zeynəbin sözlərinə görə, bizdə olduğu kimi Koreyada da bayramlarda xüsusi adətlər mövcuddur: “Koreyada bayramlar bir az daha sakit keçir. Bizdəki kimi təmtəraqlı deyil. Sadə bir gün kimi keçirirlər. Bayramlarda onlarda da bütün ailə ən böyüyün başına toplaşır. Hörmət əlaməti olaraq onların qarşısında baş əyirlər. Ölən qohumları yad edirlər. 20-30 il əvvəl ölmüş qohumlar belə hər il dönümündə yad olunur”.
Koreya və Azərbaycan mətbəxi çox fərqli olsa da, İnkyu yeməklərimiz haqqında müsbət danışdı: “Ən sevdiyim yeməyiniz düşbərə və kababdır. Bir də qayınanamın kələm dolmasını çox bəyənirəm. Evimizdə həm Koreya, həm Azərbaycan mətbəxindən təamlar bişir. Amma heyf ki, buradakı ərzaqlarla bişən yemək sizdəki qədər dadlı olmur”.

 

 

Zeynəb: “İnkyunun ailəsi də kababımızı çox bəyənir. Onların yeməkləri əsasən duzsuz və yağsız olur. Ona görə də bizim yeməklərimizin əksəriyyəti onlara yağlı və duzlu gəlir. Bəzən ona görə yeyə bilmirlər. Məsələn, kotlet onlara görə deyil. Qatıq və ayran da həmçinin”.
Koreya mətbəxi üçün çox zaman qəribə və bizim ağız dadımız üçün olmadığı deyilir. Lakin Zeynəbə görə elə deyil: “Koreyanın mətbəxi çox zəngindir. Minerallı yeməkləri çoxdur. Azərbaycanda mədəmdə problem olsa da, bir neçə ay Koreyada qalmağımla bu problem aradan qalxdı. Azərbaycanda müayinəyə getdikdə həkimim təəccüblənmişdi”.

Koreyanın bilinməyən tərəfləri

Zeynəb Koreya haqqında az bilinən məlumatlara da aydınlıq gətirdi: “Mən xarici ölkəyə getmək və orada yaşamaq istəyirdim. Bu səbəbdən də ölkələr axtarırdım. Cənubi Koreyanı kəşf etdim və oraya getmək qərarı aldım. Bəlkə də bu səbəbdən ilk vaxtlar Koreyaya gələndə heç bir çətinlik yaşamadım. Kinolardakı kimi olmadığını bilirdim. Çox nizamlı ölkədir. Böyüklərə hörmət mövcuddur. Özündən vəzifə və ya yaşca böyük olan şəxs sənə nəsə deyirsə, onu mütləq dinləməlisən. Koreyalılar çox zaman haqlarını da tələb etmirlər. Ən pis halda işdən çıxırlar. Amma ən bəyəndiyim odur ki, burada təcrübəsiz insanlara da iş verirlər. Gənclərə gözəl fürsətlər yaradırlar. Sadəcə, Koreya dilini bilib-bilmədiyini soruşurlar.

Cənubi Koreya çox təhlükəsiz ölkədir. Burada hər yerdə kameralar quraşdırılıb. Hətta gecə də çölə çıxırlar. Bəzən iş saatları uzana bilir, tələbələr gecə dərsdən çıxıb evlərinə gedirlər. 7/24 fəaliyyət göstərən marketlər var. Hansı ki, orada yemək yemək də mümkündür. Bura yeni gələndə gecə yarısı yoldaşımla kofe içməyə getmişdik. Orada həmin saatda bir qrup qız kofe içirdi və deyib gülürdülər. Bu, mənə çox qəribə gəlmişdi. Evə gələndə qayınanamın yanında dedim ki, nə yaxşı bu vaxt qızlar çöldə idilər. O da mənə dedi ki, “orada oğlanlar da var idi? Bəs niyə ancaq qızların adını çəkirsən?” Qadınlara çox hörmət edirlər. Koreyada qadınlar daha hökmrandır. Burada qadın və kişi fərqliliyi o qədər də seçilmir. Koreyalı oğlanların əksəriyyəti sakitdir. Koreyalılara çox adam soyuqqanlı deyir. Amma mənim fikrimcə, bu belə deyil. İlk başda quru qarşılasalar da, siz onlara necə yaxınlaşsanız, onlar da sizinlə o cür münasibət yaradır. Koreyalılar yalanı sevmirlər”. (“Kaspi” qəzeti)

Daha çox xəbərlər