“Bəzi həmkarlarım pasiyentlərinə “Get, boşan” deyirlər”-PSİXOLOQDAN AÇIQLAMA
Əvvəllər qadın və kişinin üzərinə düşən işlər məlum idi. Ancaq indi həm qadın, həm də kişi işlədiyi üçün ailədə balansı qorumaq bir az çətinləşir.
Dövlət Statistika Komitəsi 2024-cü ildə baş verən boşanma halları haqqında məlumat açıqlayıb. Statistikaya görə, boşanan çütlüklərin sayı 1814 nəfər olub. Bu, ötən illə müqayisədə 1000 nəfər çoxdur.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, biz harada səhv edirik ki, bu gün ailələrdə boşanmaların sayı artıb? Əslində, cəmiyyət olaraq etdiyimiz bir səhv var. Bu səhvin nəticəsində də ailə içindən dağılmağa başlayır:
“Bəzən ailənin böyüyü icazə verir ki, onun övladına və gəlini haqqında hər hansı bir yanlış məlumat yayılsın. Qaynana gəlinini sevmirsə, oğlunun ailəsinin dağılmasına qərar verir. Hər zaman da belə düşünür: “Oğlum gedib bundan da yaxşısını alacaq.” Ən böyük səhvimiz bax elə məhz budur.
Digər tərəfdən, insanlar boşanaraq məsuliyyətdən qaçmağa çalışırlar. “Sərbəst, rahat” həyat yaşamaq istəyirlər. Elə ailələr var ki, boşandıqdan bir müddət sonra onları barışdırmağa çalışıram. Lakin bu zaman xanım belə bir fikir səsləndirir: “Mən yenidən kişi paltarı ütüləmək istəmirəm. Yenidən ona qulluq edib yemək hazırlamaq istəmirəm”.
Baxın, insanlar artıq çox kiçik məsələləri problem edirlər. Halbuki bizim ən gözəl tərbiyə üsullarımızdan biri sevdiklərimizə süfrə açmaq, onlar üçün yemək hazırlamaqdır. Bu yolla ailəmizi birləşdirirdik.
Bu gün biz inkişaf etmiş ölkələrdən biriyik. Lakin bu qədər inkişafın içində insanlar bir-birinin bəhsinə gözəl ailələrini dağıdırlar. Amma unutmamalıyıq ki, həyat sona çatdığında heç bir peşə insana təşəkkür etməyəcək. İnsana qalan onun ailəsidir. Bu baxımdan səhvlər etməsək, boşanmaların qarşısını cüzi də olsa ala bilərik.
Həftə sonları ata və balaların görüş anını görəndə, uşağın gözündə “Niyə atam ola-ola ondan ayrı olmalıyam?” sualını oxuyanda insan məyus olur.
Ailə dağılmasına səbəb olan zərərli vərdişlərə malik insanlara da rast gəlirik. Belə hallarda ailənin dağılması bəzən uşaqların xeyrinə olur. Ümumilikdə götürdükdə isə bütün boşanmalar bu səbəbdən baş vermir.
Bəzi həmkarlarım pasiyentlərinə “Get, boşan” deyirlər. Lakin bu yanaşma ilə razılaşmaq olmaz. Onlar dağıtdıqları ailələrin uşaqlarının bədduaları ilə qarşılaşa bilərlər”.

