Region Xəbərləri 

Dövlətin gücü, xalqın sevgisi ilə dirçələn Xankəndi Foto

İllərlə həsrətini çəkdiyimiz Xankəndi bu gün yenidən doğulur. Şəhərin hər küçəsində həyatın nəfəsi duyulur, tikinti səsləri bir daha bu torpağın azadlıq nəğməsinə qarışır. Dövlətimizin gücü, xalqımızın sevgisi və iradəsi Xankəndini sürətlə dirçəldir.

İşğal illərində qondarma rejimin inşa etdiyi qanunsuz binalar artıq tarixə qovuşur. Onların yerində isə Azərbaycan memarlığının müasir üslubu ilə ucaldılan yeni tikililər doğma şəhərimizə yaraşıq qatır. Bu gün Xankəndidə dövlət qurumları üçün inzibati binalar inşa olunur, təhsil və səhiyyə müəssisələri bərpa edilir, hər addımda abadlıq işlərinin şahidi olmaq mümkündür.

Şəhərin mərkəzində salınan Zəfər Parkı isə həm qürur, həm də əzəmət rəmzinə çevrilir. Bu park gələcək nəsillərə Azərbaycanın gücünü, xalqımızın sarsılmaz iradəsini xatırladacaq. Futbol meydançalarının təmir olunması, idman obyektlərinin bərpası isə gəncliyimiz üçün sağlam və xoşbəxt gələcəyin təməlidir.

Xankəndi artıq xarabalıqdan dirçələn bir şəhər deyil, millətin zəfər salnaməsinin canlı simvoluna çevrilir. Burada atılan hər bir kərpic, çəkilən hər bir yol, əkilən hər bir ağac xalqımızın gələcək xoşbəxtliyinə xidmət edir.

Bir sözlə, Xankəndi öz xoşbəxt günlərini yaşayır. Bu xoşbəxtlik isə təkcə bir şəhərin deyil, bütöv Azərbaycanın qələbəsinin təntənəsidir.

 

Müəllif: Şamxal Adıgözəlov

Daha çox xəbərlər