Cəmiyyət 

“Deyirdilər, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir” – Tarixi məhkəmə

Bu gün, iyulun 14-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etidiriləcək.

Bu proses Azərbaycanın müstəqillik tarixində ən böyük ədalət tələbidir. İstintaqda 531 mindən çox Azərbaycan vətəndaşı zərərçəkmiş kimi tanınıb. İbtidai istintaq çərçivəsində 1389 ayrı-ayrı cinayət işi bir icraata birləşdirilib, 2548 epizod üzrə ittihamlar sübuta yetirilib. Bu faktlar Ermənistan ordusunun Qarabağda sistematik şəkildə insanlıq əleyhinə cinayətlər törətdiyini ortaya qoyub. Bakı Məhkəmə Kompleksində keçirilən prosesdə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər müttəhimlər kürsüsünə çıxarılıblar. Hazırda prosesdə zərərçəkənlər ifadə verir, şahidlər dindirilir, video və digər sübutlar tədqiq olunur. Ötən məhkəmə prosesində Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev 1987-ci ildən etibarən Xankəndi şəhərində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər başlandığını bildirib. O, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın bu proseslərdə fəal olduğunu vurğulayıb. Dərgah Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib. Həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar. Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən erməniəsilli hərbçilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb. “İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir”, – deyə zərərçəkmiş şəxs bildirib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Daha çox xəbərlər