Region Xəbərləri 

Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.

Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasının nüfuzlu Sinxua agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müsahibə zamanı ölkə başçımız iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə geniş və çoxşaxəli əməkdaşlığı ətraflı şəkildə şərh edib.
Xüsusilə 2023-cü ilin oktyabrında Pekində keçirilmiş “Kəmər və Yol” Beynəlxalq Forumunda Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutmuş görüşün nəticələri ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı qəbul olunan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki dövlətin bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında bərabərhüquqlu əməkdaşlıq etməyə sadiqliyini bir daha nümayiş etdirdi.
Azərbaycan və Çin arasında iqtisadi-ticarət əlaqələri də müsbət dinamika nümayiş etdirir. Prezident İlham Əliyev bildirib ki, Çin hazırda Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artmaqdadır, ölkəmizdə yüzlərlə Çin şirkəti fəaliyyət göstərir və artıq Çinin yeddi şəhərində Azərbaycan ticarət və şərab evləri açılıb.
Azərbaycan “Kəmər və Yol” təşəbbüsünün fəal iştirakçılarındandır və bu təşəbbüs çərçivəsində Mərkəzi Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin inkişafında aktiv rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər irimiqyaslı layihələr Azərbaycanın bu istiqamətdə apardığı siyasətin real nəticələridir.
Eyni zamanda təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlıq genişlənməkdədir. Çində Azərbaycan dili, Azərbaycanda isə Çin dili tədris olunur. Prezident İlham Əliyev qeyd edib ki, Çin vətəndaşlarının Azərbaycana vizasız gəlişi turizmin inkişafına, həmçinin xalqlar arasında dostluq əlaqələrinin dərinləşməsinə töhfə verəcək.
Müsahibədə iqlim dəyişikliyi ilə mübarizə və Azərbaycanın COP29-a ev sahibliyi etməsi məsələləri də diqqət mərkəzində olub. Prezident İlham Əliyev bu mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsinin ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.
Bir vətəndaş olaraq düşünürəm ki, Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi bu müsahibə Azərbaycanın Çin ilə əlaqələrə nə qədər böyük önəm verdiyini, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan bir tərəfdaşlıq modeli qurduğunu bir daha təsdiqlədi.
Hüseynova Məhsəti- Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi

Daha çox xəbərlər