Azərbaycanın iqlim dəyişmələrinə realist və qlobal yanaşması
Müasir dövrümüzdə iqlim dəyişiklikləri insanlıq üçün ən ciddi qlobal təhlükələrdən birinə çevrilib. Bu təhlükə təkcə ekoloji tarazlığın pozulması ilə deyil, həm də iqtisadiyyat, sosial rifah və beynəlxalq təhlükəsizliklə birbaşa bağlıdır. Azərbaycan bu qlobal çağırışlara cavab olaraq həm regional, həm də beynəlxalq müstəvidə təşəbbüskar mövqe sərgiləməkdədir. 2024-cü ilin sonunda Bakıda keçiriləcək COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Konfransı bunun əyani sübutudur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqlim gündəliyində yalnız şüarlar səsləndirmir, həm də konkret, ölçülə bilən addımlar atır. Dövlət başçısı III Şuşa Qlobal Media Forumunda və digər beynəlxalq platformalarda çıxış edərək Azərbaycanın yaşıl iqtisadiyyata keçiddəki hədəflərini, bərpa olunan enerji sahəsindəki uğurlarını və iqlim ədaləti mövzusundakı mövqeyini açıq şəkildə ortaya qoyub.İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, inkişaf etməkdə olan kiçik ölkələr, xüsusilə də ada dövlətləri, iqlim fəlakətləri qarşısında daha həssasdır və onların müdafiəsi üçün dünya birliyi real dəstək göstərməlidir. Bu məqsədlə Azərbaycan tərəfindən iqlim dəyişikliyindən əziyyət çəkən ən az inkişaf etmiş ölkələr üçün 10 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Bu, Azərbaycanın yalnız öz enerji siyasətinə yox, qlobal iqlim dayanışmasına da töhfə verməyə sadiq olduğunu göstərir.Digər tərəfdən, Prezident Əliyev dünya ictimaiyyətini reallıqlara da diqqət yetirməyə çağırır: “Biz faydalı qazıntıların əhəmiyyətini danmamalıyıq. Onlarsız yaxın gələcəkdə dünya iqtisadiyyatı dayanar, nəqliyyat, sənaye və texnologiya sahələri iflic olar. Biz yaşıl enerjiyə keçidi təşviq etməliyik, lakin bu keçid məntiqli, planlı və mərhələli olmalıdır.”
Ötən il 197 ölkənin iştirak etdiyi bu mötəbər konfransda 77 min nəfər qeydiyyatdan keçmiş iştirakçı, 200-dən çox ölkədən nümayəndə və 70 dövlət və hökumət başçısı iştirak etmişdi. Bu, dünya dövlətlərinin iqlim məsələlərinə yanaşmasının nə qədər ciddi olduğunu göstərir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ekologiyaya dərin hörmətlə yanaşır və enerji istehsalında yalnız su, təbii qaz və bərpa olunan mənbələrdən istifadə edir. Bu baxımdan, ölkəmiz həm enerji təhlükəsizliyini təmin edir, həm də ətraf mühitin mühafizəsinə töhfə verir.
Prezidentin III Şuşa Qlobal Media Forumundakı çıxışında bu məsələlərə ayrıca diqqət yetirilib. Dövlət başçısı bildirmişdir ki, Forum artıq ənənəyə çevrilib və açıq dialoqa imkan yaradan mühüm platformadır. Belə tədbirlərin Şuşada və bu il Xankəndidə – yenidən qurulmuş Konqres Mərkəzində keçirilməsi təkcə simvolik deyil, həm də strateji məna daşıyır. İşğaldan azad olunmuş ərazilərdə görülən bərpa və quruculuq işləri Azərbaycanın sabit, ekoloji dayanıqlı gələcəyinin təmin olunmasına yönəlib.
Bu reallıqlar fonunda Azərbaycan yaşıl gündəliyini gerçəkləşdirir. Artıq 2030-cu ilə qədər 6 giqavat gücündə Günəş, külək və su elektrik enerjisi istehsalı hədəflənib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası kimi inkişaf etdirilir. 30-dan çox su elektrik stansiyası istismara verilib və bu proses davam edir.Azərbaycan 2030-cu ilə qədər ən azı 6 giqavatlıq bərpa olunan enerji istehsalını reallaşdırmaq niyyətindədir. Bu, Günəş, külək və su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Qarabağ və Şərqi Zəngəzur artıq yaşıl enerji zonası elan edilib və burada 280 meqavat gücündə 30 su elektrik stansiyası istifadəyə verilib.
Prezident İlham Əliyevin sözlərinə görə, qlobal iqlim böhranına qarşı mübarizədə beynəlxalq ədalət prinsipləri qorunmalıdır. Ən çox çirkləndirici emissiyalara səbəb olan ölkələr bu məsuliyyətin daha çox hissəsini daşımalıdır. Azərbaycan isə həm daxili siyasətdə, həm də beynəlxalq platformalarda iqlim dəyişikliklərinə qarşı praqmatik və realist mövqe sərgiləyir.Azərbaycan yalnız COP29-a ev sahibliyi etməklə kifayətlənmir, eyni zamanda qlobal yaşıl transformasiya prosesinə töhfə verən aparıcı aktor kimi çıxış edir. Bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, gələcək nəsillərə daha sağlam və davamlı mühitin miras qalmasını təmin edir.
İlahə Hüseynova,
YAP Xətai rayon təşkilatının fəalı,165 nömrəli məktəbin müəlliməsi